Ermənistan ya Qərbə keçəcək, ya da Rusiyanın orbitində boğulacaq
Bu gün Ermənistanda 9-cu çağırış parlament seçkiləri keçirilir.
Ölkə üzrə bütün seçki məntəqələri açıqdır və səsvermə davam edir.Seçki məntəqələri yerli vaxtla saat 20:00-dək işləyəcək. İlk nəticələr bazar ertəsinə keçən gecə açıqlanacaq.
Qeyd edək ki, Ermənistan parlamenti proporsional təmsilçilik, yəni, yalnız partiya siyahıları ilə seçilir. Ermənistan parlamentinin 9-cu çağırışında yerlər uğrunda 18 siyasi qüvvə mübarizə aparır: 16 partiya və 2 blok. Partiyaların parlamentə keçmək üçün həddi 4 faiz, bloklar üçün isə 8 faiz olaraq müəyyən edilib.
Sherg.az xəbər verir ki, siyasi ekspert Elçin Alıoğlu bildirib ki, Ermənistanda Milli Assambleyanın yeni tərkibini seçilsə də, faktiki olaraq səsvermə seçki çərçivəsindən çıxıb. Onun fikrincə proses Ermənistanın hansı istiqamətə, Avropaya, yoxsa yenidən Rusiyaya doğru gedəcəyi ilə bağlı referendumdur:
" Nikol Paşinyan 2018-ci ildə “məxməri inqilab” dalğasında hakimiyyətə gəlib. Daha sonra 2020-ci ildə Qarabağda ağır məğlubiyyət, ardınca 2023-cü il hadisələri yaşanıb.
Elə görünürdü ki, Paşinyanın siyasi karyerası başa çatıb. Amma o, yeni narrativ formalaşdırdı ki, Qarabağ məhz Ermənistanın uzun illər Rusiyadan və onun işə yaramayan “müdafiəsindən” həddindən artıq asılı qalması səbəbindən itirilib.
Bundan sonra kurs dəyişdi və Qərbə dönüş başladı. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxışla bağlı bəyanat verildi, Avrasiya İqtisadi İttifaqında üzvlük donduruldu, avrointeqrasiya üçün addımlar atıldı. Eyni zamanda, Azərbaycan və Türkiyə ilə normallaşma prosesinə start verildi, Avropa liderlərinin İrəvana səfərləri isə bu yeni siyasi kursun göstəricilərindən biri olub".
Ekspert qeyd edib ki, Ermənistanda müxalif qüvvələr ayrı-ayrı siyasi bloklar və liderlər ətrafında toplansalar da, onların əksəriyyətini Rusiyaya yaxın mövqe və Moskva ilə siyasi əlaqələr birləşdirir: " Müxalifətin əsas simaları arasında rusiyalı biznes dairələri, Rusiya hakimiyyəti və ya Kremlin təsir dairəsi ilə əlaqələndirilən şəxslər yer alır. Bu səbəbdən Ermənistanın daxili siyasi mübarizəsində əsas xəttlərdən biri Qərbyönlü kursu davam etdirmək istəyən hakimiyyətlə Rusiyaya daha yaxın siyasət tərəfdarı olan müxalifət arasında rəqabət kimi təqdim olunur.
Rusiyalı milyarder, “Taşir” qrupunun sahibi olan Samvel Karapetyan yaxın vaxtlara qədər Moskvada yaşayıb, Rusiya və Kipr vətəndaşlığı olub. The Insider-in məlumatına görə, onun FTX ilə əlaqələri var.
Baş nazirliyə formal olaraq onun qardaşı oğlu Narek namizəddir. Samvel Karapetyanın özü Konstitusiyaya görə bu prosesə uyğun gəlmir, çünki son 4 ildə ikili vətəndaşlıq qadağası var.
Keçmiş prezident, “Putinin şəxsi dostu” kimi tanınan Robert Köçəryanın isə antireytinqi yüksəkdir.
Qagik Tsarukyan isə adamıdır, onun partiyası hələ 2019-cu ildə “Vahid Rusiya” ilə əməkdaşlıq sazişi imzalayıb.
Arman Tatoyan Keçmiş ombudsmandır. “Dosye”-nin məlumatına görə, onun seçki kampaniyasına Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Kiriyenko ilə əlaqəli strukturlar nəzarət edib.
Paşinyan onların hamısını “üçbaşlı müharibə partiyası” adlandırır. Bununla onların Qarabağ məsələsini yenidən gündəmə gətirməyə və Ermənistanı Azərbaycanla münaqişəyə qaytarmağa hazır olduqlarına eyham vurur".
E. Alıoğlunun fikrincə, Kreml seçki kampaniyasına açıq şəkildə müdaxilə edib. Rusiya rəsmiləri İrəvanı Avropa İttifaqı ilə yaxınlaşmanın nəticələri ilə birbaşa hədələyiblər: "Paralel olaraq Rusiya Ermənistan kənd təsərrüfatı məhsullarının idxalına qadağalar tətbiq edib. Paşinyan isə cavab olaraq zərər çəkən ixracatçılara subsidiyalar elan edib.
Seçkilərdən sonra əsas sual sadəcə “kim qalib gələcək” deyil. Əsas məsələ Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasının parlamentdə yerlərin üçdə ikisini qazanıb-qazanmayacağıdır.
Bu olmadan o, Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün şərt kimi irəli sürdüyü Konstitusiya dəyişikliklərini referenduma çıxara bilməyəcək.
Rusiya ilə münasibətlər isə, görünür, bugünkü seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq, artıq əvvəlki formata qayıtmayacaq".