Ermənistan baş naziri Nikol Paşinyan Suren Papikyanı yenidən müdafiə naziri vəzifəsinə təyin etsə də, hökumət başçısının müdafiə sahəsindəki vəziyyətlə bağlı ciddi narazılığı var, hətta bu barədə onunla sərt söhbət edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan hökumətindəki mənbələrə istinadla “Hraparak” məlumat yayıb.
Nəşrin yazdığına görə, hakim komandada Papikyanın da parlamentin keçmiş sədri Alen Simonyanın taleyini yaşayacağı ilə bağlı söhbət olsa da, uyğun namizəd tapılmadığı üçün Paşinyan bu addımı atmayıb. Baş nazirin narazılığı ictimai müstəvidə səslənən tənqidlərlə bağlıdır.
“Son vaxtlar orduda qeyri-döyüş şəraitində baş verən ölüm hallarının artması geniş müzakirə olunduğundan, Paşinyan Papikyanı qınayaraq deyib ki, müharibə olmadığı üçün o, əsas diqqətini hərbçilərin mənəvi-psixoloji vəziyyətinə yönəltməlidir. Məlumata görə, ordunun qarşısında döyüş tapşırıqları olmasa da, daxili nizam-intizam məsələləri nəzarətsiz qalıb, hərbi postlardakı vəziyyət də qənaətbəxş deyil.
Ermənistan Müdafiə Nazirliyi ölüm halları ilə bağlı real statistik məlumatları təqdim etmir, bəzi faktları gizlədir və ya saxtalaşdırır. Baş verən bədbəxt hadisələrin əksəriyyəti barədə ictimaiyyətə məlumat verilmir, yalnız media tərəfindən üzə çıxarılan hallar açıqlanır. Həmin halların bir hissəsi ilə bağlı isə onların guya hərbi xidmətlə əlaqəli olmayan ölüm hadisələri olduğu bildirilir”, - nəşr əlavə edib.