Tehran Paşinyana daha əvvəlki kimi güvənmir - Zərdüşt Əlizadə

  • “Paşinyan İranın maraqlarına zidd addım atdı, münasibətlər buna görə soyudu”
  • “Kağızdakı imzalar sınmış etibarı bərpa etməyəcək”

Cənubi Qafqazda ölkələrin düşmənçilik və qonşuluq münasibətləri daxili hakimiyyət dəyişiklikləri və yeni liderlərin şəxsi-siyasi ambisiyalarından asılı olaraq dəyişib. Ermənistan və İran münasibətləri də bu prinsipə söykənib. İrəvan-Tehran arasındakı rəsmi əlaqələr Ermənistanın 1991-ci ildə müstəqillik əldə etməsindən sonra formalaşmağa başlayıb.

Tərəflər illərdir ki, sadə qonşuluq prinsiplərini aşaraq münasibətləri dostluq səviyyəsinə qaldırıblar. Lakin 44 günlük vətən müharibəsində, Ermənistana hərbi və siyasi dəstək verən İranın, ABŞ və İsrailin hücumları fonunda gözlədiyi dəstəyi görməməsi təəccüb doğurub. Buna baxmayaraq, Tehran və İrəvan arasındakı soyuqluq yerini yeni yaxınlaşma meyillərinə verməyə başlayıb. Baş nazir Nikol Paşinyanın Əli Xamneinin dəfnində iştirakı və həmin səfərdən sonra Ermənistan-İran arasında strateji tərəfdaşlıq sazişinin hazırlanması tərəfdaşlığın bərpası üçün tramplin rolunu oynadı. İranın Ermənistandakı səfiri Xəlil Şirqulami bildirib ki, imzalanan sənəd, iki ölkə arasındakı əməkdaşlığı yeni səviyyəyə qaldıracaq. 

Mövzu ilə bağlı politoloq Zərdüşt Əlizadə Sherg.az-a bildirib ki, Ermənistan-İran münasibətləri Azərbaycan-İran münasibətləri ilə sıx bağlıdır:

“Bu münasibətlər mövcud geosiyası və siyasi kordinatlar sistemində baş verir. İranda azsaylı erməni icması yaşayır. Onlar bütün hüquqlardan dini azlıq olaraq istifadə edirlər. Tarixi faktlar da göstərir ki, SSRİ dağılanda İran rəhbərliyi, Azərbaycanla münasibətləri sıxlaşdırmağa çox can atdı. Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov da öz növbəsində bu çağırışa cavab verdi. Lakin dövlət çevrilişi nəticəsində hakimiyyəti qamarlayan Xalq cəbhəsi, İranı “düşmən dövlət” elan elədi. A.Mütəllibovun qurduğu kövrək körpülər, Ə. Elçibəyin hakimiyyəti dövründə darmadağın edildi. Onun İran dövlətinin süqut edəcəyini açıq şəkildə dilə gətirməsi və Xankəndiyə gedən yolun Təbrizdən keçdiyini elan edən radikal şüarları, Bakı-Tehran münasibələtlərinin gərginləşməsinə səbəb oldu”. 

Politoloqun sözlərinə görə, İran-Azərbaycan münasibətlərinin qızıl dövrü Heydər Əliyevin hakimiyyətinə söykənir:

“H.Əliyevin hakimiyyətə gəlməsində İranın rolu böyükdür. Hətta ona dəstək məqsədilə Azərbaycana hərbi hissələr göndərildi. Mən onların harada yerləşdiklərini və hansı vəzifələri icra etdiklərini də bilirdim. Horadizin qaytarılmasında da İran xüsusi təyinatlıları Azərbayacana dəstək göstərdilər. Ermənilər Qarabağın mühüm hissəsindən çıxarıldı. 1994-cü ildə H.Əliyevin İrana səfəri zamanı mən də jurnalist kimi həmin səfəri və keçirilən görüşləri işıqlandırmaq üçün ezam olunmuşdum. H.Əliyev İranla bir sıra sahələrdə müqavilə imzalamağı planlayırdı. Ancaq Amerika onlara imkan vermədi. Tehran rəhbərliyi, Ə.Elçibəy hökümətinin İranda molla rejiminin devrilməsinin tərəfdarı olduğunu görəndən sonra İran Ermənistanla münasibətləri yaxşılaşdırdı. Vaxtilə Levon Ter Petrosyan demişdi ki, “biz boğulurduq, İran nəfəsliyi açmasaydı öləcəkdik”. 

Z.Əlizadə qeyd edib ki, həqiqətən də, Ermənistanı bataqlıqdan çəkib-çıxaran İran oldu: 

“Yəni, Cənubi Qafazda yerləşən qonşu dövlətlər “düşmənimin düşməni mənim dostumdur” prinsipi əsasında hərəkət ediblər. Ermənistan-İran münasibətləri uzun müddət normal müstəvidə davam etdi. Hazırda Ermənistanın qaz ehtiyacının bir hissəsini İran ödəyir. Eyni zamanda İran və Ermənistan arasında turizm və ticarət əlaqələri inkişaf edir. Qərb, İrana qarşı sərt sanksiyalar tətbiq etsə də, Ermənistanı dəstəklədiyi üçün İrəvan-Tehran münasibətlərinə müdaxilə etməkdən çəkinirdi. İki ölkə arasında əlaqələr ötən ilin avqust ayına qədər normal müstəvidə davam edirdi. İlham Əliyev və Paşinyanın Vaşinqtonda sülh sənədini paraflamasından sonra İran-İrəvan arasına buzlar girdi. Trampın Zəngəzur dəhlizi ilə bağlı irəli sürdüyü planlar İranı cin atına mindirdi. Tehran rəhbərliyi İran-Ermənistan sərhədindəki 42 kilometrlik yolun Amerikanın nəzarətinə verilməsini təhlükəsizliyinə təhdid kimi görür. Axı, ABŞ İranın suverenliyinin qəsdinə durub”. 

Ekspertin fikrincə, Paşinyan İranın dövlət maraqlarına zidd layihəyə razılıq verdiyi üçün İran-Ermənistan münasibətləri kəskinləşdi:

“Paşinyan höküməti çox yaxşı bilir ki, Rusiya ilə əlaqələrin zəiflədiyi dönəmdə Avropa ittifaqı Ermənistana qapı açmayacaq. İnanın səmimiyyətimə, Aİ-yə daxil olan ölkələrin heç də hamısı Ermənistanın təşkilata qoşulmasına müsbət yanaşmır. Rusiyanın dəstəyindən uzaqlaşan və Aİ-nin inteqrasiya prosesində çətinliklərlə üzləşən İrəvan, diqqətini Azərbaycan və İrana yönəltməyə başlayıb. Paşinyanın Əli Xamneinin dəfni mərasimində iştirakı da təsadüfü deyil. Hər iki tərəf bilir ki, Trampın prezident kimi ömürünə 1 il 5 ay qalıb. Paşinyan da elə bu "son istifadə tarixindən" yapışaraq, İran rəhbərliyinin beynini yumağa çalışır. Onun Tehrana verdiyi vəd bəsitdir: “Tramp gedəcək, TRIPP layihəsi də onunla birgə bitəcək”. İranın son vaxtlar TRIPP layihəsi barədə sakitləşməsinin pərdəarxasında dayanan gizli səbəb budur. Ancaq İran və Ermənistan arasında "hərtərəfli strateji saziş" imzalansa belə, bu, tərəflər arasındakı sınmış etibarı bərpa etməyəcək. Kağız üzərindəki imzalar, keçmişdəki səmimi dostluq münasibətlərini geri qaytarmaq gücündə deyil”.