MDB Azərbaycanın xarici siyasətində
Bakı həm obyektiv, həm də qarşılıqlı faydalı olan kurs seçib
MDB dövlət başçılarınnı Moskvada keçirilən son zirvə görüşünü artıq tarixi əhəmiyyəti olan hadisə kimi qiymətləndirirlər. Azərbaycan üçün həmin görüş ən azı iki aspektdə əhəmiyyətli idi. Onlardan biri yeni mərhələdə Azərbaycanın MDB-də yeri və rolunun dəqiqləşməsi ilə bağlı idi. Digər əhəmiyyətli məsələ bu təşkilatın gələcək taleyi ilə əlaqədar fikir mübadiləsinin aparılmasıydı.
Azərbaycanın rəsmi Bakının xarici siyasətinin yeni tarixi mərhələdə prioritet istiqamətləri çərçivəsində MDB-yə münasibətin bəyan edilməsi aktual idi. Məsələ onunla bağlıdır ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının (TDT) aparıcı və ən fəal dövlətidir. Bunun fonunda MDB məsələsi də maraq doğururdu. Prezident İham Əliyevin Moskvadakı çıxışı və apardığı müzakirələr göstərdi ki, Bakı həm obyektiv, həm də qarşılıqlı faydalı olan kurs seçmişdr. Bunun bir sıra əlamətləri Moskva sammitində özünü göstərmişdir.
Laçın: mədəniyyət və humanitarlıq nümunəsi
Moskva zirvə görüşündə Laçının 2025-ci ildə MDB-nin mdəniyyət paytaxtı elan edilməsi siyasi və geosiyasi baxımdan adi hadisə deyildi. Çünki MDB çərçivəsində indiyə qədər Azərbaycanla bağlı buna bənzər hadisə baş verməmişdi. Laçın şəhərinin Azərbaycan Respublikasının sərhəd şəhəri statusunda bütün MDB ölkələrinin mədəniyyət paytaxtı seçilməsi əhəmiyyətli siyasi-diplomatik nailiyyətdir. Onun geosiyai və siyasi kontekstdə mənalarından biri də MDB üzvü olan Ermənistanın Laçını böyük bir məkanda mədəniyyət paytaxtı olaraq qəbul etməsidir. 30 il işğal altında saxladığı bir Azərbaycan şəhərini indi Avrasiyanın böyük bir ərazisində mövcud olan dövlətlərin mədəniyyət paytaxtı olaraq qəbul etməklə Ermənistan, faktiki olaraq özünün işğalçılığını etiraf etmiş olur. Halbuki ermənilər hətta Laçının adını dəyişmişdilər və özlərini elə aparırdılar ki, qədimdən onların torpağıdır.
Eyni zamanda, Laçının məhz Moskvadakı sammitdə MDB-nin mədəniyyət paytaxtı seçilməsinin rəmzi mənası vardır. Bu, Prezident İlham Əliyevin siyasi-diplomatik məharətinin birbaşa nəticəsidir. Çünki MDB Azərbaycana qarşı bu qədər isti münasibət göstərməmişdi. Ermənistan bu təşkilatın üzvü olsa da, ona təzyiq edib, işğal etdiyi Azərbaycan torpaqlarından əsgərlərini çıxartmağa məcbr etməmişdilər. Hətta MDB-ni təşkil edən dövlət olaraq Rusiya, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi 30 il erməni təcavüzünün aradan qaldırılması üçün təsirli addım atmamışdı.
Əslində, MDB-nin üzvü olan digər dövlətlər də elə bir iş görmədilər. Qazaxıstan, Qırğızıstan və Türkmənistan türk dövlətləri olsalar da, Ermənistanın təcavüzünə son qoyulması və münaqişənin bitməsi üçün ciddi addımlar atmadılar.
Bütün bunlar MDB-ni Azərbaycan üşün bir qədər soyuq təşkilata çevirmişdi. Ancaq maraqlı və əhəmiyyətlidir ki, məhz Azərbaycan rəhbərliyinin fəallığı ilə vəziyyət ciddi surətdə dəyişdi. O, özünü başlıca olaraq iki hadisədə göstərdi.
