Rusiya qarışdı, deputatlar danışdı

Bir daha aydın oldu ki, Operativ Qərargah nəyə görə quru sərhədlərinin bağlı qalması ilə bağlı qərar qəbul edib

Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyinə 20 məsələ daxil edilib. Parlamentin sədri Sahibə Qafarova deyib ki, iki gün sonra xalqımız Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününü qeyd edəcək. Sədr bildirib ki, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış erməni ordusu Ordumuz tərəfindən 3 il əvvəl darmadağın edilib: “Biz hərbi qulluqçularımızın igidliyini heç zaman unutmayacağıq. Bu gün Silahlı Qüvvələrimiz öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Prezidentini təbrik edir, yeni uğurlar arzulayırıq”.

“Rusiyada sabitlik Azərbaycanın dövlət maraqlarına cavab verir”

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Rusiyada baş verənlərdən danışıb. Deputat deyib ki, Rusiyada sabitlik Azərbaycanın dövlət maraqlarına cavab verir. Onun sözlərinə görə, orada həm də 2 milyon azərbaycanlı yaşayır: “Bu gün səhər öyrəndik ki, Rusiyada "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin, əsasən cinayətkarlardan ibarət silahlı dəstələri qanuni hakimiyyətə qarşı qiyam qaldırıb. Eynən bizdə 1993-cü ildə Surət Hüseynovun qaldırdığı qiyam kimi”. Millət vəkili diqqətə çatdırıb ki, Rusiya bizim strateji tərəfdaşımız və böyük qonşumuzdur: “Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləsək də, 1993-cü ildə Rusiyanın sərgilədiyi mövqedən fərqli olaraq biz, qiyamı pisləməli, qanuni hökumətə öz dəstəyimizi ifadə etməliyik. Rusiyada sabitlik Azərbaycanın dövlət maraqlarına cavab verir. Çünki orada həm də 2 milyon azərbaycanlı, eyni zamanda türk xalqları və on milyonlarla müsəlman yaşayır. Çox istərdik ki, qanuni hökumət qardaş qanı axıtmadan danışıqlar yolu ilə qanunsuz silahlı dəstələri, qiyamçıları tərksilah etsin”.

"Aydın oldu ki, Operativ Qərargah nəyə görə quru sərhədlərinin bağlı qalmasına qərar verdi"

Deputat Hikmət Babaoğlu deyib ki, bu gün dünyadan çox həyəcanlı xəbərlər gəlir. Onun sözlərinə görə, bu gün bir daha aydın oldu ki, cəmi bir neçə gün əvvəl Operativ Qərargah nəyə görə quru sərhədlərinin bağlı qalması ilə bağlı qərar qəbul edib. 

"Bu, rüşvət mənbəyidir..."

Millət vəkili Fazil Mustafa taksi sürücülərinin tibbi yoxlanışdan keçməsi məsələsinə toxunub: "Sürücü üçün hər reysqabağı tibbi yoxlama nə dərəcədə realdır? Demək, sürücü hər reysqabağı 10-20 manat ödəniş etməlidir ki, bu sənədi alsın. Bu, rüşvət mənbəyidir". Onun sözlərinə görə, bunun formasını elə tapmaq lazımdır ki, 1, ya 2 aydan bir sürücünün səhhətinin yoxlanılması təmin edilsin: “Hər dəfə bu tələb qoyulanda müqavilə bağlayıb, hansısa tibb müəssisəsinə bu vəsaiti ödəməlisən. Reysqabağı tibbi müayinə anlaşılmaz ifadədir, bunu dəqiqləşdirmək lazımdır. Müddətli tibbi müayinə qoyulmalıdır. Məsələn, 3, 6 ay və ya 1 illik müayinə məsələsi qoyulmalıdır”.

"Şərq-Qərb" nəşriyyatı tenderdə iştirak edəndə digərləri pərən-pərən düşür"

Deputat Etibar Əliyev isə tenderlərdən bəhs edib. Bildirib ki, "Şərq-Qərb" nəşriyyatı tenderdə iştirak edəndə digərləri pərən-pərən düşür: ""Şərq-Qərb" nəşriyyatının kimə məxsus olduğunu hamı bilir. Bu nəşriyyat tenderdə iştirak edən kimi bütün digər nəşriyyatlar pərən-pərən düşür. Hamı bilir ki, artıq bu nəşriyyat qalibdir. Elm və Təhsil Nazirliyinin 36 milyon 108 min manatlıq tenderini "Şərq- Qərb" nəşriyyatı udub. Sonradan məlum olub ki, nəşriyyatın 10 milyon manatdan çox debitor borcu var. Buna görə dövlət satınalmaları ilə bağlı ciddi nəzarət olmalıdır".