"Bu, bədbinlikdən deyil. Real siyasət və dünya siyasətindəki inkişaflar çərçivəsində vəziyyət belə qiymətləndirilməlidir"
Yaxın Şərqdə artan gərginlik və xüsusilə Körfəz bölgəsi ətrafında baş verən hadisələr fonunda bir addım arxaya keçən Rusiya-Ukrayna müharibəsi yenidən alovlanıb.
Böyük güclərin prioritetlərinin yenidən formalaşması və siyasi diqqətin müxtəlif regionlar arasında bölüşdürülməsi müharibənin dinamikasına da təsir edir. Mövcud şəraitdə tərəflər arasındakı qarşıdurma davam edir. Proseslərin necə davam edəcəyi isə beynəlxalq münasibətlər sistemində baş verən hadisələrə bağlı olacaq.
Xarici siyasət üzrə türk ekspert Aydın Sezer Sherg.az-a bildirib ki, 4 ildən çoxdur davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı, İran müharibəsi başladıqdan sonra əhəmiyyətli irəliləyiş qeydə alınmayıb: 
"Rusiya-Ukrayna müharibəsi ikinci plana keçdi. Amerika Birləşmiş Ştatları və Qərb dünyası bütün diqqətlərini İrana və Körfəz bölgəsinə yönəldib.
Buna görə də Rusiya-Ukrayna müharibəsinin hazırda Moskvanın istədiyi kimi, Rusiyanın nəzarətində davam edir. Çünki İran müharibəsinin bütün diqqətləri Körfəzə yönəltməsi, silah və sursatın həmin bölgəyə və İran müharibəsinə istiqamətləndirilməsi Rusiyanın xeyrinə işləyir. Rəsmi Moskva həmçinin müharibə səbəbindən artan neft gəlirlərindən faydalanır, onun iqtisadiyyatı və büdcəsi yaxşılaşır".
Politoloq qeyd edib ki, müharibənin hazırda Rusiyanın təşəbbüsü ilə davam etməsi Zelenskinin bütün ümidlərini, gözləntilərini, Qərbdən gözlədiyi dəstəyi puça çıxarır:
"Rusiya, Zəfər Günü münasibətilə, 81-ci il dönümü tədbirləri ilə əlaqədar olaraq 8 və 9 may tarixlərində iki günlük birtərəfli atəşkəs elan etdi. Bu doğrudur və təşəbbüsün Rusiyadan olduğunu göstərir. Ancaq Ukrayna Krıma hücum edir, neft obyektlərinə zərbələr endirir, Rusiyanın daxili bölgələrinə kamikadze dronlarla hücumlar təşkil edir. Lakin burada Ukraynanın arxasında İngiltərənin və digər Qərb ölkələrinin birbaşa iştirak etdiyini, silah və sursat dəstəyi verdiyini, Rusiyanı həm nüfuzdan salmaq, həm də ona zərər vermək məqsədilə, təbii ki psixoloji baxımdan fəaliyyət apardıqlarını görürük.
Bu, şüurlu bir seçimdir. Müharibənin adi gedişi çərçivəsində bunu normal qarşılamaq lazımdır. Amma unutmayaq ki, Rusiyanın işğalı və işğal altında saxladığı, həmçinin ilhaq etdiyi Ukrayna torpaqlarındakı qazancları da başqa bir reallıq və ölçüdür".
Analitik müharibə ilə bağlı proqnoz verib:
"Yaxın gələcəkdə Rusiya-Ukrayna müharibəsinin başa çatmasına yönəlik hər hansı bir irəliləyiş olmayacaq. Bu, bədbinlikdən deyil. Real siyasət və dünya siyasətindəki inkişaflar çərçivəsində vəziyyət belə qiymətləndirilməlidir".