Putin vətəndaş müharibəsi ilə üz-üzə!
Qələbə əvəzinə Rusiya 200 mindən çox hərbçisini və böyük sayda hərbi texnikasını itirib
“Müharibə Rusiya ərazisinə keçib. Ona görə də Putindən hesab sormaq istəyənlərin sayı artmağa başlayıb"
"Bir çox yerlərdə güclü və dərin istehkamlara baxmayaraq, ruslar bütün cəbhə xətti boyunca Ukrayna qüvvələrinin əks-hücumunun qarşısını ala bilməyəcək. Ukraynalılar bu boşluqları tapıb uğur qazanmaq üçün onlardan istifadə etməlidir". Bunu ABŞ-nin müdafiə naziri Lloyd Ostin deyib. Nazirin sözlərinə görə, Rusiyanın işğal etdiyi ərazilər boyunca müdafiə və bir çox hallarda dərindən müdafiə qurduğu hamıya məlumdur: "Biz bir neçə istehkam xətti, xəndəklər, “əjdaha dişləri”, hazırlanmış mövqelər və s. görürük. Ona görə də ruslar təbii ki, hər yerdə güclü ola bilməzlər. Ukraynalılar istifadə edə biləcəkləri üstünlükləri tapmalıdırlar", - o bildirib. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilib ki, rusların dörd istiqamətdə - Liman, Baxmut, Avdeyevski və Maryinka üzrə hücumları uğursuzluqla nəticələnib. Marinka bölgəsində rusların səkkiz hücumunun hamısı dəf edilib. Eyni zamanda ruslar yaşayış məntəqəsi hüdudlarında havadan zərbələr endirib. Qeyd olunub ki, Rusiya qoşunları Zaporojye və Xerson istiqamətlərində də müdafiə əməliyyatlarını davam etdirir. Məlumat üçün bildirək ki, Kaxovka SES-in bəndi ruslar tərəfindən partladılıb. Su altında qalmaq təhlükəsi ilə üzləşən Dneprin sağ sahilində yaşayan sakinlərin təxliyəsi elan edilib. Ekspertlərə görə, Rusiyanın Kaxovka su elektrik stansiyasını bombalaması Ukraynaya qarşı müharibənin yeni mərhələyə qədəm qoymasıdır. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, bu, Avropada əsrin ən böyük texnogen fəlakətidir: "Rusiyanın Kaxovka SES-i bombalaması dəhşətli müharibə cinayəti və yəqin ki, son onilliklərdə Avropadakı ən böyük texnogen fəlakətdir. Minlərlə mülki insanın həyatı təhlükə altındadır. Bu, dəhşətli müharibə cinayətidir. XXI əsrin ən böyük terrorçusu olan Rusiyanı dayandırmağın yeganə yolu onu Ukraynadan qovmaqdır”. Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb ki, Rusiya artilleriyası Xerson vilayətinin su altında qalan ərazilərindən təxliyə olunan insanları atəşə tutub: “Xersonda təxliyə həyata keçirən iki polis qəlpə yarası alıb. Təxliyə elan olunub, amma ruslar artilleriya atəşi ilə imkan vermirlər”.
Danimarka Baş naziri Mette Frederiksen isə deyib ki, Ukraynanın müttəfiqləri nünaqişənin sülh yolu həlli üçün Rusiyadan siqnal gözləyir: “Düşünürəm ki, hər kəs sülhdə maraqlıdır. Biz hələ də Rusiyanın siqnalına ehtiyac duyuruq”. Hökumət başçısı obrazlı formada əlavə edib ki, tanqo rəqsi üçün iki nəfər gərəkdir və müttəfiqlər Ukrayna olmadan heç nə etmək fikrində deyil.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi şiddətinə görə heç bir sərhəd tanımır. Analitik qeyd edib ki, Rusiya insanların və təbiətin fəlakətinə səbəb olan böyük hidroelektrik stansiyasını raket zərbəsi ilə dağıdır. Üstəlik, bu zaman özününkülər də əziyyət çəkir: "Kreml Ukrayna ordusunun əks-həmləsinin qarşısını almaq məqsədilə başqa təxribatlara da əl ata bilər. Bunlardan birini Rusiyanın “Vaqner” muzdlu qruplaşmasının rəhbəri Yevgeni Priqojin səsləndirib. Onun fikrincə, Rusiya hərbçiləri Belqorod vilayətinə nüvə bombası ata bilər. Kreml Rusiya ərazisinə nüvə silahı niyə atsın ki? Priqojin bu sualı bu şəkildə cavablandırıb: “Rusiya öz ərazisinə nüvə bombası ataraq Belqoroda doğru geri çəkildiyimiz təəssüratını yaratmaq istəyəcək”. Priqojin bu cavaba ironik əlavəsini də unutmayıb: “Özümüzə atsaq, ruhi xəstə olduğumuzu göstərəcəyik”. Rusiya Prezidenti Vladimir Putin bu ağılda olan şəxsə muzdlu qruplaşma yaratmağı və savaşın ön sıralarında qərar tutmağı necə həvalə edib? Ancaq Putinin digər dostu və Rusiyanın eks-prezidenti Dmitri Medvedyevin daha məntiqsiz açıqlamalar verdiyini nəzərə aldıqda Kremldəkilərin çoxunun düşüncə tərzinin oxşar olduğu qənaətinə gəlmək mümkündür".
Politoloqun qənaətincə, Rusiya 100 ildən sonra ikinci dəfə vətəndaş müharibəsi ilə üzləşib: "100 il əvvəl Rusiya imperiyasının dağıntıları üzərində qırmızılar ağlarla savaşırdılar. Bugünlərdə Ukraynadan Rusiya ərazisinə keçən və özlərini “Rusiya Könüllü Korpusunun” döyüşçüləri adlandıran silahlı birliklər Belqorod şəhərinin ətrafındakı müxtəlif məntəqələri ələ keçiriblər. Rusiya ordusu rus könüllləri qəsəbədən sıxışdırıb çıxara bilməyib. Başqa sözlə ruslar ruslarla savaşırlar. Rusiya hazırda iki cəbhədə savaşmaq məcburiyyətində qalıb. Ukraynada müharibəni davam etdirərəkən, öz ərazisində də hərbi əməliyyatları genişləndirmək məcburiyyətindədir. Kreml sahibi Rusiya cəmiyyətini inandırmışdı ki, “böyük Rusiya” yaratmaq məqsədilə Krımı ələ keçirib və Ukraynanın şərqini Rusiyaya birləşdirmək istəyir. Putinin ətrafı və cəmiyyətin əksər hissəsi ona dəstək verdi, düşünürdülər ki, Rusiya ordusu bir neçə həftəyə məsələni həll edəcək və ordu qələbəylə geri qayıdacaq. Həmin tarixdən 15 ay keçib, qələbə əvəzinə Rusiya 200 mindən çox hərbçisini və böyük sayda hərbi texnikasını itirib, iqtisadiyyatı zəifləyib, inflyasiya dərinləşib. Üstəgəl, Avropaya neft və qaz sata bilmir, müharibə Rusiya ərazisinə keçib. Ona görə də Putindən hesab sormaq istəyənlərin sayı artmağa başlayıb".