Sarkisyan: Sözlərimi təhrif edənlər axmaqdır

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Baş nazir Nikol Paşinyanın üçüncü müddətə seçilməsi ilə bağlı fikirlərinin təhrif edildiyini bildirib.

Sherg.az xəbər verir ki, Sarkisyan jurnalistlərə açıqlamasında qeyd edib ki, onun dedikləri Ermənistan Konstitusiyasına mümkün dəyişikliklər kontekstində səsləndirilib və bəzi şəxslər bu sözləri qəsdən yanlış təqdim ediblər.

“Kimlərsə mənim sözlərimi manipulyasiya edirsə və ya konteksti başa düşmürsə, onlar axmaqdır. Yalnız axmaq adam düşünə bilər ki, mən Ermənistanı kapitulyasiyaya aparmaqda, Vətəni təslim etməkdə və Kilsəyə hücum etməkdə ittiham etdiyim bir şəxsi müdafiə edə bilərəm”, – deyə Sarkisyan bildirib.

O vurğulayıb ki, Paşinyana qarşı irəli sürdüyü ittihamlar təkcə üçüncü müddət məsələsi ilə məhdudlaşmır və onun mövqeyi kifayət qədər aydındır.

Qeyd edək ki, iyunun 7-də keçirilən parlament seçkilərinin ilkin nəticələrinə görə, Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası 49,825 faiz səslə qalib gəlib. Müxalifətdəki "Güclü Ermənistan" Bloku 23,281 faiz, "Ermənistan" Bloku isə 9,934 faiz səs toplayıb.