Putin Ukraynada, Tramp İranda tələyə düşüb - CNN

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin bu həftə Moskvaya səfərində məqsəd Rusiyanın Ukraynada apardığı fəlakətli müharibəni uduzduğunu çatdırmaq olub. İranda davam edən müharibə fonunda buradakı durum ABŞ Prezidenti Donald Trampa da təsir edir.

Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Telekanalın fikrincə, Vladimir Putin və Donald Tramp oxşar dilemma ilə üzləşib: nə hərbi məqsədlərinə nail ola, nə də geri çəkilə bilirlər.

“Görünür, hər ikisi hərbi əməliyyatlara başlayarkən ABŞ və Rusiya ordularının ənənəvi hərbi gücü və maddi resursları ilə müqayisədə daha zəif olan rəqiblərin inadkarlığını və imkanlarını düzgün qiymətləndirməyib. Həm Putin, həm də Tramp Ukrayna və İranın qeyri-ənənəvi, asimmetrik taktikalardan istifadə etməsi nəticəsində özlərinin taktiki hərbi üstünlüklərinin zəiflədiyini gördülər. Ukrayna və İran dronlar kimi yeni və nisbətən ucuz texnologiyalardan istifadədə öncülük edərək müharibənin aparılmasında yeni dövr açdı.

Vaşinqton və Moskva xarici siyasətdə çətinliklərlə ilk dəfə qarşılaşmır. Məsələn, hər iki ölkə Əfqanıstan müharibələrində məğlubiyyətə uğrayıb, Rusiyanın Ukraynadakı fəlakəti isə ABŞ-nin Vyetnamdakı məğlubiyyətini xatırladır”.

Bununla beli, hazırda özlərinin başlatdıqları müharibələrdə ilişib qalan iki “güclü lider” arasındakı paralellərin müəyyən əsasları olsa da, onların da sərhədləri var. Tramp Putinin ciddi səhvini təkrarlamadı - quru qoşunlarını bataqlığa atmadı. Bu qərar 1,4 milyondan çox gənc rusiyalının həlak olması, yaralanması və ya itkin düşməsi ilə nəticələnib.

Bundan başqa, Putin Ukrayna şəhərlərində terror və ölüm yayır, raket və dron zərbələri endirir. Tramp isə öz müharibəsində əsasən mülki əhaliyə və infrastruktura qəsdən zərbələr endirməkdən çəkinib”.

CNN qeyd edib ki, ABŞ-nin İrandakı səhvləri də diqqət çəkir:

“Müharibə artıq altı aydır davam edir, Ağ Ev isə hərbi əməliyyatlardan total iqtisadi müharibəyə keçid edir.

Digər yandan, çox güman ki, Rusiyanın İranda Trampın vəziyyətini yüngülləşdirməkdə xüsusi strateji marağı yoxdur. Ukrayna ilə bağlı istənilən razılaşma ABŞ Prezidentinin Kiyevi ərazi güzəştlərinə məcbur edə bilməməsi səbəbindən uğursuzluğa düçar ola bilər.

İrandakı müharibə Trampın siyasi və şəxsi baxımdan salamat qalması üçün Ukraynadakı münaqişənin Putin üçün olduğu qədər ekzistensial olmaya bilər. Amma o da Kremldəki dostu kimi özünün başladığı müharibə nəticəsində çıxılmaz tələyə düşüb”.