Zelenski öldürüləcək? - ABŞ-da da bu ssenariyə hazırlıq görülür

ABŞ-ın nüfuzlu “Politico” nəşrinin yazdığına görə, Ukrayna Prezidenti Volodimir Zelenski öldürüləcəyi təqdirdə Ukraynanı gözləyən ssenari ilə bağlı plan hazırlanıb. Bildirilib ki, Zelenskiyə sui-qəsd  və onun öldürülməsi ehtimalı kifayət qədər  realdır. 
Qeyd olunub ki, ABŞ-da da bu ssenariyə hazırlıq görülür. 
 Nəşrin yazdığına görə, Zelenskinin yoxluğunda Stefançuk, Prezident Ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Dmitro Kuleba və müdafiə naziri Oleksiy Reznikov birlikdə dövlətə rəhbərlik edəcək: “Valeri Zalujnı isə ordunun baş komandanı postunda qalacaq. Ölkədə ciddi həmrəylik və milli birlik var. Ona görə də Zelenskinin yoxluğunun nəticəsi fəlakətli olmayacaq. Avtokratların öldürülməsi ölkənin təsisatlarında əhəmiyyətli dəyişikliklərə səbəb olur, lakin demokratların öldürülməsi elə deyil”. 
 Müharibə başlayandan bəri Zelenskiyə dəfələlərlə sui-qəsd cəhdi olub. Əslində bu, normal haldır. Çünki müharibə aparılan ölkənin liderinin aradan qaldırılması həmin ölkədə ciddi xaosun yaranması deməkdir. Bu isə bütün hallarda qarşı tərəfin “əlini gücləndirir”. 
 Mövcud risklər Kiyevdə kifayət qədər real qiymətləndirilir. Təsadüfi deyil ki, Zelenskinin bütün səfərləri son ana qədər məxfi saxlanılır. 
Əlbəttə, ölkə liderinə sui-qəsd o qədər də asan məsələ deyil. Dəfələrlə cəhdin qarşısının alınması onu deməyə əsas verir ki, Zelenski, həqiqətən, yaxşı qorunur. Bu, həm də Ukrayna kəşfiyyatının uğurlu fəaliyyətinin göstəricisidir. 
Zelenskinin hakimiyyətdə qalmasında Qərb dövlətləri, xüsusilə ABŞ maraqlıdır. Çünki müharibə Zelenskinin hakimiyyəti dövründə başlayıb. 
Artıq çoxlarına sirr deyil ki, ABŞ Ukraynadakı müharibənin gedişatını diqqətlə izləməklə yanaşı, həm də Kiyevaə dəstək verir. Müharibə ssenarisi məhz Zelenski ilə hazırlanıb. Bu isə o deməkdir ki, hakimiyyətə başqa adamın gəlməsi Vaşinqtonun öz planlarını sona çatdırmaması ilə nəticələnə bilər. Bu mənada ABŞ hələ Zelenskinin hakimiyyətdə qalmasında maraqlıdır. 
 Zelenskinin yaxın vaxtlarda hakimiyyətdən gedəcəyini və ya öldürüləcəyini düşünmürəm. Belə bir ssenari olarsa, Qərb hakimiyyətə Zelenskiyə ən yaxın adamı gətirməyə çalışacaq. Məqsəd eyni siyasi kursun davam etdirilməsidir. Amma həmin şəxsin konkret olaraq kim olacağını indidən proqnozlaşdırmaq çətindir. 
Kənan Novruzov