Sahib Alıyev: Revanşistlər yerində qalsa, Paşinyanın sülh planı parlamentdə çökə bilər
Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələri Nikol Paşinyanın hakimiyyətini qoruduğunu göstərdi. Seçkilərdən dərhal sonra Paşinyanın Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması, regional əməkdaşlıq və sülh müqaviləsinin imzalanması ilə bağlı verdiyi mesajlar, xüsusən “sülh müqaviləsini imzalamalıyıq” bəyanatı İrəvanın bundan sonrakı siyasi kursu ilə bağlı müxtəlif suallar yaradıb.
Qeyd edək ki, hakim “Mülki Müqavilə” Partiyası parlamentdə təkbaşına hökumət qurmaq imkanı əldə etsə də, konstitusiya dəyişiklikləri üçün tələb olunan çoxluğa sahib ola bilmədi. Bu isə Paşinyanın həm daxili siyasətdə, həm də regionla bağlı strateji qərarlarda müəyyən məhdudiyyətlərlə üzləşəcəyini göstərir.
Sherg.az xəbər verir ki, Milli Məclisin deputatı Sahib Alıyev Ermənistan parlament seçkilərinin nəticələrinin Nikol Paşinyana hakimiyyəti qorumaq imkanı verdiyini, lakin bunun Azərbaycanla sülh prosesinin avtomatik şəkildə irəliləyəcəyi anlamına gəlmədiyini bildirib.
Deputatın sözlərinə görə, mövcud seçki qanunvericiliyinə əsasən, yerlərinin sayı bu dəfə 101-dən 105-ə qaldırılan Ermənistan parlamentində hakim “Mülki Müqavilə” Partiyası 64 mandat əldə edib. Bu nəticə Paşinyana təkbaşına hökumət formalaşdırmaq və parlamentdə sabit çoxluğu təmin etmək imkanı yaradır: “Lakin əsas məsələ Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi ilə bağlıdır. Ermənistan Konstitusiyasının 202-ci maddəsinə əsasən, konstitusiya dəyişikliyi ilə bağlı referenduma gedilməsi üçün parlamentdə azı üçdə iki səs çoxluğu, indiki halda 70 mandat tələb edilir ki, bu da yoxdur və olmayacaq! Düzdür, belə olduqda "alternativ yol"a da əl atıla, yəni məsələ xalqın öz öhdəsinə buraxıla bilər. Bunun üçünsə referendum keçirilməsi tələbi ilə öncə 50 min imza toplanmalıdır. Parlamentdəki revanşist ünsürlər mövqelərində qalsalar, onda bu dəfə referendumun lehinə 300 min səs toplanması tələb olunur ki, belə olduqda təsdiq üçün artıq parlamentdə mütləq çoxluğa ehtiyac duyulmur. Referendum keçiriləcəyi, konstitusiyaya dəyişiklik ediləcəyi və Azərbaycanla sülh müqaviləsi imzalanacağı təqdirdə belə, eyni səbəbdən onun parlamentdə təsdiqlənməsi problemi də var. Orasını da qeyd edim ki, "Müstəqil Dövlət İnstitutları" adlandırılan qurumlara rəhbər və üzvlərin seçilməsi də indiki halda elə də asan görünmür. Söhbət Baş Prokuror, Ombudsman, Mərkəzi Seçki Komissiyasının tərkibi və Konstitusiya Məhkəməsinin hakimlərinin parlamentdə təsdiqlənmələrindən gedir. Bunun üçün gərəkən beşdə üç səs çoxluğu, yəni 63 mandat Paşinyanın partiyasında var, ancaq o partiyanın üzvlərindən cəmi 2 nəfər elektoratın bir hissəsi kimi satın alındığı, yaxud da hansısa səbəbdən Paşinyana tabe olmaq istəmədiyi halda burada da problemlər yaranır”.
Sahib Alıyev hesab edir ki, Ermənistanda formalaşan yeni siyasi vəziyyət yaxın perspektivdə növbədənkənar parlament seçkiləri ehtimalını da gündəmə gətirə bilər. Deputatın fikrincə, Paşinyanın konstitusiya çoxluğu əldə edə bilməməsi gələcək siyasi prosesləri mürəkkəbləşdirəcək: “Təcrübə göstərir ki, Paşinyan ancaq növbədənkənar seçkilərdə öz məqsədinə çata bilir. Növbədənkənar seçkiyə bir halda ehtiyac duyulmaya bilər, o da Paşinyanın yarımçıqlığa son qoyub-qoymayacağı, Köçəryan, Karapetyan və müxtəlif cinayətlərdə günahlandırılan digər revanşist ünsürlər haqda xalqına verdiyi vədi yerinə yetirib-yetirməyəcəyi ilə bağlıdır. Ermənistan daxilində revanşist dairələrlə bağlı məsələnin həll olunmaması həm ölkədaxili siyasi sabitliyə, həm də regionda sülh prosesinin gələcəyinə birbaşa təsir göstərə bilər”.