Türkiyənin Azərbaycanla bağlı siyasətində heç bir dəyişiklik yoxdur

Ərdoğan-Əliyev görüşü həmin konsepsiyanın "yol xəritəsini" çəkmək üçün əhəmiyyətə malikdir

"Prezident İlham Əliyevlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın görüşü Türkiyənin nəhəng siyasi mərkəzi İstanbulda keçirilib. Bu, Türkiyədəki daxili proseslərlə xarici ölkələrdəki maraqlar kontekstini simvolizə edir".

Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib. 

Ekspert bildirib ki, Prezident İlham Əliyev yaranan bəzi suallar haqqında dəqiqləşdirmələr aparmalıdır: 

"Türkiyənin Azərbaycanla bağlı siyasətində heç bir dəyişiklik yoxdur. Ancaq ölkədə zəlzələnin yaratdığı şoklar seçkiqabağı neqativ tendensiyalara da yol aça bilər. Bu, Ankaranın xarici siyasət kursundakı sistemlilik və ardıcıllığında maneələr yarada bilər. Dövlət başçısı İlham Əliyev maneələrin nələrdən ibarət ola biləcəyini türkiyəli həmkarının ağzından eşidəcək. Ölkə rəhbəri Azərbaycan-Türkiyə-Rusiya, Azərbaycan-Türkiyə-NATO, Azərbaycan-Türkiyə-İsrail, Azərbaycan-Türkiyə Pakistan üçtərəfli əməkdaşlıqlar zolağındakı çağırışları həll etmək niyyətindədir".

Analitik xatırladıb ki, Prezident Münhen Təhlükəsizlik Konfransı çərçivəsində İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşmüşdü: 

"Bu, Türkiyənin İraq və Yaxın Şərq siyasətində Azərbaycanın rolunu artırmağa hesablanıb. Ərdoğan-Əliyev görüşü həmin konsepsiyanın "yol xəritəsini" çəkmək üçün əhəmiyyətə malikdir. Ümumilikdə dövlət başçısı İlham Əliyevlə Ərdoğanın görüşü Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur regionundan Ermənistana açılan mənzərədəki maksimal məqsədlərinin həyata keçirilməsi üçün hərtərəfli dəqiqləşdirilmələrin aparılması, risklərin qiymətləndirilməsi üçün vacibdir".