Zelenskidən Ərdoğana təşəkkür: “Türkiyənin vasitəçiliyini yüksək qiymətləndiririk”

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin 24 avqust - Müstəqillik Günü münasibətilə təbrik mesajı göndərən dünya liderlərinə təşəkkür edib.

Sherg.az xəbər verir ki, Zelenski sosial media hesabında paylaşım edərək Prezident Rəcəb Tayyib Ərdoğana da xüsusi təşəkkürünü bildirib. O, Türkiyənin Ukraynaya dəstəyini və sülh səylərindəki rolunu vurğulayıb.

Zelenski Türkiyənin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə münasibətinə toxunaraq bildirib:

“Türkiyənin Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə güclü bağlılığı görünməmiş dərəcədə möhkəm münasibətlərimizin təməlini təşkil edir.

Ukrayna həmçinin Rusiyanın əsirliyində olan ukraynalıların evlərinə qayıtmasının təmin edilməsində şəxsi töhfənizi və Türkiyənin sülhün yaxınlaşdırılması istiqamətindəki səylərində vasitəçilik rolunu yüksək qiymətləndirir.”