Birincisi, rəsmi Bakı heç zaman MDB faktorunu, xüsusilə Rusiyanı arxa plana atmadı. Səbrlə həm özü inkişaf etdi, həm də MDB-nin tədbirlərində işitrak etməkdən qalmadı. Bir qısa müqayisədə bunun əhəmiyyətini anlamaq olar.
Ermənistana başda Rusiya olmaqla MDB dövlətləri (Azərbaycan təbii ki, istisnadır) nə qədər yardım və havadarlıq etsələr də, İrəvan indi onları həm qınayır, həm də təşkilatdan uzaqlaşmağa çalışır. Çox tezliklə Ermənistan bir vaxtlar “qardaş” dediyi dövlətlərdən üz döndərir. Bu, açıqca nankorluqdur.
Bunun fonunda Azərbaycanın 30 il heç bir fayda görmədiyi MDB-yə arxa çevirməməsi ölkə rəhbərliyinin yüksək xeyirxah siyasi-diplomatik keyfiyyətindən xəbər verir. Eyni zamanda, Azərbaycanın xarici siyasətinin dayanıqlı, davamlı və konstruktiv mahiyyəli olduğunu nümayiş etdirir. Rəsmi Bakının bu cür sadaqətli və sabit duruşu təbii ki, MDB-yə müsbət mənada ciddi təsir etdi.
Digər məqam ondan ibarətdir ki, Azərbaycan təkbaşına II Qarabağ Savaşında (Vətən Müharibəsində) qalib gəldikdən sonra MDB istiqamətində də təşəbbüskar oldu. Rəsmi Bakı xarici siyasətində Rusiya, Belorus və Mərkəzi Asiya istiqamətlərinə ciddi önəm verməkdə davam etdi. Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Belorus rəhbərləri azad olunmuş Qarabağa səfərlər etdilər və Bakının apardığı möhtəşəm yenidənqurma işlərini öz gözləri ilə gördülər.
Rusiya prezidenti Vladimir Putin isə Bakıya səfər edərək Azərbaycanla strateji tərəfdaşlığı yeni səviyyəyə yüksəltməkdə maraqlı olduğunu nümayiş etdirdi. Bununla Azərbaycan faktiki olaraq, Ermənistan istisna olmaqla MDB-nin bütün üzvləri ilə strateji əməkdaşlığın konkret və praktiki mexanizmlərini aktiv işlək hala gətirdi. Şişirtməsiz, İlham Əliyevin bu istiqamətdə fəaliyyəti MDB-nin gələcək taleyini yox olmaqdan xilas etdi. Azərbaycan Prezidenti bu təşkilata faktiki olaraq yeni nəfəs verdi. Onun real inkişaf istiqamətini göstərdi. Bununla Azərbaycanın TDT-nin aparıcı dövləti kimi MDB istiqamətində gerçəkliyə dayanan siyasət yeritdiyi hər kəsə aydın oldu.
Avrasiya məkanında perspekrtivli əməkdaşlıq platformasının iki qanadı
İndi regionlararası kontekstdə maraqlı bir situasiya yaranmışdır. Azərbaycanın birbaşa fəallığı və təşəbbüsləri ilə TDT və MDB geniş geosiyasi məkan üçün iki perspektivli əməkdaşlıq platformasına çevrilmişlər. Azərbaycan türk dövləti kimi TDT-nin gücləndirilməsi istiqamətində olduqca səmərəli addımlarını atır. Aydın görünür ki, TDT tədricən və davamlı olaraq əməkdaşlıq, təhlükəsizlik və nəqliyyat-loqistika istiqamətlərində yüksələn inkişafdadır.
