Paşinyan yaxasında Ermənistan xəritəsi ilə sülh mesajı verir - ŞƏRH

Baş nazirin yeni siyasi xətti regionda münasibətləri dəyişəcək

Ermənistan Konstitusiyasından ərazi iddiaları çıxarıla bilər

Ermənistan rəhbərliyi 2020-ci ildən sonra formalaşan yeni siyasi reallıqlar fonunda ölkənin gələcək inkişaf modeli və təhlükəsizlik məsələləri ilə bağlı mövqeyini yenidən müəyyənləşdirməyə çalışır. Bu kontekstdə Ermənistanın baş naziri Nikol Paşinyan son çıxışında 44 günlük müharibədən sonra hökumətin əsasən izahedici və aydınlaşdırıcı mövqedə olduğunu bildirib.

Onun sözlərinə görə, həmin dövrdə baş verən proseslərin mahiyyətini cəmiyyətə çatdırmaq və yaranmış yeni reallıqları izah etmək zəruri idi. Paşinyan vurğulayıb ki, hazırda qarşıda duran əsas vəzifə formalaşdırdıqları Ermənistan Respublikasını qorumaq və onun gələcək inkişafını təmin etməkdir.

Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə “Sherg.az”a açıqlamasında bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamaları Ermənistanın regionda yeni siyasi xətt formalaşdırmağa çalışdığını göstərir. Politoloqun sözlərinə görə, Ermənistan baş naziri bir müddətdir yaxasında Ermənistanın hazırkı xəritəsini “asaraq” gəzir və bunu sülhün simvolu kimi təqdim edir. Bu addım rəsmi İrəvanın Azərbaycana qarşı ərazi iddialarının olmadığını göstərmək üçün verilən siyasi mesaj kimi qiymətləndirilə bilər.

Politoloqun fikrincə, Paşinyanın bu davranışı Ermənistanın əvvəlki ekspansionist yanaşmasından uzaqlaşdığını nümayiş etdirməyə yönəlib. O, beynəlxalq ictimaiyyətə və region ölkələrinə göstərmək istəyir ki, Ermənistan artıq Qarabağ məsələsi üzərindən yeni qarşıdurmaya getmək niyyətində deyil və mövcud sərhədlər çərçivəsində dövlət quruculuğuna fokuslanmağa çalışır:

“Paşinyan bir neçə dəfə Ermənistan Konstitusiyasında dəyişiklik ediləcəyini və preambulada Azərbaycana qarşı ərazi iddiaları ilə əlaqələndirilən müddəaların çıxarıla biləcəyini açıqlayıb. Xüsusilə də yeni Konstitusiyanın Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad etməyəcəyinin vurğulanması regionda sülh prosesinə təsir edə biləcək mühüm siyasi siqnal kimi qiymətləndirilə bilər. Paşinyanın bu addımları Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımların tərkib hissəsidir”.

Bununla belə, M. Əsədullazadən hesab edir ki, Paşinyanın bəyanatları praktiki addımlarla müşayiət olunmadığı təqdirdə tam etibarlı hesab oluna bilməz. Ermənistanın yeni Konstitusiyada dəyişiklik etməsi, ərazi iddialarını hüquqi sənədlərdən çıxarması və regionda kommunikasiya layihələrinə real dəstək verməsi sülh prosesinin davamlı olmasının əsas şərtlərindən biridir.