Proseslərin ABŞ-nin nəzarətindən çıxması bir zərbəyə bənddir - ŞƏRH

  • Hizbullaha edilən hücum İranı, İsrailə zərbələr endirməyə sövq edəcək
  • İsrail və İran arasındakı razılaşma praktiki baxımdan, indiki şərtlər altında mümkün deyil

ABŞ və İran arasındakı gərginlik iyunun 18-də imzalanan memoranduma əsasən başa çatıb. Saziş Yaxın Şərqdə davam edən bütün münaqişələrin dayandırılması üzərində formalaşıb. Lakin İsrailin razılaşmadan kənarda qalması, bəzi dairələr tərəfindən etirazla qarşılanıb.

ABŞ prezidenti Donald Tramp, İsrailin Baş naziri Benyamin Netanyahunun sazişdən məmnun qaldığını desə də, onun bu günki mövqeyi anlaşmanın gələcəyini təhdid altına salıb. Baş nazir, İsrailin təhlükəsizliyi təmin edilənədək orudunu Livanın cənubundan çıxarmayacağını açıqlayıb. Tramp isə ona cavabında, İsrail və Hizbullahı tam atəşkəsə çağırıb. 

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Sherg.az-a bildirib ki, ABŞ və İran arasında imzalanan razılaşma müharibənin mənasız olduğunu ortaya qoydu:

“Hörmüz boğazı açılır. İran müharibədən əvvəl də az miqdarda uran zənginləşdirmə fəaliyyəti ilə məğul olacağını demişdi. İndi də həmin bəndin üzərində sənəd imzaladılar. Müharibədən əvvəlki dövrlə, sonrakı arasında heç bir fərq yoxdur. ABŞ-nin İsrail kimi başlıca məqsədi rejimi yıxmaq idi. İndi isə həmin rejimin rəhbərləri ilə anlaşma imzalamağa can atırlar. Bu tərəflərin heç birinin öz məqsədinə çatmadığını göstərir. Molla rejiminin ayaqda qalması, İsrailin maraqlarına uyğun deyil. Məhz buna görə ABŞ-nin yanında dayanıb, sənədə imza atmadılar”. 

Politoloqun sözlərinə görə, Hizbullah qruplaşmasına etibar etmək olmaz:

“Onlar İsrailə bir dəfə zərbə endirsələr, region əvvəlki vəziyyətinə qayıdacaq. Livanda atəşkəsin elen edilməsi məsələsi sazişdə yer alsa da, hər şey Hizbullahın verdiyi qərardan asıldır. İsrailin razılaşmadan kənarda qalması hadisələri çıxılmaz vəziyyətə sala bilər. Çünki Liavanda silahlar sussa da, İsrail ordusu ölkənin cənub hissəsinə daxil olub. Onların şəhərlərin içərisinə doğru hərəkət edəcəyi təqdirdə, Hizbullah özünümüdafiə əməliyyatı adı altında, İsrailə zərbələr endirməyə başlayacaq. SEPAH, Hizbullaha qurulduğu ildən bəri yüz milyonlarla dollar maliyyə, minlərlə raket və hərbi təlim dəstəyi verir”. 

E.Şahinoğlu qeyd edib ki, Hizbullaha edilən hücum İranı, İsrailə zərbələr endirməyə sövq edəcək:

“Beləliklə qarşılıqlı hücumlar yenidən bərqərar olacaq. Yəni, proseslərin ABŞ-nin nəzarətindən çıxması bir zərbəyə bənddir. İsrail və İran arasındakı razılaşma praktiki baxımdan, indiki şərtlər altında mümkün deyil. İran, İsrail adlı dövləti tanımır. İsrail isə İrandakı rejimi qəbul etmir. Belə olan halda, onların Trampın nəsihətlərinə əsasən hərəkət edəcəklərini düşünmək absürddür. Livanda hadisələr elə inkişaf edə bilər ki, ortada nə atəşkəs qalar, nə də saziş".