İran Prezidenti də siyasi oyunun bir hissəsinə çevrilib
"Pezeşkian artıq seçicilərinə açıq və tam doğruları danışmır. Ən azı hazırkı vəziyyətdə sübut təqdim etmədən danışması belə bir təsəvvür yaradır”
İran daxilində siyasi və iqtisadi gərginliyin artdığı bir dövrdə Prezident Pezeşkianın səsləndirdiyi bəzi açıqlamalar ciddi diqqət çəkir. Xüsusilə onun Müctəba Xamenei ilə bağlı verdiyi son mesajlar həm İran cəmiyyətində, həm də regionu izləyən siyasi dairələrdə müxtəlif suallar doğurub. Çünki uzun müddətdir Müctəba Xameneinin vəziyyəti, hakimiyyət daxilindəki real rolu və ümumiyyətlə ictimaiyyət qarşısına çıxmaması ətrafında çoxsaylı iddialar və şayiələr dolaşır.
Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, iranlı siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Sherg.az-a bildirib ki, fars mediasında deyilənlərə görə, Məsud Pezeşkian bazar işçiləri ilə təsadüfi görüşündə, yəni öncədən planlaşdırılmamış bir söhbətdə, Müctəba Xamenei ilə görüşü haqqında müəyyən məlumatlar verib: 
"Peşezşkian söyləyib ki, heç bir vasitəçi olmadan 2 saat yarım Müctəba Xamenei ilə söhbətləşib. Həmçinin qeyd edib ki, görüş çox səmimi və mütəvazı atmosferdə keçib. Bundan artıq isə hər hansı əlavə bilgi verməyib. Ona görə də bu açıqlamanın özü müəyyən mənada şübhəli görünür. Son aylarda belə məlumatlar yayılmışdı ki, ümumiyyətlə, Müctəba Xamenei həyatda deyil. Hətta onun həyatda olmadığı halda dini rəhbər kimi təqdim edildiyi iddia olunurdu. Onun görüntüsü və ya səsi ilə bağlı hər hansı bir məlumatın ortaya qoyulmaması da müxtəlif cür yozulurdu. Bu məsələlərə dair müxtəlif iddialar səsləndirilirdi. O cümlədən deyilirdi ki, Sipahi-Pasdaran daxilində bəzi şəxslər Müctəba Xameneinin öldüyünü gizlədir və onun adından bəyanatlar yayırlar. Hətta hakimiyyətdaxili siyasi güc savaşlarında da belə fikirlər səslənirdi ki, müəyyən qruplar Müctəba Xameneini aradan götürüblər və ya onun öldüyü barədə məlumatı gizlədirlər. Təbii ki, qarşı tərəf də buna müxtəlif arqumentlər gətirirdi. Əsas arqument isə onun təhlükəsizliyinin xüsusi önəm daşıması idi. Bildirilirdi ki, guya Amerika və ya İsrail kimi qüvvələr onu hədəfə ala bilər. Buna görə də onun görüntüsünün yayılması təhlükəsizlik baxımından risk hesab olunur".
Analitikin sözlərinə görə Məsud Pezeşkianın belə bir açıqlama verməsi göstərir ki, hakimiyyət Müctəba Xamenei ilə bağlı yayılan bütün şayiələri və iddiaları aradan qaldırmağa çalışır:
"Ümumiyyətlə, İran hakimiyyətinin səsləndirdiyi fikirlər və açıqlamalar bir çox insanlar üçün inandırıcı görünmür. Təkcə vətəndaşlar deyil, dünyanın müxtəlif dövlətləri də onların açıqlamalarına şübhə ilə yanaşırlar. Çünki hakimiyyətin tez-tez yalan danışdığı düşünülür.
Amma Məsud Pezeşkian haqqında daxildə müəyyən bir imic formalaşıb. Belə hesab olunur ki, o, ən azı indiyə qədər yalan danışan siyasətçi kimi tanınmayıb və yalanı sevməyən biri kimi təqdim olunub.
