Rusiya güclü olsaydı, Ermənistanı bir günə məhv edərdi - ŞƏRH

 “Kremlin İrəvana qarşı əlində qalan yeganə silah iqtisadi təzyiqdir”

Ermənistanda parlament seçkilərinə sayılı günlər qaldığı bir vaxtda İrəvan-Moskva xəttində münasibətlər daha da kəskinləşir. Ermənistan hakimiyyətinin Avropa İttifaqı ilə yaxınlaşma siyasətindən ciddi narahat olan Rusiya rəsmiləri Ermənistanın Avrasiya İqtisadi İttifaqından uzaqlaşmasının ciddi iqtisadi nəticələr doğura biləcəyi barədə xəbərdarlıqlar edir, enerji daşıyıcılarının qiymətinin artırılması və erməni məhsullarının əsas ixrac bazarlarını itirməsi ehtimalını gündəmə gətirirlər.

Son olaraq Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin məsləhətləşmələr üçün Moskvaya çağırılması iki ölkə arasındakı münasibətlərdə yeni gərginlik mərhələsinin başladığı barədə müzakirələri gücləndirib. Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb ki, Rusiyanın Ermənistan səfiri S.P. Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılmasına səbəb Ermənistan rəhbərliyinin Avropa İttifaqı ilə yaxınlaşmaya yönəlmiş və Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində əməkdaşlığa zərər vuran addımlarıdır. 

Rusiya - Ermənistan münasibətlərini şərh edən siyasi şərhçi Heydər Oğuz Sherg.az-a açıqlamasında bildirib ki, Rusiya Ermənistanın Avropa İttifaqına inteqrasiya səylərinə və Avrasiya İqtisadi Birliyindən getdikcə uzaqlaşan siyasətinə ağrılı yanaşır və bu o qədər də təəccüblü deyil: “Məsələ burasındadır ki, Rusiya Ermənistanı başqa dövlət kimi görmür. Özünün yaratdığı və Azərbaycan türklərini yurd-yuvasından uzaqlaşdırıb onların ən münbit torpaqlarında erməniləri yerləşdirdiyi arxa bağçası kimi baxır. Dolayısıyla Ermənistan xalqını özünün ən gözəl evində kirayəşin kimi yaşayan toplum kimi dəyərləndirir. İndi həmin “kirayəşin” “ev mənimdir” deyib “xozeyin”in üzünə ağ olur. Bu da Moskvada aşırı qıcıq yaradır”.

Heydər Oğuzun fikrincə, Moskva öz aləmində haqsız da deyil: “Çünki digər post-sovet ölkələrindən fərqli olaraq, ermənilər yaşadıqları ölkənin yerli xalqı deyil. Onların böyük əksəriyyəti Osmanlı və Qacariyyə dövlətlərindən həmin torpaqlara köçürülərək məskunlaşdırılan didərginlərdir. Vaxtilə Qərb dövlətlərinin, həmçinin Çar Rusiyasının qızışdırması ilə Osmanlı dövlətinə qarşı ən ağır xəyanətlərə əl atan erməniləri bu əraziyə rus imperialistləri yerləşdiriblər. Onları silahlandırıb, özlərinin də birbaşa iştirakı ilə Ermənistanı yerli türk xalqlarından “təmizləyiblər”. Həmin ərazilərə yerləşdirilən ermənilərə isə öz torpaqlarını həvalə etdikləri “kirayəşin” kimi görüblər. Hətta bununla da kifayətlənməyib, Rusiya illər boyu Ermənistana hərtərəfli dəstək verib. Onların istifadə etdiyi kommunal xərcləri belə Rusiya ödəyib. 

Özünün arxa bağçasında yetişdirilən meyvələri, çəkilən arağı, konyakı belə pulla alıb, ermənilər arasından çıxan “işəyaramaz” kadrları belə öz hakimiyyət orqanlarında işlə təmin edib.Rusiya bir növ erməniləri başqa xalqların ərazisində özünün ərköyün övladı kimi böyüdüb, “qa” deyəndə çörək, “qu” deyəndə su verib.

 Məntiqlə, ermənilər də I Pyotrdan indiyədək keçən 3 əsrlik geniş zaman dilimində rusların göstərdiyi bu etimada və lütfkarlığa ehtiramla yanaşmalı, “ağalarının üzünə ağ olmamalı” idilər. Lakin ermənilər yenə öz xislətlərinə uyğun olaraq “valideynlərinin” yaxşılıqlarını unudub özünə başqa ata-ana axtarmağa başlayıb. Üstəlik, bu “nankorlar” rus imperializmin öz belindən gələn doğma balaları deyil. Ata-anasından üz döndərib “yetimxana”ya sığınmış özgə balalarıdır. Ermənilərin bu “xəyanəti” sözsüz ki, istənilən “xeyirxah” atalığı narahat edər və Rusiyanın reaksiyaları da bu baxımdan təəccüblü deyil”.

