- ABŞ Prezidenti həmçinin İranın “Kazma dağı” bölgəsinə yaxın zamanda güclü zərbələr endiriləcəyini iddia edib
ABŞ Prezidenti Donald Tramp İranla danışıqlara başlamaqda maraqlı olmadığını bildirib.
Sherg.az xəbər verir ki, Vaşinqtonda Livan Prezidenti Cozef Aun ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Tramp deyib ki, Tehran görüşmək istəsə də, ABŞ bunun üçün tələsmir.
“İran görüşmək istəyir. Amma mənim görüşməyə heç bir həvəsim yoxdur. Mənalı danışıqlara hazır olana qədər onlarla görüşməyəcəyik”, - deyə ABŞ lideri vurğulayıb.
Tramp həmçinin İranın “Kazma dağı” bölgəsinə yaxın zamanda güclü zərbələr endiriləcəyini iddia edib. O bildirib ki, Vaşinqton İranın nüvə fəaliyyətləri ilə əlaqəli hesab etdiyi bütün hədəfləri vurmağa hazırdır.
ABŞ Prezidenti əlavə edib ki, İranın hərbi potensialına ciddi zərbə vurulduğunu düşünür və Vaşinqtonun Tehranla bağlı fəaliyyətlərinin hələ başa çatmadığını qeyd edib.
Tramp Hizbullahla mümkün təmaslara da toxunaraq, Livan rəhbərliyinin belə bir istəyi olarsa, bu məsələni nəzərdən keçirə biləcəyini söyləyib. O, həmçinin Suriya Prezidenti Əhməd Əl Şaraa ilə münasibətlərinin yaxşı olduğunu və Hizbullah məsələsində əməkdaşlıq imkanlarının müzakirə edildiyini qeyd edib.