Trampın əsas hədəfi İsrailin regiondakı gücünü təmin etməkdir - ŞƏRH

"“İbrahim Sazişi”, gərginliyi yumuşaltmaq məqsədi daşıyır”  

Dünya mediası İran və ABŞ arasında yekun sənədin imzalanacağı günü gözləyərkən, diqqətlər yenidən “İbrahim Sazişləri”nə yönəldi. ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq ölkələri və Pakistanın liderləri ilə telefon danışığında, onları "İbrahim sazişləri"nə qoşulmağa çağırıb. Tramp, müzakirələrdə Türkiyə prezidentinin də iştirak etdiyini açıqlayıb.

ABŞ liderinin sözlərinə görə, bu proses Səudiyyə Ərəbistanı və Qətərin sazişləri imzalaması ilə başlamalı, qalanları isə onlardan nümunə götürməlidir. Qeyd edək ki, 2025-ci ildə Tramp Azərbaycan, Qazaxıstan və Özbəkistanı da sənədə daxil olmağa çağırmışdı. Həmin ilin noyabrında, Qazaxıstan bu sazişə qoşulmağa razı olduğunu açıqladı. Trampın təşəbbüsü əsasında ərsəyə gələn “İbrahim Sazişi”, onun təbirincə desək, sülh və firavanlıq yolunun seçilməsinə hesablanıb.

Bəs müharibənin təsirindən yeni çıxan ərəb ölkələrinin “İbrahim Sazişi”nə cəlb edilməsində əsas məqsəd nədir?

Mövzu ilə bağlı politoloq Sədrəddin Soltan Sherg.az-a bildirib ki, İsrail ABŞ-nin yaxın müttəfiqlərindən biri olduğu üçün Trampın əsas hədəfi onun regiondakı gücünü təmin etməkdir:

“Məhz buna görə Yaxın Şərq ölkələrini İsraillə münasibətləri bərpa etməyə çağırır. Təsadüfü deyil ki, “İbrahim Sazişi” 2020-ci ildə ABŞ-nin vasitəçiliyi ilə İsrail və ərəb dövlətləri (BƏƏ, Bəhreyn) arasında münasibətlərin normallaşdırılması istiqamətində imzalanıb. Sənəd xristianlıq, iudaizm və islam dünyasının qəbul etdiyi İbrahim peyğəmbərin adını daşıyır. Onun adı müxtəlif dinlər və xalqlar arasında ortaq dəyərləri və tarixi bağlılığı ifadə edən simvol kimi istifadə olunub. Uzun illər ərzində bir çox ərəb ölkələri İsraili tanımırdı. Bunun əsas səbəbi, Fələstin məsələsi və ərəb-israil münaqişələri idi. “İbrahim Sazişi”, gərginliyi yumuşaltmaq məqsədi daşıyır”.  

Politoloqun sözlərinə görə iqtisadi-siyasi maraqlar, müsəlman dünyası ilə yəhudiləri ortaq saziş çərçivəsində bir araya gətirdi: 

“Ərəb ölkələri İsrailin texnologiya, kənd təsərrüfatı, kibertəhlükəsizlik və turizm sahələrindəki inkişafından faydalanmaq istəyirdi. Saziş sayəsində əvvəllər bir-birini rəsmən tanımayan tərəflər, bir sıra sahələrdə əməkdaşlığa başladılar. Yaxın Şərq ölkələri, sonuncu müharibədə ABŞ, İsrail və İranın hücumlarından zərər çəkdilər. Ərəb ölkələri dəfələrlə ABŞ və İsraildən hücumların dayandırılmasını xahiş etsələr də, bu müraciətlər cavabsız qalıb. Bu səbəbdən İsrail və Körfəz ölkələri arasında münasibətlər yenidən soyumağa başlayıb. Tel-Əviv rəhbərliyinin strateji hədəfi isə Yaxın Şərqdə İsrailin təsir dairəsini genişləndirməkdir”.