 Bu narahatlığın özünü Rusiya rəsmilərinin, o cümlədən Vladimir Putinin İrəvana qarşı açıqlamalarında açıq şəkildə özünü büruzə verdiyini xatırladan həmsöhbətimiz qeyd edib ki, artıq bir çox rus rəsmiləri açıq şəkildə ermənilərə hədə-qorxu gəlməkdən özlərini saxlaya bilmirlər: “ Hətta hədə-qorxu yarışına Rusiyanın dövlət başçısı Vladimir Putin də qoşulub, İrəvana Avrasiya İttifaqından çıxacağı təqdirdə qarşılaşacağı problemlərlə əlaqədar xəbərdarlıq edib. Putin bildirib ki, Ermənistan bu təşkilatdan çıxarsa Rusiya bu ölkəyə verdiyi ucuz enerji daşıyıcılarının qiymətini artıracaq. Nəticədə, enerji daşıyıcılarının qiymətinin bahalaşması Ermənistanın ümumi daxili məhsulunun “dərhal ən azı 14 faiz itirməsinə” səbəb olacaq. O, həmçinin qeyd edib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqını tərk edərsə, avtomobil daşıyıcılarına qarşı tələblərin sərtləşdirilməsi və dəmir yolu daşımaları üzrə tariflərin kəskin artması ilə üz-üzə qalacaq”.

Heydər Oğuzun fikrincə, “Ermənistanın üzə ağ olması” sadəcə “ögey oğulun” himayədar atalığa xəyanət etməsi kimi məişət zəminli hadisə də deyil: “Bu, Rusiya üçün 300 illik imperialist hədəflərinin darmadağın olmasıdır. Çox uzağa getməyək, bugünkü rus imperializminin atası sayılan I Pyotrun öz xələflərinə buraxdığı vəsaiyyətnamələrində ermənilərlə bağlı qeydlərinə nəzər salsaq, İrəvanın bu addımlarının Kremldə doğurduğu reaksiyaların əsl səbəbini anlaya bilərik. Pyotr vəsiyyətnamələrində erməni məsələsinə sadəcə hansısa xristian xalqa edilmiş yaxşılıq kimi yox, rus imperializminin dayaq nöqtələri kimi baxdığını açıq-aşkar etiraf edərək yazıb: “ Rusiyanın sərhədləri Avropada şimala doğru Baltik dənizinə, cənuba doğru isə Qara dənizə qədər genişlənməlidir. Buraya ermənilərin yaşadığı ərazilər də daxil olmalıdır. Amma bunun üçün əvvəlcə Osmanlı İmperiyasını məhv etmək lazımdır. Digər tərəfdən, Gürcüstan İran üçün Qafqazda həyati əhəmiyyətli bir mövqedədir. Buna görə də, Gürcüstandan əvvəl Ermənistanı və Azərbaycanı (cənub və şimal) fəth etməli və İranın daxili dahilərini öz xidmətçilərinizə çevirməlisiniz. Beləliklə, Avropanın sərvəti qapınıza gələcək. 

Türküstan məsələsinə gəldikdə isə, bu, bizim Hindistana açılan qapımızdır. Bu torpaqları xanlıqlara bölün və ölkəni parçalayın. Avstraliya ilə qardaş kimi görünün, amma gizlicə planlarınızı həyata keçirin. Türkləri Avropadan qovmağa çalışın. Şərq əyalətlərini ermənilərin yaşadığı ərazilərə çevirin” və s.

Göründüyü kimi, I Pyotr dünyanı öz ayaqlarına gətirmək projesini erməni məsələsi üzərində qurub. Məhz bu məqsədlə də Ermənistan Türkiyə ilə Mərkəzi Asiya arasında əngəlləyici şlaqbaum kimi yaradılıb. Ermənistanın bu siyasətdən imtina edib Türkiyə və Azərbaycanla yaxınlaşması I Pyotrdan günümüzə qədər davam edən rus imperializmi ideologiyasının kökünə endirilmiş balta zərbəsidir. Əlbəttə ki, özünü Pyotrun davamçısı sayan Putin bu prosesi laqeydliklə izləyə bilməz”.