Bununla yanaşı olaraq, Azərbaycan MDB-nin realpolitika bazasında gerçəkçi işlək təşkilat olması üçün mümkün olanı etmişdir və indi də etməkdədir. Prezidetn İlham Əliyev Moskvadakı son sammitdə elə tarixi, siyasi və geosiyasi məqamlara lakonik olaraq toxundu ki, ekspertlər MDB-nin taleyinin müsbətə doğru dəyişdiyindən inamla danışırlar. Bunu iki istiqamətdə görmək mümkündür.
Birincisi, Azərbaycan MDB-nin funksionallığını humantiralıq aspektində yeni mərhələyə yüksəltdi. Hamımız xatırlayırıq ki, Ermənistan və havadarları Laçın yolunu (onlar “dəhliz” deyirdilər) siyasi-diplomatik spekulyasia predmetinə çevirmişdilər. Xüsusilə ermənilərin hüquqlarından danışaraq, reallıqda Cənubi Qafqaza böyük ədalətsizlik, haqsızlıq və hüquqsuzluq toxumu səpməyə çalışırdılar. ABŞ, Fransa. Almaniya, Niderland, Kanada və başqa Qərb dövlətlərinin də qoşulduğu bu avantürist və region miqyasında riskli oyunları Azərbaycan Prezidenti məharətlə pozdu. Azərbaycan dinc etiraz kampaniyası ilə əsl humantirasızlığı Ermənistan və havadarlarının etdiyini sübuta yetirdi. Azərbaycanlılar aylarla ən pis hava şəraitində belə bölgənin təbii sərvətlərinin qanunsuz istismarına və ekologiyanın ciddi zərər görməsinə qarşı dirəndilər. Bununla Qərbin, xüsusilə Fransanın antihumanitar canfəşanlığı nəticəsiz qaldı – dünya əsl humanitarlığın Azərbaycana xas olduğuna əmin oldu!
İkincisi, Azərbaycan Qarabağa humantiar yardım çatdırmağın müxtəlif variantlarını təklif etdi və Rusiya bundan praktikada yararlandı. Lakin həmin anda Ermənistanın Qərb havadarları geri çəkildilər. Bununla göstərdilər ki, onları öz ədalətsiz geosiyasi planlarından başqa heç nə maraqlandırmır.
İlham Əliyevin çox səmərəli siyasəti faktiki olaraq MDB-ni böyük bir fəlakətdən xilas etdi. Həmin fəlakət Azərbaycanın humanitarlıq savaşında uduzması ilə böyük bir regiona yayılacaqdı. Çünki Ermənistan və havadarları zorakılıqdan, haqsızlıqdan, ədalətsizlikdənbütün MDB məkanında təsir vasitəsi kimi istifadə edəcəkdilər. Bunu indi biz Zəngəzur məsələsində onların atdıqları spekulyativ addımlar fonunda siyasi məqamlardan necə manipulyativ istifadə etdiklərindən aydın görürük! Bu mənada Azərbaycan Respublikası bütün MDB-nin humanitar xilaskarıdır!
Bütün bunlara görə, Laçının MDB-nin mədəniyyət paytaxtı seçilməsi tamamilə təbii, məntiqi və gözlənilən idi. Azərbaycan Prezidenti müasir dövrün yeni lider nümunəsi kimi real nəticəverici siyasəti ilə regionda geosiyasi mənzərəni elə dəyişdi ki, onun MDB məkanına ciddi təsiri oldu. İndi də MDB üzvləri tam əsaslı olaraq Azərbaycanın qəhrəman sərhəd şəhərlərindən biri olan Laçını mədəniyyət və deməli, humaitarlıq paytaxtı kimi görmək istəyirlər! Buyursunlar! Həm də ona görə ki, Azərbaycan Prezidentinin onlara və bütövlükdə dünyaya xoş sürprizləri hələ çox olacaq! İrəlidə Qərbi Azərbaycan məsələsi kimi tarixi vəzifə vardır!
Füzuli Qurbanov,
AMEA Fəlsəfə və Sosiologiya İnstitunda şöbə müdiri,
fəlsəfə elmləri doktoru