Şahin Mustafayevin Ermənistana səfəri gizli saxlanılıb - Paşinyandan ETİRAF

"Bizim baş nazir müavinimiz də Azərbaycana səfər edəndə eyni qaydalar tətbiq olunub"

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin İrəvana səfərinə münasibət bildirib.

Teleqraf xəbər verir ki, hökumət başçısı səfərin əvvəlcədən ictimaiyyətə açıqlanmamasını təhlükəsizlik məsələləri ilə əsaslandırıb.

N. Paşinyan bu görüşün mühüm hadisə olduğunu vurğulayıb:

"Bizim baş nazir müavinimiz də Azərbaycana səfər edəndə eyni qaydalar tətbiq olunub. İnformasiya sızmalarını isə tam istisna etmək mümkün deyil. Hər iki ölkənin baş nazir müavinlərinin qarşılıqlı səfərlərini sülh prosesi və institutlaşdırma məntiqi çərçivəsində tarixi hadisə hesab edirəm. Bu mərhələyə gəlib çatdığımıza şadam", - o əlavə edib.

Hökumət başçısı vurğulayıb ki, iki ölkə arasındakı əlaqələr daim yaxşılaşmalı, sülh isə tədricən möhkəmlənməlidir:

"Normal münasibətlər, uzunmüddətli perspektivdə isə strateji və mehriban qonşuluq əlaqələri qurmaq lazımdır".