Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Vladimir Zelenskinin uşaqlıqdan ən sevdiyi oyuncaq ətçəkən olub və iddia edib ki, o, indi vətəndaşlarını “həmin ətçəkənə göndərir”.
Zelenskinin anası 2013-cü ildə Ukraynanın “Komsomolskaya pravda” qəzetinə müsahibəsində demişdi ki, oğlu uşaqlıqda ən çox sovet istehsalı ətçəkənlə oynamağı sevirdi.
Sherg.az xəbər verir ki, Zaxarova brifinqdə çıxışı zamanı deyib:
“Anasının müsahibəsində danışdığı Zelenskinin sevimli oyuncağını xatırlayırsınız? Xatırlamırsınız? Zelenski uşaq vaxtı ətçəkənlə oynamağı sevirdi. O, əsl ətçəkəni götürüb onunla oynayırdı”.
O əlavə edib ki, bu, onun çətin uşaqlıq keçirməsi ilə bağlı deyildi:
“Xeyr, bu ona görə deyildi ki, onun uşaqlığı ağır keçib və başqa oyuncaqları olmayıb. Olub. Bağçaya gedirdi -orada oyuncaqlar var idi. Evə gəlirdi - evdə də oyuncaqlar var idi! Valideynləri, nənə-babası var idi. Sadəcə, onun sevimli oyuncağı yenə də ətçəkən idi”.
Zaxarova bildirib ki, bu məsələ ilə həkimlər məşğul olmalıdır:
“Əlbəttə, bununla həkimlər məşğul olmalıdır, amma dünya da anlamalıdır ki, Zelenski indi öz vətəndaşlarını həmin ‘sevimli oyuncağına’ necə göndərir”.