Prezident İlham Əliyev: "Özümüzü qorumaq üçün daha güclü olmalıyıq"


 "Beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qətnamələrinə bel bağlamaq olmaz"
 

  "Azərbaycanın qeyri-neft sənayesi 6,5 faiz artıb və qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıb. Bununla bərabər, bizim maliyyə vəziyyətimiz böyük dərəcədə yaxşılaşıb". Bu sözləri Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə söyləyib. Ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını təmin edən amillər arasında dövlət başçısı, ilk növbədə, maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsini, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsini, şəffaflığın təmin olunmasını qeyd edib: "Bütün bu amillər imkan verdi ki, ilin ortasında biz büdcəyə yenidən baxaq və dürüstləşmə aparaq. Bu, çox sevindirici haldır, çünki proqnozlardan xeyli dərəcədə böyük vəsait toplanıb".

"Əminəm ki, ilin sonuna qədər ölkəmizin uğurlu inkişafı təmin ediləcək"

  Prezident deyib ki, ilin sonuna qədər ölkəmizin uğurlu inkişafı təmin ediləcək: “Bu ilin altı ayında isə əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi. Deyə bilərəm ki, bütövlükdə altı ay ərzində iqtisadiyyatımız inkişaf edib, halbuki mütləq rəqəmlər o qədər də böyük deyil”.

"Bu gün bizim büdcəmiz 36 milyard manatdan çoxdur"

  Azərbaycan Prezidenti bəyan edib ki, büdcəmiz 36 milyard manatdan çoxdur: "Onsuz da bizim builki dövlət büdcəmiz rekord həddə, 33 milyard manatdan çox səviyyəyə qalxıb. Ancaq ilin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki, biz təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr edək və bunu etdik. Əlbəttə, bu, bizə imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edək, ilk növbədə, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verək və hərbi gücümüzü artıraq”.

"Azərbaycanın xarici borcu cəmi 6,7 milyard dollardır"

  Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın xarici borcu cəmi 6,7 milyard dollardır: "Bir neçə il bundan əvvəl biz qarşıya hədəf qoymuşduq ki, xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun 10 faizinin altında olsun. Biz artıq bu hədəfə də çatdıq. Mütləq rəqəmlərdə bizim borcumuz cəmi 6,7 milyard dollardır və bu da ümumi daxili məhsulumuzun təxminən 10 faizini təşkil edir". 

"İlin birinci yarısında Azərbaycanın xarici ticarət profisiti təqribən 10 milyard dollara yaxın olub"

  Prezident qeyd edib ki, ilin birinci yarısında Azərbaycanın xarici ticarət profisiti təqribən 10 milyard dollara yaxın olub: "Xarici ticarət balansımızın profisiti çox böyük səviyyədədir". Ölkələrin böyük əksəriyyətinin nəinki ixrac, daha çox idxal etdiyini vurğulayan dövlət başçısı deyib ki, bizdə isə bu, tam əksinədir və ilin birinci altı ayında bizim profisitimiz təqribən 10 milyard dollara yaxındır: "Əgər bu templər qorunsa, təsəvvür edin, biz ilin sonuna qədər hansı rəqəmlərə çatacağıq. Təbii ki, bunun birbaşa təsiri makroiqtisadi sabitliyin təmin edilməsinədir”.

"Manatın məzənnəsi altı ildir ki, sabitdir"

  Azərbaycan Prezidenti deyib ki, manatın məzənnəsi altı ildir ki, sabitdir: "Ölkəmizdə makroiqtisadi sabitlik uzun illər ərzində təmin edilir. Manatın məzənnəsi altı ildir ki, sabitdir və bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir. Bu, düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində təbii ki, Azərbaycan vətəndaşı dayanır. Çünki makroiqtisadi sabitlik təbii ki, ölkə iqtisadiyyatına təsir edir. Amma ilk növbədə, bunun ən ciddi təsiri insanların yaşayış səviyyəsindədir. Bizdə isə həm minimum əməkhaqları, həm minimum pensiyalar müntəzəm olaraq artırılır. Bununla paralel olaraq manat sabitdir”. 

