Vaşinqtonda nazirlərin görüşündən gözləntilər çox azdır

Çünki Ermənistan öz maraqlarını təmin etmək üçün daha əlverişli zaman, fürsət gözləyir


Vaşinqtonda Azərbaycan və Ermənistanın XİN rəhbərləri arasında danışıqlar gələn həftə keçiriləcək. Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, Ermənistan nümayəndə heyəti sözügedən görüşə münasibətlərin nizamlanması və tezliklə sülh sazişinin imzalanması əhval-ruhiyyəsində yollanacaq. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da gələn həftə ABŞ-nin paytaxtı Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcəyini təsdiqləyib. O, bu barədə “Röyters”ə müsahibəsində danışıb. Nazir qeyd edib ki, rəsmi Bakı və İrəvan arasında sülh danışıqlarında müəyyən irəliləyiş var. Xatırladaq ki, daha əvvəl Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların növbəti raundunun iyunun 12-də başlayacağını bildirmişdi. Görüş daha sonradan təxirə salınmışdı. 
 
Politoloq Əli Oruclu deyib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşlər bir neçə dəfə keçirilib və rəsmi bəyanatlara inansaq, müəyyən irəliləyişlər də əldə olunub. Analitik qeyd edib ki, Ermənistan tərəfi sərhədlərin delimitasiya və demarkasiya məsələsində ciddi tərəddüd içindədir: "Məsələn, İrəvan hökuməti hələ də Ermənistanın nəzarətində olan əraziləri Azərbaycana qaytarmaq istəmir. Bu da münasibətlərin normallaşmasına, danışıqların irəliləməsinə mənfi təsir göstərir. İnanmıram ki, Ermənistan hökuməti Baş nazir Nikol Paşinyanın iddia etdiyi kimi sərhədlərin dəqiqləşdirilməsi məsələsində səmimidir. Məqsəd "müzakirələrin getdiyi" görüntüsünü yaratmaq, manipulyasiya etməkdir”. 

 Politoloq qeyd edib ki, əslində İrəvanın sərhəd söhbətinə yanaşması tamam fərqlidir: “Erməni tərəfi hesab edir ki, bu gün əllərində nə varsa, onların "torpaq sahəsi"dir. Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı hansı xəritələrdən istifadə olunacağı məsələsi də açıq qalmaqdadır. Bir neçə səmərəsiz görüşlə bu məsələni həll etmək çətindir. Üst-üstə yığılmış problemlər çoxdur”.
  
Ə.Oruclu vurğulayıb ki, bundan başqa, Ermənistan hələ də Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşır, təxribatlarından əl çəkmir: “O baxımdan gələn həftə keçiriləcək XİN başçılarının görüşündən gözləntilər çox azdır. Çünki Ermənistan sülhün imzalanmasında hələlik maraqlı deyil və öz maraqlarını təmin etmək üçün daha əlverişli zaman, fürsət gözləyir. Ermənistana bu fürsəti verməməliyik".
 
 Müsahibimiz əlavə edib ki, delimitasiya prosesini sürətləndirmək istəyən bir ölkə sərhədlərinə ordu cəmləməz, silahlı qüvvələrin sayını artırmaz: "Sərhəddə silahlanma göstərir ki, erməni tərəfi yeni təxribatlara, hətta lokal hərbi toqquşmalara hazırlıq görür. Ermənistanın davranışı, hərəkətləri sülh yolunda irəliləyən bir dövlətə xas deyil. Beynəlxalq kənar gücləri bölgəyə cəlb etmək cəhdləri də bundan qaynaqlanır".