Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları arasında yaradılan yeni əməkdaşlıq mexanizmi ortaq təhdidlərə qarşı birgə fəaliyyətin gücləndirilməsinə xidmət edəcək.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, bunu Şuşada keçirilən TDT-yə üzv dövlətlərin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşündə çıxış edən Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş bildirib.
O, Türk dünyasının ortaq tarix, mədəniyyət və mənəvi irsə malik olduğunu bildirib.
Onun sözlərinə görə, geosiyasi gərginliklər, dezinformasiya, islamofobiya, dini radikalizm və ekstremist ideologiyalar Türk dünyasının dini qurumları qarşısında yeni vəzifələr qoyur.
Safi Arpaquş qeyd edib ki, dini qurumlar İslamın sülh, qardaşlıq və həmrəylik prinsiplərini daha fəal şəkildə təbliğ etməli, dini biliklərin gənc nəslə müasir üsullarla çatdırılması üçün birgə layihələr həyata keçirməlidirlər.
O vurğulayıb ki, TDT ölkələrinin dini təhsil müəssisələri arasında ortaq proqramların hazırlanması, akademik əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat mərkəzlərinin yaradılması və təcrübə mübadiləsi gələcək əməkdaşlığın əsas istiqamətlərindən olmalıdır.
Türkiyə Diyanət İşləri İdarəsinin sədri bildirib ki, dini cəhalət, müqəddəs dəyərlərin təhrif edilməsi və dinin istismarına qarşı mübarizə aparmaq, eyni zamanda din və vicdan azadlığının, sosial həmrəyliyin və qarşılıqlı hörmətin qorunması dini qurumların əsas vəzifələrindəndir.
Safi Arpaquş əlavə edib ki, Şuşada təməli qoyulan əməkdaşlıq mexanizmi dini xidmətlər, təhsil və beynəlxalq platformalarda koordinasiyanın güclənməsinə, Türk dövlətləri arasında qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək.