Peskov Ukraynanın sülh prosesinə meyilli olmadığını bildirib

Kiyev sülh prosesinin tərəfdarı deyil.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya diplomatik danışıqlar yolu ilə məqsədlərinə çatmağa açıqdır: “Moskva sülh yolu ilə həllə açıqdır, lakin Kiyevin istəksizliyi səbəbindən bu mümkün olmadığı üçün Rusiya xüsusi hərbi əməliyyatını davam etdirir”.

Peskov ABŞ-ın Ukraynaya Rusiya infrastrukturuna hücumları dayandırmaq üçün təzyiq göstərməyə hazır olub-olmadığı ilə bağlı sualı isə Ağ Evə ünvanlamağı tövsiyə edib.

Kreml rəsmisi Ukraynanı “Zaporojye AES-ə qarşı terror fəaliyyətini artırmaqda” ittiham edib. O deyib ki, bu, olduqca təhlükəlidir və qəbuledilməzdir: “Kiyev həm Zaporojye AES-in infrastrukturuna, həm də ətrafındakı mülki obyektlərə zərbələr endirir. Rusiya Zaporojye AES ətrafındakı vəziyyətlə bağlı AEBA ilə daim əlaqə saxlayır”.

Peskov Rusiya ilə ABŞ arasında dialoq üzrə təmasların davam etdiyini və Prezident Vladimir Putinin bu gün Təhlükəsizlik Şurasının operativ müşavirəsini keçirəcəyini qeyd edib.