Bu baxımdan, onun adından belə bir görüşün keçirildiyinin açıqlanması xüsusi diqqət çəkir. Üstəlik, bunun guya təsadüfi bir görüşdə, iş adamları ilə söhbət zamanı dilə gətirilməsi ayrıca mesaj kimi görünür. Yəni “mən onunla vasitəsiz şəkildə 2 saat yarım danışdım, çox səmimi atmosfer oldu” kimi ifadələrlə cəmiyyətə müəyyən mesaj verilməyə çalışılır.
Bununla hakimiyyət insanları inandırmaq istəyir ki, Müctəba Xamenei ilə bağlı yayılan məlumatlar saxtadır və bütün deyilənlər şayiədir. Həmçinin göstərmək istəyirlər ki, onun hakimiyyətin idarə olunmasında rolunun olmadığı barədə deyilənlər də doğru deyil. Bu şəkildə öz iddialarını arqumentləşdirməyə çalışırlar. Yəni guya Müctəba Xamenei həyatda və sağlamdır, proseslərə nəzarət edir və hakimiyyət mexanizmi əvvəlki kimi fəaliyyət göstərir".
Siyasi şərhçi qeyd edib ki, bu mesaj eyni zamanda həm vətəndaşlara, həm də hakimiyyət daxilində siyasi mübarizə aparan qruplara yönəlmiş görünür:
"Məqsəd budur ki, hər kəs başa düşsün: sistem vahid mexanizm əsasında idarə olunur və bütün proseslərə Müctəba Xamenei nəzarət edir.
Məhz buna görə də Məsud Pezeşkianın belə qısa, amma həssas məqamda verdiyi açıqlama diqqət çəkir. Görünür ki, bu açıqlama əvvəlcədən düşünülmüş şəkildə onun üzərindən cəmiyyətə çatdırılıb. Ancaq bunun nə qədər doğru olduğu yenə də şübhəlidir. Çünki görüşdən hər hansı foto, video və ya başqa sübut paylaşılmayıb. Bu isə şübhələri aradan qaldırmır.
Belə vəziyyətdə artıq Məsud Pezeşkianın nə dərəcədə doğru danışdığı da sual altına düşür. Çünki fars şiə siyasi düşüncəsində “məsləhət üçün yalan danışmaq olar” kimi yanaşmaların mövcud olduğu da tez-tez qeyd edilir.
Bu baxımdan mümkündür ki, o da belə “məsləhətli yalan”lardan birini danışmış olsun.
İranda rialın dəyəri sürətlə aşağı düşür. İqtisadi və sosial vəziyyət olduqca ağırlaşır. Yaxın aylarda daha ciddi böhranlardan danışmaq mümkündür. Bu böhranlar elə səviyyəyə çata bilər ki, yenidən kütləvi ictimai etirazlar baş qaldırsın. Bu səbəbdən hakimiyyət cəmiyyəti nəzarətdə saxlamaq üçün müxtəlif üsullardan və siyasi manipulyasiyalardan istifadə edə bilər".
Müsahibimiz Məsud Pezeşkianın da bu siyasi oyunun bir hissəsinə çevrildiyini deyib:
"Pezeşkian artıq seçicilərinə açıq və tam doğruları danışmır. Ən azı hazırkı vəziyyətdə sübut təqdim etmədən danışması belə bir təsəvvür yaradır.
Hakimiyyətin gözləntisi isə budur ki, insanlar bu həssas dönəmdə onun sözlərinə inansın və açıqlamalarını doğru qəbul etsin.
Məncə, bu açıqlama ətrafında hələ çox müzakirələr olacaq. Çünki ortada nə görüntü var, nə səs yazısı, nə də başqa sübut.
Əgər sonradan məlum olsa ki, bu məsələ həqiqətən də uydurulmuş və ya manipulyativ xarakter daşıyır, o zaman bu, Məsud Pezeşkianın gələcəkdəki bütün açıqlamalarını ciddi şəkildə sual altına salacaq. Vətəndaşların ona qarşı qalan az miqdarda etimadı da tamamilə itəcək".