"Böyük qayıdış" proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur"

  Ölkə rəhbəri vurğulayıb ki, "Böyük qayıdış" proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur: "Bizim büdcə dürüstləşməsindən sonra iki əsas istiqamətimiz Qarabağın, Şərqi Zəngəzurun bərpası və hərbi qüdrətimizin artırılması idi. Birinci istiqamətlə əlaqədar hər şey nəzərdə tutduğumuz planlardan daha sürətlə icra edilir. Bütün güclərimizi səfərbər etmişik". Artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtmasının təmin edildiyini söyləyən dövlət başçısı deyib ki, ilin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar: "Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə "Böyük qayıdış" proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur”.

"İlin sonunadək inflyasiya birrəqəmli səviyyəyə düşə bilər"

  Prezident bildirib ki, ilin sonunadək inflyasiya birrəqəmli səviyyəyə düşə bilər: "İnflyasiyanın ikirəqəmli olması bizi düşündürməlidir. Ümid edirəm ki, ilin sonuna qədər inflyasiya birrəqəmli səviyyəyə düşə bilər. Burada təbii səbəblərlə yanaşı, subyektiv səbəblər də var. Onlar daha ciddi araşdırılmalıdır və ilin sonuna qədər atılacaq addımlarla bağlı təkliflər verilməlidir. Çünki Azərbaycanın bütövlükdə iqtisadi potensialı və iqtisadi sahədə əldə edilmiş nəticələr fonunda inflyasiyanın 12 faiz səviyyəsində olması, əlbəttə ki, arzuolunan deyil”. 

"Laçın şəhərinin gələcək inkişaf planı ilə bağlı əlavə addımlar atılacaq"

  Ölkə başçısı bəyan edib ki, Laçın şəhərinin gələcək inkişaf planı ilə bağlı əlavə addımlar atılacaq: "Mən Laçın şəhərinin timsalında bunu deyə bilərəm ki, cəmi səkkiz ay ərzində şəhərin böyük hissəsi tamamilə bərpa edilib və yeddi yüzdən çox ailə üçün burada həm fərdi evlər, həm çoxmənzilli evlər hazırlanır. Laçın şəhərinin gələcək inkişaf planı ilə bağlı əlavə addımlar da atılacaq. Biz bu sahədə görüləcək işləri daim diqqət mərkəzində saxlamalıyıq. Mənim gündəlik fəaliyyətimdə bu məsələ bu gün birinci yerdə dayanan məsələdir və biz daim bütün işlərə nəzarət edirik”. 

"İlin sonunadək Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manat vəsaitin xərclənməsini təmin edəcəyik"

  Prezident deyib ki, ilin sonunadək Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manat vəsaitin xərclənməsini təmin edəcəyik: "Azad edilmiş bölgələrdə biz hər şeyi planlı şəkildə edirik və ən yüksək standartlar orada tətbiq edilir. Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura biz təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsini təmin edəcəyik. İki məktəb istisna olmaqla, bütün qalan infrastruktur, inşaat işləri Azərbaycan büdcəsi hesabına həyata keçirilir və Azərbaycan dövlət şirkətləri tərəfindən reallaşdırılır".

"Ölkə qarşısında duran bir çox vəzifələr var" 

  Prezident İlham Əliyev bildirib ki, ölkə qarşısında duran bir çox vəzifələr var. İnfrastruktur layihələri təkcə Qarabağda, Şərqi Zəngəzurda yox, bütün ölkə üzrə həyata keçirilir. Sənaye inkişafı ilə bağlı və digər məsələlərlə bağlı çox böyük maliyyə resurslarımızın cəlb olunduğunu deyən dövlət başçısı deyib ki, biz ayrılan hər bir vəsaitə böyük qənaətlə yanaşmalıyıq və şəffaflıq tam təmin edilməlidir: "Həm büdcə gəlirlərinin toplanmasında, həm də xərclənməsində. Qeyd etdiyim kimi, büdcəyə əlavə edildikdə ikinci əsas istiqamət hərbi gücümüzün artırılmasına istiqamətləndirilib. Bu da təbiidir. Beynəlxalq vəziyyət bəllidir”.

"Dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq işləmir"

  Prezident qeyd edib ki, beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qətnamələrinə bel bağlamaq olmaz: "Mənim uzun illər dediyim sözlər bu gün əyani şəkildə özünü büruzə verir. Dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq işləmir. Beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə bel bağlamaq olmaz". Ölkəmizin həmişə hüququn, o cümlədən beynəlxalq hüququn tərəfdarı olduğunu diqqətə çatdıran dövlət başçısı deyib ki, biz həmişə ədalətin tərəfdarı idik, bu gün də ədalətin və beynəlxalq hüququn tərəfdarıyıq, beynəlxalq müstəvidə bu mövqeyi müdafiə edirik. 

"Daha da güclü olacağıq, çünki bu proses dayanmır"

  Dövlət başçısı qeyd edib ki, biz özümüzü qorumaq üçün daha güclü olmalıyıq: "Dünyada qaydalar tamamilə pozulub, davranış qaydalarına, beynəlxalq hüquqa əməl edilmir. Biz demək olar ki, bunu hər gün görürük. Böyük dövlətlər, hansılar ki, beynəlxalq hüququn təminatçısı rolunu öz üzərinə götürüblər, birinci onlar bu hüququ pozurlar və sonra da onu əsaslandırırlar. Ona görə, əlbəttə ki, biz, ilk növbədə, özümüzü qorumaq üçün, öz müstəqilliyimizi qorumaq üçün, seçimimizi qorumaq üçün, həyat tərzimizi qorumaq üçün, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz dayanmadan bu istiqamətdə çox ciddi addımlar atmışdıq və mən bunu artıq bildirmişəm, bir də demək istəyirəm, bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacağıq, çünki bu proses dayanmır və dayanmamalıdır”. Prezident İlham Əliyev vurğulayıb ki, iki istiqamət üzrə - hərbi potensial və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdırsa, o qədər də ayrılacaq.

"Sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır"

  Ölkə başçısı vurğulayıb ki, sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır: "Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər.
  Belə imkanların olduğunu hesab etdiyini vurğulayan dövlət başçısı deyib: “Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksəksəviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq. Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi irəli sürmüşük”. Dövlət başçısı deyib ki, ancaq hər şey bizdən asılı deyil, qarşı tərəf də buna hazır olmalıdır və sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə də keçirməlidir.

"Ermənistan Azərbaycan ərazisini Qarabağ və anklav kəndlərimiz daxil olmaqla rəsmən tanıyıb"

  Prezident diqqətə çatdırıb ki, Ermənistan Azərbaycan ərazisini Qarabağ və anklav kəndlərimiz daxil olmaqla rəsmən tanıyıb: "Son müsbət məqamlardan biri odur ki, Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət var. Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın".

"Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz"

  Prezident qeyd edib ki, Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz: "Bu gün dünyada güc amili ön plandadır və güclə hesablaşırlar, gücdən çəkinirlər. Biz son iki il yarım ərzində bir neçə dəfə bunu bir neçə ünvana göstərmişik və heç kim bizim iradəmizə təsir edə bilməz. Əksinə, bizə qarşı tuşlanmış bütün oxları sındırıb öz ləyaqətimizi qoruya bilmişik və maraqlarımızı qoruya bilmişik, daha əlavə sözlərə ehtiyac yoxdur, hər şey göz qabağındadır. Necə deyərlər, dərinə getmək istəmirəm, amma bunu artıq hər kəs görür, görməlidir və bilməlidir ki, Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz və hesab edirəm ki, bundan sonra belə cəhdlər də olmayacaq”.