Qurgen Nersisyanın siyasi xarakteri maraq doğurur
"Bu xarakter də erməni xislətindəki dəyişməz prinsipləri saxlayıb”
“Ancaq Vardanyanın kreslodan düşürülməsi fonunda ən azından Azərbaycanla Qarabağ erməniləri arasındakı təmaslara maneə yaradan tel qırıldı”
Qarabağdakı separatçı rejimin başçısı Araik Arutyunyanın saxta “dövlət naziri” Ruben Vardanyan “vəzifəsindən" istefa verib. Qeyd edək ki, Rusiya vətəndaşlığından çıxarılan milyarder Ruben Vardanyan Azərbaycanın bu bölgəsində qanunsuz fəaliyyətlə məşğul olub. O, torpaqlarımızda milli sərvətlərin qanunsuz istismarı ilə məşğul olub. Onun Qarabağda istənilən şəkildə qalması Azərbaycanın qanunlarına ziddir. Odur ki, Vardanyanın və onun kimi qanunsuz fəaliyyət göstərənlərin Azərbaycan ərazisini tərk etməsi vacibdir. Vardanyanın "müşaviri" Mesrop Arakelyan isə deyib ki, işdən çıxarılsa belə Qarabağı tərk etməyəcək: "Ruben Vardanyan "Artsax"ı tərk etmək niyyətində deyil. İstənilən dəyişiklikdən asılı olmadan onun "Artsax"a sədaqəti dəyişməz qalacaq və o, mövcud çağırışlara tab gətirmək üçün əlindən gələni edəcək”.Tanınmış rusiyalı politoloq Sergey Markov deyib ki, Azərbaycan ekoloqlarının Laçın yolunda aksiyası böyük uğura gətirib çıxardı. O, Vardanyanın istefasının əsas səbəbi kimi, Azərbaycanın belə bir tələblə təzyiq etməsini göstərib. Markov hesab edir ki, nə İrəvan, nə də Moskva Vardanyanı dəstəkləyib. Rusiyalı politoloqun sözlərinə görə, ermənilərin Qarabağdan köçü başlayacaq: "İndi aydındır ki, heç bir xüsusi maneə olmadan iki il yarımdan sonra bütün Qarabağ Azərbaycanın nəzarətinə keçəcək”.
Siyasi şərhçi Aqşin Kərimov "Şərq"ə bildirib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə gələrək özünü “dövlət naziri” elan edən Ruben Vardanyanın xəyalları suya düşüb. Daha dəqiq desək, Vardanyanla yanaşı, onu himayə edən, qeyri-leqal gəlirlərini artırmaqda yardımçı olan Rusiya və Qərbin bu etap üçün oyunu pozulub. Analitik vurğulayıb ki, Ruben Vardanyan Kremlin əlindəki oyuncaqdır: "Moskva bu vasitə ilə Cənubi Qafqaz üzrə hökumətlərə alternativ qüvvələr formalaşdırır. Ruben Vardanyanın “Qarabağdakı məşqləri” onu Ermənistana doğru itələyən prosesin yönünü təşkil edir. Yəni o, İrəvan administrasiyasına alternativ və böyük rıçaqlara malik ola biləcək fiqur kimi yetişdirilir. Ancaq prosesin Azərbaycan torpaqları üzərindən aparılması Bakı üçün qəbuledilməz bir tablodur. Bakı onu da hesablayır ki, Vardanyan kimilərinin Ermənistanda böyük bir nüfuz qazanması gələcəkdə Bakı-İrəvan gündəliyinin Moskva tərəfindən tormozlanmasına şərait yarada bilər. Deməli, Vardanyanın Qarabağdakı qondarma vəzifəsindən azad edilməsi Bakının diktələrinin nəticələri kimi qəbul edilməlidir. Vardanyan isə hələ də Qarabağda qalacağını deyib, ancaq hər keçən müddətdə Azərbaycanın onu zərərsizləşdirmək üçün xeyli effektiv addımlar atacağına şübhə yoxdur".
Ekspertə görə, Vardanyanın yerinə "təyin olunan" separatçıların “baş prokuroru” Qurgen Nersisyanın siyasi xarakteri maraq doğurur: "Bu xarakter də erməni xislətindəki dəyişməz prinsipləri saxlayıb, ancaq Vardanyanın kreslodan düşürülməsi fonunda ən azından Azərbaycanla Qarabağ erməniləri arasındakı təmaslara maneə yaradan tel qırıldı. Rusiya və Qərb Qurgen Nersisyandan istfadə edərək Azərbaycana qarşı yararlanmağa çalışa bilərlər. Ancaq Nersisyanın siyasi bağları məsələnin rəngini qarışdırır. Nersisyan haqqında hərtərəfli, genişspektrli məlumatlar azdır. Sadəcə iddia olunan budur ki, o, nüfuzlu milyarder Corc Sorosun şəbəkəsi ilə təmasdadır. Nikol Paşinyanın özünün də Sorosla əlaqələrini nəzərə alsaq, Nersisyanın Qarabağdakı “karyerası”nın perspektiv xətti şübhəli məqamları göz önündə canlandırır".
A.Kərimov diqqətə çatdırıb ki, Vardanyan Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Münhendə keçirilən görüşdən sonra “vəzifə” pilləkənindən yıxıldı: "Gümanla, Qərb Vardanyanı əvəz edən şəxs kimi Qurgeni tövsiyə edib. O mənada ki, Nersisyan Azərbaycanın şərtlərini qəbul etməyə, Bakının gündəliyi ilə hərəkət etməyə daha açıq biridir. Ancaq Cənubi Qafqazda Rusiyanın təsirləri daha geniş olduğundan sonrakı gedişat maraq doğurur.
Azərbaycan proseslərdə manipulyasiyaya yol verilməməsi üçün əlindən gələni edəcək və mümkün variantlardan biri kimi Qarabağdakı erməni icması ilə təmasları intensiv fazaya keçirəcək. Bakı bu istiqamətdə Qərbə də şərtlərini qəbul etdirmiş kimi görünür, amma kartlar dəyişsə, ssenarilər də fərqli məcraya yönələ bilər".