Şuşa və Hadrut əməliyyatları dünya hərbi məktəblərində öyrənilir
Aprelin 30-u Azərbaycan Silahlı Qüvvələrinin ən elit və yüksək hazırlıqlı bölmələrindən biri olan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılması günü kimi qeyd edilir. Bu il həmin əlamətdar tarixdən 27 il ötür.
Xüsusi Təyinatlı Qüvvələr 1999-cu ildə ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanı ilə yaradılıb. Bölmənin formalaşdırılmasında Birinci Qarabağ müharibəsində iştirak etmiş peşəkar zabit və gizirlər mühüm rol oynayıb. XTQ vahid komandanlıq altında birləşdirilərək, xüsusilə Türkiyə Silahlı Qüvvələri ilə sıx əməkdaşlıq çərçivəsində inkişaf etdirilib.
Bu qüvvələrə qəbul ciddi seçim mərhələləri ilə həyata keçirilir. Namizədlər ağır fiziki və psixoloji sınaqlardan keçməli, müxtəlif ixtisaslar üzrə – əlbəyaxa döyüş, kəşfiyyat, düşmən arxasında fəaliyyət, sağ qalma, mühəndislik, atəş hazırlığı, desant, dalğıc və digər sahələrdə yüksək hazırlıq səviyyəsi nümayiş etdirməlidirlər.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xüsusi təyinatlı qüvvələrin inkişafına daim diqqət göstərir. Azərbaycan XTQ əməkdaşları beynəlxalq təlimlərdə fəal iştirak edir, ABŞ, Türkiyə və Pakistan kimi ölkələrdə keçirilən yarışlarda böyük uğurlar qazanırlar.
XTQ şəxsi heyəti müxtəlif döyüş əməliyyatlarında yüksək peşəkarlıq nümayiş etdirib. Xüsusilə 2016-cı ilin Aprel döyüşləri zamanı onların fəaliyyəti gələcək qələbənin əsasını qoyan mühüm amillərdən biri kimi qiymətləndirilir.
Hərbi ekspert Ədalət Verdiyev Sherg.az-a bildirib ki, 2012-ci ildən etibarən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Silahlı Qüvvələr qarşısında duran ən mürəkkəb və məsuliyyətli tapşırıqların icrasında ön sırada yer alıb, bir sıra məxfi və strateji əməliyyatları uğurla həyata keçirib. Xüsusilə 2016-cı ilin aprel döyüşləri zamanı xüsusi təyinatlılarımız öz yüksək hazırlıq səviyyəsini və döyüş qabiliyyətini nümayiş etdirərək düşmənə ciddi zərbə vurub:
“Artıq 27 illik inkişaf yolu keçən Xüsusi Təyinatlı Qüvvələr 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi Qələbəsinin qazanılmasında həlledici rol oynayıb. Müharibə dövründə həyata keçirilən ən mühüm və genişmiqyaslı əməliyyatlarda Cəbrayıl, Füzuli, Hadrut və Şuşanın azad olunmasında, həmçinin Qubadlı və Laçın istiqamətlərində xüsusi təyinatlılarımız misilsiz qəhrəmanlıq və peşəkarlıq nümayiş etdiriblər. Xüsusi Təyinatlı Qüvvələr bizim görən gözümüz, vuran qolumuzdur. Bu gün onların həyata keçirdiyi əməliyyatlar dünyanın bir çox ölkələrinin hərbi dairələri tərəfindən diqqətlə öyrənilir. Xüsusilə Şuşa və Hadrut əməliyyatları çətin relyefdə, ağır texnika və artilleriya ilə qorunan mövqelərin yüngül silahlı bölmələr tərəfindən azad edilməsi inkişaf etmiş ölkələrin hərbi məktəblərində təhlil olunur və təcrübə kimi araşdırılır”.
Ə. Verdiyev vurğulayıb ki, XTQ-nin kiçik tərkibli bölmələri belə geniş ərazilərdə yüksək riskli tapşırıqları yerinə yetirmək qabiliyyətinə malikdir. Bu isə onların çevikliyini, taktiki üstünlüyünü və peşəkarlığını bir daha təsdiqləyir:
“Vətən müharibəsindən sonra Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlar çərçivəsində XTQ-nin daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Silahlı qüvvələrin şəxsi heyətinin və texniki imkanlarının artırılması ilə yanaşı, Xüsusi Təyinatlı Qüvvələr üçün kadr bazası rolunu oynayan “Komando” birlikləri yaradılıb və hazırda onların sayı və imkanları genişləndirilir. XTQ-nin say tərkibi, təchizatı və təminatı məsələləri hər zaman prioritet olaraq qalacaq, onların döyüş qabiliyyətinin daha da artırılması üçün bütün zəruri addımlar atılacaq. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri artıq regionda yalnız “oyun qaydalarını dəyişən” deyil, eyni zamanda bu qaydaları diktə edən gücə çevrilib. Hətta ən kiçik XTQ qrupu belə döyüşün taleyini dəyişmək potensialına malikdir. Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 27-ci ildönümü münasibətilə bütün şəhidlərimizi dərin ehtiram və sonsuz minnətdarlıqla yad edirik. Onların qəhrəmanlığı və fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaq. Qazilərimizə və veteranlarımıza möhkəm can sağlığı arzulayırıq. Hazırda xidmət edən xüsusi təyinatlı hərbçilərimizi ürəkdən təbrik edir, onlara şərəfli xidmətlərində uğurlar arzulayırıq. Onların gücü və peşəkarlığı Azərbaycanın təhlükəsizliyinin əsas dayaqlarındandır”.