 Ermənistanın Aİ ilə yaxınlaşmasını dayandıra bilməsə, Rusiyanın növbəti mərhələdə atacağı addımlara gəldikdə isə Heydər Oğuz bildirib ki, kəramət gücə bağlıdır: “Rusiya əgər əvvəlki qədər güclü olsaydı, rus imperializminin altına partlayıcılar döşəməyə çalışan İrəvanı bir gün ərzində məhv edərdi. 2022-ci ildən bu günə qədər davam edən Ukrayna savaşı isə regionda qüvvələr nisbətini önəmli ölçüdə dəyişdirdi. Düzdür, bu gün belə, Gümrüdə rus hərbi qüvvələri yerləşdirilib. Həmin qüvvələr fors-major hallarında ilk hərəkətə keçən hərbi hissələr olacaqdı. Ardınca isə Rusiya bölgəyə yeni qüvvələrini göndərəcəkdi. Amma hazırda Rusiyanın buna cəsarət edəcəyini düşünmürəm. Çünki İrəvan da əvvəlki İrəvan deyil. O, 2020-ci ildən bu yana keçən 6 il müddətində öz ordu birliklərini yaratdı. Başı Ukraynada böyük bəlaya qarışan Rusiyanın Ermənistandakı 1000-2000-lik ordusuna yəqin ki, İrəvan öz daxili qüvvələri ilə cavab verə bilər. Əslində bir neçə gün əvvəl İrəvanda keçirilən hərbi parad da ermənilərin ruslara bu mesajı idi. Rusiyanın Ermənistana əlavə qüvvə göndərmək imkanları isə yox səviyyəsindədir. Ən azı ona görə ki, Rusiyanın Ermənistanla birbaşa torpaq əlaqəsi yoxdur. Rus ordusu Ermənistana girmək istəsə, bunu ya Azərbaycanın, ya da Gürcüstanın əraziləri üzərindən edə bilər. Bu isə Ermənistandan əvvəl bu iki dövlətdən birinin və ya ikisinin də işğalı deməkdir. Sözsüz ki, Azərbaycan ordusunun əli, türklər demişkən, armud toplamır. Ordumuz istənilən xarici təcavüzü dayandıra və ya təcavüzkara ağır bədəllər ödətdirə biləcək gücdədir. Gürcüstan isə qardaş Türkiyə ordusunun himayəsi altındadır və Rusiyanın Ermənistana təcavüzünü Ankara da istəməz. Türkiyə ilə qarşı-qarşıya gəlmək isə NATO-nu öz qarşısına almaq deməkdir. Nəzərə alsaq ki, ABŞ da Ermənistandan keçən Zəngəzur dəhlizinin açılmasında maraqlıdır və İrəvanla bağladığı uzun müddətli müqavilə ilə faktiki bu dəhlizin işlədilməsini öz öhdəsinə götürüb, Vaşinqtonun da bu ehtimalda dövriyyə girəcəyini təxmin edə bilərik. İndiki zamanda Putinin ən böyük qorxusu isə ABŞ-la münasibətlərin pozulmasıdır. Bu baş verərsə, ABŞ təkcə İrəvanı deyil, Kiyevi də açıq şəkildə dəstəkləyə və Rusiyaya ölümcül sanksiyalar tətbiq edə bilər. Son bir-iki ay ərzində ABŞ-ın vitse-prezidentinin və Dövlət Departamentinin katibinin İrəvana səfəri, president Donald Trampın açıq şəkildə Paşinyanı dəstəkləməsi də Rusiyaya verilmiş ən güclü mesajlardır.

Rusiya üçün dərd həm də burasındadır ki, Ukraynadan fərqli olaraq, Çin də Rusiyanın Ermənistanı işğalı prosesinə göz yummaz. Ən azı ona görə ki, Zəngəzur dəhlizi hər kəsdən daha çox Çinin “Bir Yol, Bir Kəmər” projesinin tərkib hissəsidir və Pekin Avropa ilə trilyonluq ticarət xəttinin bağlanmasına razı ola bilməz. Qısası, heç bir regional və qlobal güc mərkəzləri Ermənistana hərbi müdaxilədə Rusiyanı dəstələməz”.

Siyasi şərhçi hesab edir ki, bu çətin tənlik qarşısında Rusiyanın ata biləcəyi yeganə bir addım var, o da Ermənistana iqtisadi təzyiqləri artırmaq və Rusiyada yaşayan milyonlarla ermənini öz ölkələrinə deportasiya etməklə İrəvan sakinlərini Paşinyana qarşı qaldırmaqdır: “Amma indiki şəratdə bu iqtisadi rıçaqların da ciddi işə yarayacağını düşünmürəm. Sözsüz ki, bu baş verərsə, İrəvan möhkəm şəkildə silkələnəcək. Amma Qərb ölkələrinin dəstəyi ilə bu vəziyyətdən çıxa biləcəyinə inanıram”.