Paşinyan yetərli səs toplamasa, hökümətlə müxalifət arasında gərginlik yaşanacaq - ŞƏRH

Seçkilərin nəticələri açıqlandıqdan sonra, müxalif qüvvələrin də mövqeyi ortaya qoyulacaq

Bu gün Ermənistanda parlament seçkilərinə səsvermə prosesi başlayıb. Baş nazir Nikol Paşinyanın qarşısında sabiq prezident Robert Köçəryan, rusiyalı milyarder Samvel Karapetyan və biznesmen Qaqik Sarukyan dayanır. Müxalif liderlərin üçü də səsvermədə iştirak edib.

Köçaryan bu gün də təhdidkar açıqlamlarından geri qalmayıb. O, bildirib ki, əgər Paşinyan seçkilərdə uduzub, yenə də istefa verməkdən imtina edərsə, işlərin sonu çox pis bitəcək. Paşinyan isə öz nöbəsində, rəqibləri ilə mübarizə əzmini davam etdirir. Baş nazir Samvelin “Güclü Ermənistan” partiyasının qeydiyyatının ləğvi barədə “Respublika” Partiyasının sədri Aram Sarkisyanı Mərkəzi Seçki Komitəsinə müraciət etməyə çağırıb. Lakin A. Sarkisyanın müraciəti rədd edilib. Qeyd edək ki, Ermənistanda səsvermə prosesi saat 20:00-dək davam edəcək.

Mövzu ilə bağlı ermənişünas-alim Qafar Çaxmaqlı Sherg.az-a bildirib ki, Paşinyan məğlub olduğu halda, Baş nazir postunu tərk etməkdən imtina edə bilməz: 

"Nikol, dəfələrlə xalqın istəyi olmayacağı təqdirdə hakimiyyətdən çəkilməyə hazır olduğunu açıqlayıb. Köçaryan ermənilərin müxalif qüvvələrə səs verəcəyinə arxayındır. Məhz buna görə Paşinyanın hakimiyyəti qanunsuz yollarla əldə saxlaması halında, xalqı meydanlara tökəcəyini istisna etmir. Bu isə o deməkdir ki, Rusiyanın göndərdiyi Karapetyan, Sarukyan və Köçaryan emissarları məğlub olsalar da ölkəni vətəndaş qarşıdurmasına çevirəcəklər”.  

Professorun sözlərinə görə, seçkilərin nəticələri açıqlandıqdan sonra, müxalif qüvvələrin də mövqeyi ortaya qoyulacaq:

“3 müxalif nümayəndənin birləşib, koalisiya höküməti yaratmaq şansı aşağıdır. Çünki Sarukyan və Karapetyan, Köçaryanın hakimiyyətə geri dönüşünü istəmədikləri üçün onunla eyni koalisiyada toplanmağa razı olmayacaqlar. Əgər Paşinyan yetərli səs toplamasa, hökümətlə müxalif qüvvələr arasında gərginlik yaşanacaq. Bununla da ölkədə yeni səsvermə mərhələsi təşkil oluna bilər. Bu halda Paşinyan daha üstün mövqedə dayanacaq. Anket sorğularına əsasən, Nikolun 40 faizdən yuxarı səs toplama ehtimalı var”. 

Q.Çaxmaqlı MSK-nın Aram Sarkisyanın müraciətini rədd etməsinin əsas səbəblərini şərh edib:

“S.Karapetyan rüşvət qarşılığında xalqın səsini toplamaqda ittiham olunur. Hətta 100-yə yaxın belə hadisə yaşanıb. Lakin bunlar məhkəmədə təsdiqini tapmadığı üçün MSK tərəfindən qəbul edilmədi. “Respublika” partiyasının sədri gecikmişdi. Əgər məsələ seçkilərə bir həftə qalmış məhkəməyə çıxarılsaydı, Karapetyan səsverməyədək yenidən həbs olunacaqdı”. 

Professorun fikrincə, “Güclü Ermənistan” partiyasının qeydiyyatının ləğvi, Paşinyanın xeyrinə işləməyəcəkdi:

“Samvelin meydandan çəkilməsi ilə bütün səslər yalnız R.Köçaryana yönələ bilərdi. Bu proses Samvelin seçkidən uzaqlaşdırılması məqsədi daşımırdı. Əsas hədəf sadəcə seçicilərin diqqətini rüşvət məsələsinə yönəltmək idi. Əgər Paşinyanın belə bir niyyəti olsaydı, iş başına daha öcədən keçərdi”.