Moskvanın tələbi odur ki, Rusiya taxılının satışına qoyulmuş məhdudiyyətlər aradan qaldırılsın
Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Daha öncə iki dəfə 60 gün müddətində uzadılan müqavilənin müddəti iyulun 17-də başa çatır. Rusiya anlaşmanın yerinə yetirilməsi mexanizmindən narazıdır. Kreml iddia edir ki, anlaşmanın ziddinə olaraq taxılın cüzi hissəsi Afrikanın kasıb ölkələrinə çatdırılıb, əsas hissəsi varlı Avropa ölkələrinə satılıb.
Moskvanın başqa iddiası odur ki, verilən vədlərin əksinə olaraq Rusiyanın kənd təssərrüfatı məhsullarının Qara dəniz üzərindən satışına əngəllər ortadan qaldırılmayıb. Ekspertlərin fikrincə, Kremlin anlaşmadan çıxması Ukraynaya problem yaradacaq. Çünki bu anlaşma sayəsində Ukrayna öz taxılını müxtəlif ölkələrə satmaq imkanına malikdir və az da olsa büdcəyə əlavə gəlir mənbəyidir. Rusiya anlaşmadan çıxarsa, Ukrayna gəmilərinə Qara dəniz üzərindən taxıl daşımağa mane olacaq və həmin gəmiləri hədəf götürəcək. Məhz bu məsələni müzakirə etmək üçün Ukrayna prezidenti V.Zelenski Türkiyəyə səfər edərək həmkarı R.T.Ərdoğanla görüşüb. Məlum olub ki, Ərdoğan Zelenskidən sonra Rusiya prezidenti Vladimir Putinlə də müzakirə aparacaq. "Taxıl sazişi" məsələsinin iyulun 11-12 tarixlərində Vilnüsdə keçiriləcək NATO sammiti çərçivəsində də müzakirə olunacağı deyilir. Lakin "Geopragma" analitik mərkəzinin rəhbəri Karolin Qalakteros bildirib ki, sammitin Rusiyanın taxıl sazişini uzatmaq və ya ondan imtina etmək qərarına ciddi təsiri olmayacaq. Ekspertin fikrincə, Rusiya gübrələrinin ixracını təmin etmək öhdəliyini nəzərə alsaq, saziş kağız üzərində tərəflər üçün faydalı görünür, ancaq son şərt heç vaxt yerinə yetirilməyib və birtərəfli olub. Rusiya KİV-ləri isə məlumat yayıb ki, Ukrayna taxılını dünya bazarına çıxarılmasını nəzərdə tutan "Taxıl sazişi" Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında keçiriləcək görüşdən sonra uzadıla bilər. Bildirilib ki, hazırda bu məsələ ilə bağlı optimizm yoxdur. Rəsmi Moskva indiki şəraitdə sazişin uzadılmasının mümkünsüzlüyündən danışır. Ukrayna da razılaşmanın müddətinin uzadılmasının şərtlərinin dəyişdirilməsinə qarşı çıxır. Ərdoğan-Putin dialoqu yaranmış şərait üçün yeganə ümid mənbəyi sayılır.
Politoloq İlqar Vəlizadə "Sherg"a açıqlamasında deyib ki, "taxıl sazişi"nin uzadılması qarşılığında Moskvanın tələbi odur ki, Rusiya taxılının satışına qoyulmuş məhdudiyyətlər aradan qaldırılsın. Analitik vurğulayıb ki, Kreml "taxıl sazişi"inin imzalanmasında tərəf olan BMT-dən tələb edir ki, öz kanalları vasitəsi ilə Qərb ölkələrini "rus taxılı" məsələsində razı salsın:
"Burada söhbət sadəcə taxıldan yox, həmçinin Rusiya gübrələrindən də gedir. Moskva iddia edir ki, təxminən bir neçə yüz ton gübrə Avropa dəniz limanlarında saxlanılır. Rusiya gübrələrin buraxılmasını və onların satışından əldə olunan gəlirin ölkə bankları vasitəsilə daxil olmasını tələb edir. Yəni Rusiyanın əsas bankları da sanksiyadan azad olunsun. Danışıq aparan Türkiyə, o cümlədən Ukrayna isə deyir ki, bu, onlara aid məsələ deyil. Bu, Rusiya ilə BMT arasında əlavə memorandum əsasında imzalanmış sazişdir. Ankara çalışır ki, özünə aid məsələlər həllini tapsın və taxıl gəmiləri Ukrayna limanlarından çıxsın və ixrac olsun. Əslində Türkiyə iddia edir ki, "taxıl sazişi"ndə problem yoxdur. Rusiya tərəfi özü uzun-uzadı süni yoxlamalarla problem yaradır".
İ.Vəlizadə vurğulayıb ki, sazişin müddəti uzadılmazsa, dünya taxıl bazarında ciddi problemlər müşahidə olunacaq:
"Anlaşma olmazsa, Rusiya öz taxılını Türkiyə vasitəsi ilə dünya bazarına çıxara bilməyəcək. Rusiya taxılının ixrac olunduğu yerlərdə - Afrika dövlətləri və Yaxın Şərq ölkələrində böhran və yeni hərəkətlilik meydana çıxa bilər. O baxımdan mümkündür ki, üç ay olmasa da, ən azından üç həftə ərzində "taxıl sazişi"nin işləməsinə imkan verildi. Üç həftə ərzində müzakirələr davam etdirilsin və yekun qərar alınsın".