"Pat" vəziyyət: Nə Rusiya öz məqsədinə tam çata bilir, nə də Ukrayna

“Tərəfləri masa arxasına gətirmək üçün Avropa İttifaqı tərəfindən cəhdlər göstərilir”
  "Rusiya Prezidenti Vladimir Putin və onun elitası reallıqla əlaqəsini itirib". Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. O bildirib ki, Putin və elitası Rusiyanın genişmiqyaslı təcavüzünə səbəb olan çoxlu sayda insanın ölümünü görməməyi üstün tuturlar, həyatın qiymətini anlamırlar: "Ona görə də Putinlə heç bir kompromis ola bilməz. Dünya da onun təcridini genişləndirməklə, Rusiyaya təzyiq göstərməlidir. Canavarı əhliləşdirmək istəyirsiniz? Mənə elə gəlir ki, çox az adam buna nail olub. Onunla başa düşdüyü dildə danışmaq lazımdır. O isə gücdən anlayır”. Nüfuzlu “Vaşinqton Post” nəşri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnsün Ukraynaya qeyri-rəsmi və gizli səfəri barədə yazıb. Nəşr bildirib ki, Börns Ukrayna lideri Zelenski və kəşfiyyatın rəhbərliyi ilə görüşüb. Səfərin məqsədi Co Bayden administrasiyasının Ukraynaya özünü müdafiə etmək üçün kəşfiyyat məlumatlarının mübadiləsinə sadiqliyini bir daha təsdiqləmək olub. Bildirililib ki, Ukrayna rəhbərliyi Börnslə şəxsi söhbətlərdə payıza qədər əhəmiyyətli əraziləri qaytaracaqlarına əminliklərini ifadə ediblər: "Ukraynanın planı isə belədir: artilleriya və raket sistemlərini Krımla sərhəd xəttinə keçirmək, Şərqi Ukraynanı qaytarmaq, daha sonra isə Moskva ilə danışıqlara başlamaq". Nəşrin mənbəsinin sözlərinə görə, Kiyev Krımı güc yolu ilə almaq planlarından imtina edə və bunun müqabilində Moskvadan Qərbin Ukraynaya verməyə hazır olduğu istənilən təhlükəsizlik zəmanətini qəbul etməyi tələb edə bilər. 
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib ki, Moskvanın maraqları nəzərə alınmaqla, indiki qarşıdurmadan çıxmaq üçün Rusiya ilə Qərb arasında ağlabatan kompromislər mümkündür: "Həqiqətən də, biz, Rusiya prezidentinin dəfələrlə dediyi kimi, ağlabatan kompromislər axtarmağa hazırıq. Kompromislər mümkündür, lakin bir neçə fundamental məqamı dərk etməklə...". Medvedyev ilk belə prinsipial məqam kimi Moskvanın maraqlarını “maksimum dərəcədə” nəzərə almağa çağırıb: "Prinsipcə, daha antirusiya olmamalıdır, əks halda hər şey gec-tez çox pis bitəcək. Kiyev nasist rejimi məhv edilməlidir". Almaniya kansleri Olaf Şolts isə deyib ki, Berlin Ukraynanın Rusiyaya zərbə endirmək üçün Qərbin verdiyi uzaqmənzilli silahlardan istifadə etməsini istəmir: "Biz aldığımız bütün müraciətləri diqqətlə yoxlayırıq. Amma bizim üçün Amerika Prezidenti ilə bölüşdüyüm bir prinsip var - biz təchiz etdiyimiz silahların Rusiya ərazilərinə daxil olmaq üçün istifadə olunmasını istəmirik".
 Politoloq İlqar Vəlizadə "Sherg.az"a açıqlamasında bildirib ki, Ukraynanın bir müddətdir başlatdığı əks-hücum əməliyyatlarının nəticəsi danışıqlarda müəyyən rol oynaya bilər. Ekspert diqqətə çatdırıb ki, Avropa İttifaqının rəsmisi Cozef Borrel də Rusiya ilə qapalı görüşlərdən danışıb: 
"Görünən odur ki, tərəfləri masa arxasına gətirmək üçün Avropa İttifaqı tərəfindən cəhdlər göstərilir. Situasiya göstərir ki, artıq pat vəziyyət yaranıb. Nə Rusiya öz məqsədinə tam çata bilir, nə də Ukrayna. Ona görə də hesab edilir ki, ortaq məxrəcə gəlinməsi qaçılmazdır. Digər tərəfdən, Avropa İttifaqının özü kifayət qədər mürəkkəb durumdadır. Fransada etirazlar, iğtişaşlar baş alıb gedir. Rəsmi Paris indiki vəziyyətdə hansısa ölkəyə yardım edəcək durumda deyil. Almaniyanın özündə iqtisadi tənəzzül yaşanır. Enerji və iqtisad böhranı Avropa ölkələrini ciddi sarsıdıb. Qitə dövlətlərinin əsas xammal təchizatçısı Rusiya idi. Yəni Ukrayna-Rusiya savaşı Avropa ölkələrinə əhəmiyyətli təsir göstərib və göstərməkdə davam edir. Belə vəziyyətdə Kiyevə maliyyə dəstəyini, hərbi yardımı fasiləsiz həyata keçirmək asan deyil. Ukrayna müharibə aparan ölkə olduğu üçün zərəri gündən-günə çoxalır. Nəticədə Kiyevin maliyyə və silah dəstəyi ilə bağlı tələbi də artır. O baxımdan ABŞ-dən fərqli olaraq Avropa ölkələri danışıqların başlanmasını zəruri hesab edir. Şərtlərə gəldikdə isə Avropa İttifaqının məsələyə maraqlı yanaşması var. Qərbə görə, qərar bütün hallarda Ukraynaya aid olmalıdır, hətta son nəticədə Kiyev öz maraqlarına tam nail olmasa belə..".