Qarabağ erməniləri ilə görüşdə 3-cü tərəfə ehtiyac yoxdur!
Əsas odur ki, mümkün görüşdə üçüncü tərəfə, o cümlədən Rusiya hərbi kontingentinin iştirakına ehtiyac yoxdur
Hazırda Yevlaxda Azərbaycan hökumətinin nümayəndələri ilə Azərbaycanın Qarabağ bölgəsində məskunlaşan erməni etnik azlığın nümayəndələri arasında görüşün təşkili üzərində iş aparılır. Bu barədə "Caliber" məlumat yayıb. Verilən xəbərə görə, görüş təklifi heç bir üçüncü ölkədən gəlməyib və müzakirələr xarici dövlətlərin nümayəndələrinin iştirakı olmadan keçiriləcək: "Qarabağ ermənilərinin bəzi nümayəndələri bu görüşü sabotaj etməyə çalışırlar. Bu, son dərəcə dağıdıcı mövqedir. Çünki regiondakı problemlər yalnız Qarabağ erməniləri ilə onların Bakıdakı mərkəzi hökuməti arasında birbaşa dialoq çərçivəsində həll edilə bilər".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Azərbaycanın hökumət nümayəndələri ilə Qarabağ erməniləri arasında görüşün Yevlaxda keçirilməsi xəbəri təsdiqlənərsə, bunu müsbət qiymətləndirmək olar:
"Separatçıların təzyiqi və əmri ilə hərəkət edən Qarabağ ermənilərinin Bakıda görüşmək təklifindən imtinalarından sonra məsafəcə Xankəndiyə yaxın olan Yevlax variantından da imtina etmələri mövqelərini daha da zəiflədəcək. Əsas odur ki, Yevlaxdakı mümkün görüşdə üçüncü tərəfə, o cümlədən Rusiya hərbi kontingentinin iştirakına ehtiyac yoxdur. Yevlaxa gələn bir müddət sonra Bakıya da gəlmək məcburiyyətində qalacaq. Erməni mənbələri hələ ki, Yevlaxda görüş barədə heç bir məlumat yaymayıblar. Ermənilər Yevlaxda görüşə razılaşarlarsa, bu, separatçıların və Ermənistan hakimiyyətinin “yalnız üçüncü tərəfin iştirakı ilə neytral ərazidə müzakirələr aparaq” tələbindən geri çəkilməsi olacaq".
Siyasi şərhçi Asif Nərimanlı da deyib ki, Qarabağdakı ermənilərin nümayəndələri ilə Yevlaxda görüş barədə məlumat maraqlı detaldır:
"Ermənistan Birinci Qarabağ müharibəsində Yevlaxa qədər əraziləri işğal etməyi planlaşdırırdı. Hətta “biz Yevlaxa çatıb Azərbaycanın neft ixracının yolunu kəsməliyik” çağırışları edilirdi. 44 günlük müharibənin ilk günlərində də erməni təbliğat maşını “Azərbaycanı Yevlaxa qədər qovmuşuq” iddiaları irəli sürürdü. İndi ermənilər Bakının onlara hansı taleyi yazacağını görmək üçün Yevlaxa gəlir. Erməni nümayəndələrin qəbul yerinin Yevlax seçilməsi bu kontekstdə təsadüfə bənzəmir".