Rusiyanın əsas hədəfi müxalifəti Ermənistan parlamentinə daşımaq idi - Ermənişünas alim

  • Rusiyadan gələn əsas tapşırıq hakimiyyətin fəaliyyətinə mane olmaq və iqtidara siyasi təzyiq göstərmək üzərində qurulub

Ermənistanda Paşinyan höküməti ilə müxalif blok arasında barışmaz mübarizə davam edir. Rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” partiyası və sabiq prezident Robert Köçaryana məxsus “Ermənistan” bloku Paşinyanı seçkiləri saxtalaşdırmaqda ittiham edərək, səslərin ləğv olunması tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət etdilər. Məhkəmə isə nəticələri qüvvədə saxladı. Hazırda revanşist qüvvələr Paşinyan hökmətinə qarşı mübarizəni parlamentə daşıyıblar.

“Güclü Ermənistan” və “Ermənistan” partiyaları qazandıqları mandatları qəbul edərək, qanunverici orqanda təmsil olunacaqlarını açıqlayıblar. Ermənistanlı ekspertlər də revanşistlərin parlamentə çıxışını müsbət qarşılamır. Politoloq Armen Bağdasaryan bildirib ki, müxalifətin parlamentdə fəaliyyət göstərməsi, hakimiyyətə qarşı mübarizədə əlavə imkanlar yarada bilər. Onun sözlərinə görə, seçicilər müxalifətə hakimiyyət dəyişikliyi üçün səs veriblər.

Mövzu ilə bağlı ermənişünas-alim Qafar Çaxmaqlı Sherg.az-a bildirib ki, Rusiyanın başlıca hədəfi müxalif qüvvələrin Ermənistan parlamentində təmsil olunmasına nail olmaq idi:

““Ermənistan” bloku və “Güclü Ermənistan” partiyasının mandatlardan imtina edəcəyi ilə bağlı müxtəlif spekulyasiyalar yayılmışdı. Dəfələrlə onların Rusiyanın tapşırıqlarını yerinə yetirmək məqsədilə mandatı qəbul edəcəklərini deyirdim. Belə də oldu. Onların parlamentdə təmsil olunması, Paşinyan hökumətinə siyasi təzyiq imkanlarını genişləndirdiyi üçün Rusiyanın maraqlarına cavab verir. R. Köçaryan və S. Karapetyan seçkilərin nəticələrinin ləğvi üçün son ümidlərini Konstitusiya Məhkəməsinə bağlamışdılar. Ancaq arzuları suda batdı. Belə bir vəziyyətdə batan adamın saman çöpündən yapışdığı kimi, mandatları qəbul etməkdən başqa yolları qalmamışdı”. 

Alimin sözlərinə görə, erməni politoloq müxalifətin hakimiyyəti devirəcəyini düşünsə də, müxalif partiyalar cəmi 40 mandatla, hökumətin qərarlarını təkbaşına bloklamaq imkanına sahib deyil:

“Lakin bütün bunlar Paşinyanın konstitusion çoxluğundan məhrum olması faktını dəyişmir. Konstitusion çoxluğa malik olmayan Paşinyan iqtidarı, Baş prokurorun seçilməsi və Konstitusiyanın xüsusi prosedurlarla dəyişdirilməsini tələb edən islahatları təkbaşına həyata keçirə bilməz. Ancaq alternativ yollar var. Paşinyan müxalif düşərgədəki bəzi deputatları ələ alıb, gizli səsvermə yolu ilə gündəliyə çıxarılan məsələni öz leyhinə həll eliyə bilər. Yenə də, konstitusion çoxluğun olmaması, Paşinyanı digər deputatlardan asılı vəziyyətə salır. Bu da gələcəkdə krizisə yol aça bilər. Konstitusiyanın dəyişdirilməsi təkcə Azərbaycanın irəli sürdüyü tələblərlə deyil, Ermənistan daxilində yaranmış yeni siyasi vəziyyətlə də şərtlənir”. 

Q.Çaxmaqlı qeyd edib ki, Paşinyan revanşistlərin səsini kəsmək və ölkə üzərində tam nəzarəti bərpa ertmək üçün konstitusion çoxluğuna nail olmağa çalışacaq:

“Erməni politoloq hakimiyyət dəyişikliyindən danışarkən, müxalif blokun müəyyən məsələlər üzərindən parlamentdə siyasi gərginlik yaratmağa çalışacağını nəzərdə tutur. Rusiyadan gələn əsas tapşırıq hakimiyyətin fəaliyyətinə mane olmaq və iqtidara siyasi təzyiq göstərmək üzərində qurulub. Bunlar Rusiyanın proksi qüvvələri olduqlarına görə heç vaxt müstəqil hərəkət etmirlər. Lakin parlamentdəki qüvvələr nisbəti onların təkbaşına hakimiyyəti dəyişməsinə imkan verməyəcək”.