Paşinyanın açıqlamaları yeni bir müharibə hazırlığını göstərmir - Tuna Tanman

Ermənistandakı hökumətin və ictimaiyyətin normallaşma prosesini dəstəklədiyi də unudulmamalıdır

“Günümüzün geosiyasi balansı və böyük dövlətlərin bölgədə apardığı güc siyasətinin mövcud istiqaməti, Azərbaycan ilə Ermənistan arasında gərginliyin yenidən yüksəlməsinə asanlıqla imkan verməyəcək”

Beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər Cənubi Qafqaz regionunda da yeni siyasi və təhlükəsizlik reallıqları formalaşdırıb. Bölgədə güc balansının dəyişməsi, böyük dövlətlərin prioritetlərinin yenilənməsi və regional aktorların yeni tərəfdaşlıqlara yönəlməsi əvvəlki təhlükəsizlik yanaşmalarını zəiflədib. Bu şəraitdə dövlətlər həm mövcud risklərə uyğunlaşmağa, həm də gələcək ehtimallara qarşı yeni strateji istiqamətlər müəyyən etməyə çalışırlar.

Xüsusilə regionda baş verən son proseslər Ermənistanın xarici siyasətində və təhlükəsizlik yanaşmasında mühüm dəyişikliklərin ortaya çıxmasına səbəb olub.

Hadisələrin fonunda Ermənistan baş nazirinin də açıqlamaları diqqət çəkir. Belə ki, Paşinyan deyib ki, mayın 28-nə planlaşdırılan hərbi parad zamanı Fransa Prezidenti Emmanuel Makronun Ermənistana göstərdiyi dəstəyi hər kəs görəcək. 

Xarici siyasət və Cənubi Qafqaz üzrə tədqiqatçı Tuna Tanman Sherg.az-a bildirib ki, Ermənistan, 2020-ci il Qarabağ müharibəsi və 2023-cü ildə Azərbaycanın Qarabağı yenidən nəzarət altına alması ilə birlikdə, Rusiyaya söykənmək üzərində qurduğu təhlükəsizlik siyasətini dəyişmək məcburiyyətində qaldı: 

"Bu vəziyyətin yeganə səbəbi Rusiyanın bölgəyə baxışındakı dəyişiklik deyildi. Eyni zamanda Ukrayna müharibəsi səbəbilə Moskva başqa sahələrə fokuslana biləcək imkan və intensivliyini də itirdi.

Bu mənzərə Ermənistanı yeni təhlükəsizlik axtarışlarına yönəltdi və Fransa ilə yaxınlaşma cəhdlərini sürətləndirdi. Daha əvvəl iki ölkə arasındakı münasibətlər böyük ölçüdə simpatiya və diaspora bağları üzərindən formalaşırdı. Lakin bölgədəki inkişaflar, Fransanın dominant olduğu təsir sahələrində güc itirməyə başlaması, yeni təsir dairələri axtarması, münasibətləri təhlükəsizlik və strateji tərəfdaşlıq müstəvisinə daşıdı.

Paşinyanın “Fransanın Ermənistana dəstəyini 28 mayda keçirilməsi planlaşdırılan hərbi keçiddə görəcəksiniz” şəklindəki açıqlaması da yeni formalaşdırılan təhlükəsizlik oxunun nəticələri ilə bağlıdır. Bu açıqlamalar Fransanın Ermənistan ordusunu modernləşdirmək məqsədilə müdafiə sənayesi əməkdaşlığına getdiyini və ya gedəcəyini göstərir".

Analitik qeyd edib ki, bu vəziyyət ilk baxışda Ermənistanın ordusunu modernləşdirmə cəhdlərinin Azərbaycan ilə yeni bir təhlükəsizlik dilemması yaradıb-yaratmayacağı sualını gündəmə gətirir: 

"İki ölkə arasında keçmişdə təhlükəsizlik dilemması mütəmadi şəkildə yaşanıb. Lakin günümüzün geosiyasi balansı və böyük dövlətlərin bölgədə apardığı güc siyasətinin mövcud istiqaməti, Azərbaycan ilə Ermənistan arasında gərginliyin yenidən yüksəlməsinə asanlıqla imkan verməyəcək.

Bundan əlavə, Ermənistandakı hökumətin və ictimaiyyətin normallaşma prosesini dəstəklədiyi də unudulmamalıdır. Bu səbəbdən Paşinyanın açıqlamaları yeni bir müharibəyə hazırlıq görüldüyünü göstərmir.

Sözügedən hazırlıq yalnız geosiyasi balansların və böyük dövlətlərin gündəminin dəyişməsi ehtimalına qarşı həyata keçirilir. Ermənistanın mövcud siyasi və ictimai quruluşu nəzərə alındıqda, bu ehtimal aşağı görünür".