Sülh danışıqlarında fasilə yaranıb -  Azərbaycan konkret addımlar atacaq


“Ermənistan rəhbərliyi son kartlarını da oynadı. Silahli erməni birləşmələrinə qarşı hərbi əməliyyatlar gözlənilir" 
 "Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını qeyd etsə də, praktik olaraq sülh sazişindən yayınır və Qarabağda separatizmi dəstəkləyir".
 Bu barədə "Sherg.az"a politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, Ermənistanla mümkün danışıqlar prosesində fasilə yaranıb: 
"Ermənistan "humanitar yük" şousu ilə Azərbaycana təzyiq formalaşdırmağa çalışır. Avropa İttifaqı və ABŞ Ermənistana təzyiq etməyərək, proseslərin böhranlı vəziyyətə sürükləməsinə seyrçi mövqedən yanaşırlar. Ermənistan rəhbərliyi Qarabağla bağlı mövqeyində dəyişikliklər etməzsə, Zəngəzur məsələsində Azərbaycan öz mövqeyini ortaya qoyacaq. İrandan sonra Rusiya da Zəngəzurda konsulluq açmağı planlaşdırır. Həmçinin Avropa İttifaqı da mülki müşahidə missiyası üçün ofis açır. Məqsəd Zəngəzurla bağlı məsələdə Azərbaycana təzyiq etməkdir. Avropa İttifaqı və ABŞ-nin vasitəçiliyi müsbət istiqamətdə inkişaf etməsə, Azərbaycan özü addımlar atmalı olacaq. Qarabağda silahlı separatçılar və Ermənistan destruktiv fəaliyyətlərini davam etdirir. Bunlar sülh imkanlarının qarşısını alır".
 Siyasi şərhçi bəyan edib ki, Azərbaycan və Türkiyənin yenidən birgə hərəkət etməsi mümkündür:
 "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Qarabağı Azərbaycanla birgə azad etdik" mesajı Ermənistan və bölgədə suyu bulandıranlara ünvanlanıb. Gələn aydan Azərbaycan konkret addımlar atacaq. Ermənistan rəhbərliyi son kartlarından istifadə edir. Ermənistana və silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatlar gözlənilir".