Rusiya anti-Qərb blokunu gücləndirmək niyyətindədir - POLİTOLOQ

“Zaxarovanın Kuba bəyanatı əslində ABŞ-yə göndərilən geosiyasi mesajdır”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirilb ki, Kuba ABŞ-nin kobud iqtisadi təzyiqinin obyekti olmağa davam edir.

Onun sözlərinə görə, rəsmi Moskva suveren dövlətin daxili işlərinə kobud müdaxilə, hədə-qorxu, qanunsuz birtərəfli məhdudlaşdırıcı tədbirlərin, təhdidlərin və şantajın tətbiqini qətiyyətlə pisləyir.

Bu açıqlamanın fonunda Rusiya artıq bir neçə gündür ki, davamlı şəkildə ABŞ-yə qarşı bəyanatlarla çıxış edir.

Politoloq Yusif Bağırzadə Sherg.az-a Mariya Zaxarovanın Kubaya dəstək ifadə edən açıqlamalarının qeyri-adi olmadığını deyib:

"Kuba Rusiyanın Latın Amerikasındakı əsas müttəfiqidir. Rusiya-Kuba münasibətləri SSRİ dövründən davam edir. Xüsusilə də Venesuelada baş verənlərdən sonra Rusiya özünün Latın Amerikasındakı maraqlarını qoruya bilmək üçün hazırda Kubaya dəstək və ABŞ-nin siyasətini tənqid edən mövqe nümayiş etdirir.

Məlumdur ki, ABŞ və Kuba arasında münasibətlər onilliklərdir gərgin olaraq qalır. Vaşinqton Havana hakimiyyətinə qarşı uzun müddətdir iqtisadi embarqo və müxtəlif məhdudiyyətlər tətbiq edir. ABŞ bunu əsasən insan haqları, demokratiya, siyasi azadlıqlarla əlaqələndirsə də, Kuba, həmçinin ona yaxın ölkələr bu siyasəti iqtisadi təzyiq və siyasi təsir vasitəsi kimi qiymətləndirirlər. Rusiya da məhz bu arqumentdən istifadə edərək ABŞ-ni “suveren dövlətlərin daxili işlərinə müdaxilə edən güc” kimi təqdim etməyə çalışır".

Analitik bildirib ki, son günlər Moskvanın ABŞ əleyhinə ritorikanı gücləndirməsi təsadüfi deyil:

"Bu, bir neçə paralel geosiyasi proseslə bağlıdır. İlk növbədə, Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-nin birbaşa olmasa da Kiyevə dəstəyi davam etdirməsi və Rusiya əleyhinə sanksiyaları saxlaması Rusiyanı Vaşinqton əleyhinə bəyanatlar verməyə məcbur edir. Kreml beynəlxalq informasiya mübarizəsində ABŞ-ni qlobal qeyri-sabitliyin əsas mənbəyi kimi göstərməyə çalışır. Kuba kimi ölkələr isə Moskva üçün anti-Qərb siyasi blokunun simvolik tərəfdaşları hesab olunur.

Digər tərəfdən, Rusiya bu ritorika vasitəsilə regiondakı aktiv rolunu qoruyub saxlamağa çalışır. Zaxarovanın “qardaş Kuba xalqına dəstək” mesajı da əslində siyasi həmrəylik nümayişindən daha çox, ABŞ-yə ünvanlanan geosiyasi mesajdır".

Ekspert qeyd edib ki, Zaxarovanın Kuba ilə bağlı bəyanatı təkcə Havananı müdafiə etmək deyil, daha geniş geosiyasi qarşıdurmanın tərkib hissəsidir:

"Moskva bu cür açıqlamalarla həm ABŞ-ni beynəlxalq arenada təzyiq siyasəti aparan dövlət kimi göstərməyə çalışır, həm də özünü Qərb təsirinə qarşı alternativ güc mərkəzi kimi təqdim edir".