Qarabağda bərpa işləri sürətlənəcək

2026-cı ilədək Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına ayrılan vəsait 20 milyard manatdan çox olacaq
  Prezident İlham Əliyev bu ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı müşavirə keçirdi. Müşavirədə Azərbaycanın bundan sonrakı inkişafının əsas istiqamətləri bir daha vurğulandı. Əsas istiqamətlər ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası işləri və iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsidir. Dövlət başçısı qeyd etdi ki, qeyri-neft sektorunda 3 faizdən artıq, qeyri-neft sənayesində isə 6.5 faizlik bir artım qeydə alınıb. Prezident bəyan etdi ki, əsas hədəflərdən biri yüksək dövlət büdcəsi təmin etməkdir. Müstəqillik dövrü tariximizdə ilk dəfədir ki, dövlət büdcəmiz 33 milyard manata gəlib çatıb. Büdcədə aparılan əlavə tədbirlər nəticəsində faktiki olaraq büdcənin həcmi 36 milyard manata gəlib çatıb. 6 ayın yekunlarına görə, 60 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib. 10 milyard manatlıq profisitimiz əmələ gəlib. Yəni ixrac idxalı üstələyib. İlin sonuna qədər bu rəqəmin daha böyük olacağı da vurğulandı. 
 Millət vəkili Vüqar Bayramov "Sherg.az"adeyib ki, ilin ilk yarısında qeyri-neft sənayesinin 6,5 faiz, qeyri-neft sektoru 3 faizdən çox artması müsbət haldır. Deputatın sözlərinə görə, bu, enerjidən kənar sektorların artıq iqtisadi artımda drayverə çevrilməsindən xəbər verir. Həmçinin ÜDM-nin strukturunda da qeyri-neft sektorunun payının artması anlamına gəlir: "Qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatlar dövlət büdcəsi gəlirlərinin artmasında da özünü büruzə verir. 2023-cü ilin büdcəsi manat ifadəsində müstəqillik ilinin ən böyük büdcəsidir. Bu ilin ilk 4 ayında büdcəyə əlavə olaraq 2 milyard 400 milyon manatın daxil olması fiskal gəlir və xərclərimizə dürüstləşmənin edilməsinə imkan yaratdı. Bu büdcəyə əlavə 3 milyard 50 milyon manatın cəlb edilməsinə və bununla da Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, milli təhlükəsizliyimizin daha da gücləndirilməsi üzrə ayırmaların artırılmasına imkan yaratdı. 
2023-cü ilin sonunadək işğaldan azad olunan ərazilərimizin bərpasına ayrılan vəsait 12 milyard manata çatacaq. Onun 5.5 milyard manata yaxını məhz 2023-cü ilin payına düşəcək. Bütövlükdə, 2026-cı ilədək Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına ayrılan vəsait 20 milyard manatdan çox olacaq. Bütün bunlar "Böyük qayıdış" proqramının daha sürətlə icrasına imkan yaradır. İlin sonunadək Qarabağ və Şərqi Zəngəzura 2 min ailənin və ya 10 minə yaxın vətəndaşımızın qayıtması reallaşacaq. Bu isə o deməkdir ki, artıq işğaldan azad olunmuş ərazilərə əhalinin tədricən, mərhələli şəkildə qayıtması müşahidə olunur.  Bütövlükdə, bu ilin birinci yarısında əldə edilən nəticələr növbəti 6 ayda da qeyri-neft sektorunda, fiskal gəlirlərimizdə artım tendensiyasının davam edəcəyindən və Qarabağda bərpa işlərinin sürətlənəcəyindən xəbər verir".