- Asif Nərimanlı: "İran təhlükəsi ABŞ-nin hərbi siyasətini legitimləşdirmək üçün də istifadə olunur"
ABŞ Məxfi Xidmətinin qorunan dövlət rəsmilərinə qarşı təhdidlərin son onilliklərin ən yüksək səviyyəsinə çatdığını açıqlaması Vaşinqtonda təhlükəsizlik məsələlərinin yenidən əsas gündəm mövzularından birinə çevrildiyini göstərir. Qurum rəhbərliyinin xüsusilə Donald Trampa qarşı İran mənşəli təhdidlərə, pilotsuz uçuş aparatlarının yaratdığı risklərə və ölkədaxili radikallaşma ehtimalına diqqət çəkməsi bu bəyanatların təkcə təhlükəsizlik deyil, həm də geosiyasi baxımdan əhəmiyyətini artırır. ABŞ-İran münasibətlərinin gərgin olaraq qaldığı, Yaxın Şərqdə qarşıdurmanın davam etdiyi bir şəraitdə səsləndirilən bu açıqlamalar real təhlükələrin miqyasını, eyni zamanda Vaşinqtonun daxili təhlükəsizlik siyasətində və siyasi gündəmində mümkün dəyişikliklərlə bağlı suallar doğurur. Görəsən, ABŞ rəsmilərinin bəhs etdiyi risklər nə dərəcədə realdır, bu təhdidlər ölkənin təhlükəsizlik strategiyasına necə təsir göstərə bilər və səsləndirilən mesajların siyasi məqsədləri varmı?
Siyasi şərhçi Asif Nərimanlı Sherg.az-a bildirib ki, Amerikada bu təhlükəsizlik ilə bağlı yaranan problemə İranla müharibə kontekstindən yanaşmaq lazımdır:
“ Həqiqətən də İranla müharibə fonunda ABŞ-də Iran və İranın dini rejiminin təsiri altında olan proksi qüvvələrdən qaynaqlanan təhlükələr, risklər var. Bilirik ki, müharibə dövründə, xüsusilə İranın yüksək səviyyəli hərbi və siyasi rəsmilərinin öldürülməsi qisas aktları riskini artırır və İran da bunu gizlətmir. Təbii ki, İranın potensialı baxımından birbaşa Donald Trampın və yaxud ABŞ-nin ən yüksək səviyyəli rəsmilərinin həyatına sui-qəsd etmək imkanları zəif görünür. Baxmayaraq ki, İran bunu gizlətmir və bu istiqamətdə sərt bəyanatlar verir. İranın bu açıqlamaları və qisas bəyanatları həm də İran daxilində, xüsusilə rejim tərəfdarlarının ictimai rəyinə hesablanmış addımdır. Amma bununla yanaşı, belə risklər mövcuddur. Çünki İranın özü və yaxud ona bağlı şəbəkələr istənilən vaxt Amerika rəsmilərinə qarşı hər hansı addım ata bilərlər. Məsələnin bir tərəfi budur və ümumi baxdıqda problem həqiqətən də mövcuddur”.
Analitik qeyd edib ki, Amerika tərəfinin bu problemi müəyyən qədər şişirtməsi məsələsi də var və bunu istisna etmək olmaz:
“Çünki İran təhlükəsinin böyüdülməsi, yəni Donald Trampın və digər ABŞ rəsmilərinin həyatına ciddi təhlükələrin olması ilə bağlı verilən açıqlamalar müəyyən mənada təhlükənin şişirdilməsi məqsədi də daşıyır. Bu da səbəbsiz deyil. Çünki ABŞ administrasiyası bununla İranın Amerikanın milli təhlükəsizliyi üçün birbaşa təhdid yaradan qüvvə olduğunu göstərməyə çalışır. Bu isə ilk növbədə Amerika daxilində ictimai rəyə, eyni zamanda siyasi elitaya təsir göstərmək məqsədi daşıyır. Çünki İranla müharibə Amerika daxilində birmənalı qarşılanmır. Həm ictimai rəydə, həm də siyasi elitada, o cümlədən qanunverici orqanda buna qarşı çıxanlar var. Ona görə də ABŞ administrasiyası İran təhlükəsini bu formada təqdim etməklə, İrana qarşı hərbi addımları daxildə legitimləşdirməyə çalışır. Digər tərəfdən, bu mesaj həm də Avropaya və ümumilikdə İranla müharibədə ABŞ-ni tənqid edən digər ölkələrə ünvanlanıb. Yəni ABŞ bununla beynəlxalq ictimai rəyə də təsir göstərmək istəyir. Amerika İranla müharibədə haqlı olduğunu və bu müharibənin legitim əsaslara söykəndiyini beynəlxalq ictimai rəyə çatdırmağa çalışır. Ona görə də hesab edirəm ki, Amerika rəsmilərinə qarşı bu cür təhdidlərin olması ilə bağlı açıqlamaların bir tərəfi real təhlükəyə əsaslansa da, digər tərəfi müəyyən qədər şişirdilmiş təqdimat xarakteri daşıyır. Təbii ki, əgər bu cür mövqe davam edərsə və ABŞ tərəfi bunu praktik addımlarla müşayiət etsə, bu, Donald Trampın şəxsi mühafizəsinin gücləndirilməsi, eləcə də ABŞ-nin daxili təhlükəsizlik konsepsiyasının yenilənməsi ilə nəticələnə bilər. Həmçinin bu istiqamətə daha çox maliyyə ayrılması ilə bağlı da müəyyən addımların atılması mümkündür”.