Rubio: ABŞ Liviyanın birliyinin bərpasına dəstək verəcək

ABŞ Liviyanın ərazi bütövlüyünün və siyasi birliyinin bərpasına dəstək göstərmək üçün tərəfdaşları ilə əməkdaşlığı davam etdirəcək.

Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda Liviya Milli Ordusunun (LMO) baş komandanının müavini Səddam Haftarla görüşündən sonra bildirib.

Rubio "X" sosial şəbəkəsində paylaşdığı açıqlamada Səddam Haftarla Liviyanın silahlı qüvvələrinin birləşdirilməsi və ölkədə davamlı sülh üçün şəraitin yaradılması məsələlərini müzakirə etdiyini qeyd edib.

"ABŞ Liviyada sülh, birlik və rifahın təmin olunması naminə ölkə liderləri və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirəcək", - deyə o vurğulayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqottun yaydığı yazılı açıqlamada isə bildirilib ki, tərəflər Liviyanın hərbi, iqtisadi və siyasi institutlarının ölkə rəhbərliyi tərəfindən birləşdirilməsi istiqamətində atılan addımları müzakirə ediblər.

Qeyd olunub ki, Rubio ölkə rəhbərliyinin parçalanmanın aradan qaldırılması və milli birliyin möhkəmləndirilməsi istiqamətində səylərini yüksək qiymətləndirib. ABŞ-nin Liviyanın birliyinin dəstəklənməsi və demokratik yolla seçilmiş hökumətin formalaşdırılması üçün diplomatik təşəbbüslərdə aparıcı rol oynamağa davam edəcəyi vurğulanıb.

"Bloomberg" agentliyi iyunun 17-də ABŞ administrasiyasının Liviyada sabitliyin bərpasına, qarşıdurma tərəfləri arasında atəşkəsə nail olmağa və bununla da ölkənin neft ehtiyatlarına çıxışı genişləndirməyə çalışdığını yazmışdı.

Qeyd edək ki, 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada uzunmüddətli siyasi və hərbi qarşıdurma başlayıb. Son illərdə ölkənin qərbində Tripoli hakimiyyəti ilə şərqdə yerləşən və Liviya Milli Ordusunun dəstəklədiyi qüvvələr arasında qarşıdurma davam edib.