Elçin Xalidbəyli: Moskvanın ildırımsürətli qələbə planı fiasko oldu
"Ukrayna müharibəsi Rusiyanın yalnız iqtisadi deyil, hərbi qüdrəti barədə formalaşdırdığı mifləri də dağıdıb"
Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın “dünyada yalnız iki supergüc var - ABŞ və Çin” açıqlaması qlobal güc balansı ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. ABŞ prezidentinin Rusiyanı supergüc kimi qeyd etməməsi Moskvanın beynəlxalq sistemdəki mövqeyinin zəifləməsi ilə bağlı iddiaları daha da gücləndirib.
Xatırladaq ki, bir müddət əvvəl Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Kaya Kallas da Rusiyanın artıq supergüc hesab edilə bilməyəcəyini bildirmiş, Ukraynaya qarşı uzunmüddətli müharibənin ölkəni iqtisadi, hərbi və siyasi baxımdan ciddi şəkildə zəiflətdiyini vurğulamışdı. Qərbdə səslənən bu fikirlər fonunda Rusiyanın qlobal güc statusunu nə dərəcədə qoruyub saxladığı yenidən əsas müzakirə mövzularından birinə çevrilib.
Siyasi ekspert Elçin Xalidbəyli də Sherg.az-a açıqlamasında Rusiyanın artıq əvvəlki qlobal supergüc statusunu itirdiyini bildirib. Ekspertin fikrincə, Rusiyanın Ukraynaya müdaxiləsi bu prosesin əsas dönüş nöqtəsinə çevrilib. O xatırladıb ki, müharibənin başlanğıc mərhələsində rəsmi Moskva cəmi bir neçə gün ərzində Kiyevdə hərbi qələbə paradı keçirəcəyini iddia edirdi. Lakin gözlənilən “ildırımsürətli qələbə” baş vermədi və müharibə artıq dörd ildən çoxdur davam edir.
Ekspertin sözlərinə görə, bu müddətdə Ukrayna ərazilərinin müəyyən hissəsi işğal olunsa da, Rusiya həm hərbi, həm siyasi, həm də iqtisadi baxımdan ağır nəticələrlə üzləşib:
“Bütün dünyada Rusiya işğalçı dövlət kimi tanınır və beynəlxalq imici ciddi zərbə alıb. Kreml isə hələ də sovet dövründən qalma imperiya təfəkkürü ilə hərəkət edir və dəyişən geosiyasi reallıqları qəbul etmək istəmir”.
E. Xalidbəyli vurğulayıb ki, Qərbin tətbiq etdiyi genişmiqyaslı sanksiyalar Rusiyanın iqtisadi imkanlarını əhəmiyyətli dərəcədə zəiflədib. Xüsusilə enerji sektorunda yaranan problemlər Moskvanın əsas gəlir mənbələrinə ciddi təsir göstərir:
“Avropa bazarı uzun illər Rusiyanın enerji ixracında əsas istiqamət idi. Lakin Avropa Birliyi mərhələli şəkildə Rusiyadan enerji asılılığını aradan qaldırır və 2027-ci ilə qədər bu idxalın tam dayandırılması planlaşdırılır. Bu vəziyyət Rusiyanı Çin və Hindistan kimi Asiya bazarlarına yönəlməyə məcbur edir. Nəticədə Moskva enerji resurslarını daha ucuz qiymətə satmalı olur və getdikcə Pekindən daha çox asılı vəziyyətə düşür”.
Politoloqun fikrincə Ukrayna müharibəsi Rusiyanın yalnız iqtisadi deyil, hərbi qüdrəti barədə formalaşdırdığı mifləri də dağıdıb. Onun fikrincə, uzun müddət “yenilməz ordu” kimi təqdim olunan Rusiya ordusunun texniki, logistika və koordinasiya problemləri açıq şəkildə üzə çıxıb: “Müharibə uzandıqca Rusiyanın həm canlı qüvvə, həm də hərbi texnika baxımından resursları tükənməyə başlayır. Qərb ölkələri artıq nüvə silahı amili istisna olmaqla, Rusiyanın konvensional hərbi gücünü əvvəlki qədər ciddi təhlükə hesab etmir. Bir sözlə, iqtisadi zəifləmə, beynəlxalq təcrid, hərbi itkilər və daxili sosial problemlər yaxın illərdə Rusiyanın qlobal təsir imkanlarını daha da məhdudlaşdıra bilər. Əgər mövcud proseslər bu şəkildə davam edərsə, yaxın 10 ildə indiki Rusiyanın tarixi perspektivdə mövcudluğunu itirməsi də istisna deyil".