İrəvan Bakıya bağlı yeni marşrutla ayağa qalxır
Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, ölkə “tamamilə yeni iqtisadi inkişaf mərhələsinə” daxil olur və bu proses Ermənistan-Azərbaycan arasında formalaşan sülh gündəliyi ilə birbaşa bağlıdır. Paşinyan yaxın zamanda “Tramp Marşrutu” və ya TRIPP layihəsinin işə düşməsi ilə Ermənistanın uzun illər davam edən blokada vəziyyətindən çıxacağını qeyd edib.
Baş nazirin sözlərinə görə, artıq müəyyən siyasi razılaşmalar mövcuddur və Azərbaycan ərazisi vasitəsilə Ermənistana dəmir yolu ilə yük daşımaları həyata keçirilir. Eyni zamanda, ixracın da həm Azərbaycan, həm də Gürcüstan üzərindən mümkün olduğu, lakin hələlik logistika sisteminin tam uyğunlaşmadığı vurğulanır.
Paşinyanın bu açıqlamaları Ermənistanın iqtisadi və geosiyasi kursunda ciddi transformasiya siqnalı kimi qiymətləndirilə bilər. Burada üç əsas məqam diqqət çəkir:
Birincisi, sülh prosesinin iqtisadi çərçivəyə keçidi baş verir.
Paşinyanın çıxışında diqqətçəkən əsas məqam sülhün artıq təkcə siyasi yox, iqtisadi layihə kimi təqdim olunmasıdır. Ermənistan rəhbərliyi sülh prosesini regional kommunikasiya xətlərinin açılması və ticarət axınlarının bərpası ilə əlaqələndirir. Bu, İrəvanın post-münaqişə dövründə iqtisadi inteqrasiyaya üstünlük verdiyini göstərir.
İkinci məsələ TRIPP (“Tramp Marşrutu”) faktorunun strateji əhəmiyyətidir. “Tramp Marşrutu” və ya TRIPP layihəsinin gündəmə gətirilməsi Ermənistan üçün yeni nəqliyyat arxitekturası deməkdir. Bu layihə Ermənistanın uzun illər davam edən regional təcridini azaltmaq potensialına malikdir. Əgər real şəkildə icra olunarsa, bu, Ermənistanın həm Azərbaycan, həm də daha geniş regionla iqtisadi əlaqələrini dərinləşdirə bilər.
Nəhayyət üçüncü məsələ etimad və logistika problemidir. Paşinyanın özü də qeyd edir ki, əsas maneə təkcə infrastruktur deyil, həm də etimaddır. 30 illik formalaşmış logistika zəncirlərinin dəyişməsi vaxt tələb edir. Bu, sülh prosesinin ən həssas hissəsinin iqtisadi və psixoloji faktorlar olduğunu göstərir. Yəni, razılaşmalar olsa belə, onların real ticarət dövriyyəsinə çevrilməsi mərhələli şəkildə baş verəcək.
Bütün bunları nəzərə aldıqda nəticə olaraq görürük ki, Paşinyanın mesajı ümumilikdə Ermənistanın sülh gündəliyini iqtisadi inkişafla birləşdirməyə çalışdığını göstərir. Lakin bu proses hələ başlanğıc mərhələsindədir və onun uğuru yalnız siyasi razılaşmalardan deyil, həm də regionda etimadın möhkəmlənməsi və infrastrukturun real işlək mexanizmə çevrilməsindən asılı olacaq.