Türklər, ərəblər, kürdlər birlikdə hərəkət etsələr... - Türkiyəli tarixçi Ali Satan

Qarşıdakı əsri qazana, öz resurslarını qoruya bilərlər

Tarixə dair çıxışlar və siyasi liderlərin bəyanatları, keçmiş hadisələrin bu gün necə dərk edildiyini və necə şərh olunduğunu anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır. Xüsusilə Osmanlı dövrü və Birinci Dünya Müharibəsi ilə bağlı mövzular region xalqları arasında tarixi yaddaşın formalaşmasında mühüm rol oynayır.

Bu kontekstdə müxtəlif dövrlərdə verilən açıqlamalar həm tarixi hadisələrin yenidən qiymətləndirilməsinə, həm də xalqlar arasındakı ortaq keçmişin vurğulanmasına səbəb olur. Son günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Küt-ül Amarə qələbəsi ilə bağlı səsləndirdiyi fikirlər də məhz bu tarixi yaddaşın və regional həmrəyliyin önəmini yenidən gündəmə gətirib. Bir neçə gün əvvəl Ərdoğan Küt-ül Amarədə ərəblərlə yanaşı, kürd tayfalarının da Osmanlı ordusu ilə birlikdə vuruşduğunu və ərəb tayfaları arasında şiə tayfalarının da olduğunu qeyd etdi. Ərdoğan bununla türk-kürd-ərəb ittifaqının əhəmiyyətini xatırladıb.

Tarixçi professor, Türkiyə Cümhuriyyəti Tarixi üzrə mütəxəssis Ali Satan Sherg.az-a Türkiyənin və bu gün “Orta Şərq” adlandırılan bölgədə yaşayan bütün xalqların Osmanlı İmperiyasının mənsubu olduğunu bildirib: 

"Buna görə də Osmanlı ordusunda imperiyanı təşkil edən hər bir ünsürdən əsgərlər yer alırdı. Birinci Dünya Müharibəsi isə Osmanlı Dövləti üçün çox daha fərqli bir məna daşıyırdı. Osmanlı bütün cəbhələrdə vətən müdafiəsi aparırdı. Üzərinə hücum edən İngiltərə, Fransa, Rusiya və onların nəzarətində olan qüvvələr Osmanlı dövlətini parçalamaq üçün hücum edirdilər. Yaşanan hadisə xaç yürüşü idi. Osmanlının timsalında bütün Şərq dünyasını, İslam sivilizasiyasını boğmaq istəyirdilər. Bunun fərqində olan hər bir Osmanlı vətəndaşı, hər bir müsəlman bu şanlı mübarizədə Osmanlı dövlətinin yanında yer aldı. Azərbaycan, Qafqaz xalqları, Krım, Türküstan, İran, İraq, Ərəbistan, Liviya, Sudan və bütün Körfəz ölkələrində olanlar, Osmanlı sərhədlərindən kənara çıxmış digər ölkələr və Bosniyadan gələn insanlar Anadolu qardaşları ilə birlikdə möhtəşəm dastan yazdılar". 

Tarixçi qeyd edib ki, türklər, ərəblər, kürdlər, bosniyalılar, çərkəzlər və digər İslam xalqları o günlərdə istifadə olunan ifadə ilə “kafirlərə” qarşı vuruşdular: 

"Osmanlı əslində bütün bu xalqların da dövləti idi. Osmanlının süqutu nə Orta Şərqə, nə də Balkanlarda yaşayan xalqlara sülh gətirmədi. Osmanlının hakim olduğu üç qitədəki varlığı, birliyi və böyük gücü bu bölgələri əsrlər boyu düşmən hücumundan qorudu. Tarixdə buna “Pax Ottomana”, yəni Osmanlı sülhü deyilir. Osmanlının bu səddi yıxılmadıqca imperialistlər bölgələrimizə daxil ola bilmədi. Məhz bu şüurla Birinci Dünya Müharibəsinin hər cəbhəsində bu mübarizə aparıldı. Çanaqqala Zəfəri də, Kutül-Amarə zəfəri də belə qazanıldı. Bakı da bu şüurla xilas edildi. Prezident Ərdoğanın bu tarixi həmrəyliyi xatırlatması çox mənalıdır. Çünki bu gün yenə də imperialistlər bizim bölgəmizdə əməliyyatlar aparırlar". 

Professorun sözlərinə görə əgər bölgənin həqiqi sakinləri olan türklər, ərəblər, kürdlər birlikdə hərəkət etsələr, qarşıdakı əsri qazana, öz resurslarını qoruya bilərlər: 

"Düşmənlə əməkdaşlıq edərək maraqlarını axtaranlar isə bölgəmizi yenidən qan gölünə çevirə və hamımıza bir əsr daha itirərlər. Ərdoğan da deyir ki, buna imkan verməyək, gələcəyimizi birlikdə quraq".