"Xüsusilə Borçalıda yaşayan soydaşlarımızın yanında həm Azərbaycan təhsil sistemi, həm ictimai mühit, həm də mənəvi dayaqlar dayanmalıdır"
Son günlər baş verən ağır yol-nəqliyyat hadisəsi cəmiyyətdə böyük kədər və narahatlıq yaradıb. Bunlardan biri də dünən Gürcüstanın Qardabani rayonunda baş verən dəhşətli yol qəzasıdır.
Gənc insanların həyatını itirməsi təkcə ailələr üçün deyil, bütövlükdə cəmiyyət üçün ağır itkidir. Bu faciə bir daha göstərdi ki, gənclərin düzgün istiqamətləndirilməsi, təhsil, mənəvi tərbiyə və məsuliyyət anlayışının formalaşdırılması son dərəcə vacib məsələdir. Baş verən hadisə ilə bağlı səsləndirilən fikirlər də məhz bu reallıqlara diqqət çəkir.
Borçalı İctimai Birliyinin sədri Zəlimxan Məmmədli Sherg.az-a bildirib ki, yeddi nəfərin bir anda həyatla vidalaşması, yeddi gələcəyin yox olması, bəlkə də möhtəşəm zəkaların sönməsi, gələcəkdə dövlət, millət, el-oba üçün faydalı ola biləcək, bəlkə də fövqəladə əhəmiyyət daşıyacaq insanların həyatının yarımçıq qalması deməkdir:
"Hər bir halda dünyasını dəyişənlərə Allahdan rəhmət, ailələrinə isə səbr diləyirəm. Bu hadisə baş verməyə də bilərdi. Burada nə düşmən hücumu var, nə mühasirə, nə də hansısa məcburi vəziyyət ki, ölüm təhlükəsi qaçılmaz olsun. Sadəcə bir avtomobillə təhlükəli davranış edildi və bunun nəticəsində ağır faciə yaşandı.
Burada söhbət 17-18 yaşlı gənclərdən gedir. Görünür ki, onların bir çoxu hələ təhsilini tam başa vurmayıb, peşə sahibi olmayıb və həyatlarını formalaşdırmaq mərhələsində olublar. Maddi gəlir əldə etmək, cəmiyyətə fayda vermək kimi mərhələlərə də tam çatmayıblar. Bəlkə də əksəriyyəti subay idi və həyatlarının ən emosional dövrünü yaşayırdılar.
Belə hallarda ilk növbədə cəmiyyət, ailə və təhsil sistemi gənclərə düzgün istiqamət verməlidir. Onlarda təhsilə maraq yaratmaq, elmi təşviq etmək, əxlaqi və mənəvi dəyərləri aşılamaq vacibdir".
Z. Məmmədli qeyd edib ki, millətin tarixdən gələn dəyərlərinə hörmət edən, məsuliyyət hissi yüksək olan gənclər yetişdirilməlidir:
"Bir məsələ də var ki, bizim toplumda “ayıbdır” anlayışı həmişə mühüm yer tutub. İnsanlar anlamalıdırlar ki, yüksək sürətlə avtomobil idarə etməyin və emosional davranışların çox ağır nəticələri ola bilər. Əgər bu istiqamətdə düzgün tərbiyə və maarifləndirmə daha güclü olsaydı, bəlkə də belə bir faciə baş verməzdi.
Mən bu hadisədən cəmiyyət olaraq dərs çıxarmağın tərəfdarıyam. Millətimizin müasir dövrdə daha güclü, daha faydalı və daha hazırlıqlı olması üçün gənclər elm və təhsil mühitində yetişməlidirlər. İnsanlar 25-27 yaşına çatanda artıq yetkin, düşüncəli və müdrik vətəndaşlar kimi formalaşmalıdırlar. Sistem də məhz buna xidmət etməlidir".
Müsahibimiz baş verən hadisənin hər kəs üçün ciddi dərs olmasını arzu edib:
"Xüsusilə Borçalıda yaşayan soydaşlarımızın yanında həm Azərbaycan təhsil sistemi, həm ictimai mühit, həm də mənəvi dayaqlar dayanmalıdır. Gənclərin savadlı, məsuliyyətli və yüksək mənəvi keyfiyyətlərə malik vətəndaş kimi yetişməsi üçün onlara dəstək verilməlidir".