Azərbaycan Ordusu torpaqlarımızı tam şəkildə işğaldan azad edəcək Hər təxribatın cavabı üç-beş qat artıqlaması ilə verilir və separatçılar əllərindəki mövqeləri itirirlər Ermənilər təxribatlarını davam etdirirlər. İyunun 27-də Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqtonda görüşü zamanı Qarabağda əsgərimizi yaralayan erməni hərbi birləşmələri aldıqları acı dərsdən, Azərbaycan Ordusunun cavab tədbirlərindən yetərli nəticəni çıxartmayıb. İyulun 3-ü də Rusiya sülhməramlılarının nəzarətində olan erməni silahlı dəstələri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutublar. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələri Ağdam rayonu istiqamətində yerləşən mövqelərimiz qarşısında fortifikasiya (kəşfiyyat) qurğularını quraşdırmağa cəhd göstəriblər. Təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Bu arada Rusiya sülhməramlılarının müşayiəti ilə qanunsuz erməni silahlı birləşmə üzvlərinin Xankəndi-Kərkicahan yolu ilə silah daşıdıqlarını əks etdirən növbəti görüntülər yayılıb.
Azad Vətən Partiyasının sədri Akif Nağı "Sherg.az"a bildirib ki, ermənilərin bütün təxribat cəhdlərinə, son çırpınışlarına baxmayaraq, Azərbaycan Ordusu torpaqlarımızı tam şəkildə işğaldan azad edəcək. Partiya rəhbərinin sözlərinə görə, bir neçə minlik erməni silahlı birləşmələri Azərbaycanın maraqlarına zərbə vura bilməz: "Proses artıq başlayıb və ötən müddət ərzində mühüm addımlar atılıb. Ermənilərin hər təxribatından sonra onlara ciddi zərbə vurulub. Fərrux və Sarıbaba yüksəkliyinin nəzarət altına alınması, Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsənin qurulması ümumi prosesin tərkib hissə, pillələridir. Gedişat Xankəndiyə doğrudur və yaxın zamanda orada nəzarət bərpa olunacaq. Məsələ ondadır ki, erməni separatçıları da bunu çox gözəl görür, dərk edirlər. Ona görə də təxribatlarla guya prosesə mane olmağa çalışırlar. Kənar himayədarlarının təzyiqləri hesabına rəsmi Bakını yolundan döndürməyə cəhd göstərirlər. Son ümid vasitələrinə əl atırlar. Əslində ermənilər də fərqindədir ki, atəşkəsin pozulması onlara yaxşı heç nə vəd etmir. Hər təxribatın cavabı üç-beş qat artıqlaması ilə verilir və separatçılar əllərindəki mövqeləri itirirlər. Əlbəttə, burada Rusiyanın da maraqları var. Moskva çalışır ki, nəyin bahasına olur-olsun Cənubi Qafqazda, xüsusən Qarabağda öz mövcudluğunu qoruyub saxlasın. Rusiya sülhməramlılarının nəzarəti altında baş verən təxribatlar da buna xidmət edir. Kreml erməni hərbi birləşmələrini Qarabağda saxlamaqla, onların varlığına şərait yaratmaqla, həm Bakıya təzyiq göstərir, həm də öz mövcudluğuna zərurət olduğunu göstərmək istəyir".

A.Nağı vurğulayıb ki, Paşinyan hökuməti seçim qarşısındadır. Ya daim güc faktoruna üstünlük verən Rusiyanın yanında yer almalıdır, ya da danışıqlarda maraqlı olan Qərbin tərəfində durmalıdır: "İndiki halda Qərb dövlətləri Ermənistanı Rusiyanın təsir dairəsindən çıxartmaq üçün İrəvana sərf edən variant ortaya atır. Bu da Qarabağda beynəlxalq mexanizmin tətbiq olunmasıdır. Ermənistan tərəfi isə çalışır ki, Qarabağda ermənilərin əli ilə siyasi-hərbi mövcudluğunu qoruyub saxlaya bilsin. Bu da gələcəkdə Azərbaycana qarşı məkrli niyyətlərdən istifadə etmək məqsədi daşıyır. Ona görə də ermənilərin, sadəcə, Azərbaycan vətəndaşı kimi qalmasını yetərli görmür, onların "hüquq və azadlıqları", "təhlükəsizliyinin təmin olunması" kimi məsələləri gündəmə gətirir, müzakirə predmetinə çevirirlər".