Sülhə mane olan qüvvələr: Gözardı etmək olmaz!

Azərbaycan tərəfi sülhə hazırdır

İndi bütün məsuliyyət Ermənistanın üzərinə düşür

  Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunması potensial olaraq ilin sonundan tez mümkündür. Nazir qeyd edib ki, Ermənistan müəyyən addımlar atmağa hazır olsa, sülh razılaşması əldə edilə bilər: "Ermənistanın nəinki bəyanat vermək, hətta bəzi əməli addımlar atmaq iradəsi varsa, hesab edirəm ki, potensial olaraq ilin sonundan da əvvəl razılığa gəlmək mümkündür". C.Bayramov Qarabağda yaşayan ermənilər ətrafında gedən söz-söhbətə də münasibət bildirib. XİN başçısı vurğulayıb ki, ermənilərə zəmanət tələbi Azərbaycanın işinə qarışmaqdır: "Biz bir sıra səbəblərə görə belə bir ilkin şərti qəbul etmirik. Bu, daxili, suveren məsələdir. Azərbaycan konstitusiyası və Azərbaycanın qoşulduğu bir sıra beynəlxalq konvensiyalar bu əhalinin hüquqlarının təmin edilməsi üçün bütün lazımi şəraiti yaradır". Nazirin sözlərinə görə, Qarabağda yaşayan ermənilər də digər etnik və dini azlıqlar kimi Azərbaycan cəmiyyətinə və dövlət strukturlarına inteqrasiya etsələr, yenə də öz dillərində danışa və təhsil ala, mədəniyyətlərini qoruyub saxlaya bilərlər. C.Bayramov əlavə edib ki, sülh danışıqlarında müəyyən irəliləyiş var və Bakı sövdələşməyə hazırdır: "Niyə Ermənistanın baş nazirinin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü həqiqətən tanıdığını deməsi iki il yarım çəkdi?".
Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a bildirib ki, Azərbaycan tərəfi sülhə hazırdır. Deputatın sözlərinə görə, rəsmi Bakı müqavilənin imzalanması və yekun sülh üçün bütün zəruri addımları atır: 


"Hər məsələ dəqiq ölçülüb-biçilib. Burada bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Əgər İrəvan hökuməti konstruktiv mövqe nümayiş etdirərsə, həqiqətən də sülhdə maraqlı olarsa, yekunda sənədə imza atmaq mümkün olacaq. Ancaq danışıqlar ərəfəsində bir bəyanat verməklə, geri döndükdən sonra tamam fərqli açıqlamalar səsləndirməklə bütövlükdə danışıqlar prosesinə mənfi təsir göstərir və irəliləyişə maneçilik törədir. Əlbəttə, burada kənar dövlətlərin təsirini də gözardı etmək olmaz. Təəssüf ki, Fransa kimi dövlətlər sülh prosesində nəticə əldə edilməsinə əngəl yaradır, imkan vermir. Əgər N.Paşinyan hökuməti mövcud reallığı və həqiqətləri görməyi bacarsa, əks addımların nəyə səbəb olacağını dərk etsə, proses irəliyə doğru gedəcək".