Zəlzələnin psixoloji fəsadları: "İnsanlar təşviş içində" - SOS

"Aləm bir-birinə qarışıb. İnsanlar dəhşətli panik atak, təşviş, qorxu həyəcan, təlaş içindədirlər".
Bunu "Sherg.az"a psixoloq Elmir Əkbər insanların iyulun 4-də yerli vaxtla 00:01-də baş verən zəlzələ ilə əlaqəli qorxu, təşviş, həyəcan keçirməsindən danışarkən deyib. Mütəxəssis diqqətə çatdırıb ki, vəziyyət çox bərbaddır:
"Təşvişə düşən insanlarda belə bir fikir yaranıb ki, növbəti dalğa olacaq. Ümumiyyətlə, TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 34 nəfərin müraciət etməsi məni təəccübləndirir. Ən azı elə təkcə bizə bəlkə də, təxminən 334 zəng gəlib. Erkən saatlarda işə başlamışıq, bu gün işimizi bitirə biləcəyikmi, əmin deyilik. Təşviş, həyəcan içində, fobiyası olan insanlar evə girmək istəmirlər. Bizə 11-12 yaşdan 55-60 yaşa qədər qadın, kişi, yeniyetmə müraciət edir. Hər biri çox bərbad vəziyyətdədir. Bu durum ən çox emosional həssas xasiyyətli insanlara təsir edir. Həmin adamların ən böyük problemi əvvəldən təşvişə, həyəcana meyilli olmalarıdır. Loru dildə desək, narahat adamlardır. Vaxtında psixoterapiya seanslarına getməlidirlər. "Dəmir dəbilqə" texnikası ilə mübaliğə olunmuş emosional pozuntulara qarşı davamlı olurlar. Təbii fövqəladə hallar baş verərsə, zəlzələ, qəza anında həmin adamlar şüuraltı "dəmir qalxanı" işə salır və mübaliğə olunmuş emosiyaların basqısından özlərini xilas edirlər".
E.Əkbər həmçinin diqqətə çatdırıb ki, bu insanlara emosiyalarını kontrol etməyi öyrədirik:
"Onsuz da təşviş, qorxu, fobiya, həyəcan, panik atak emosional problemlərdir. Emosiyalarını kontrol etməyi bacaran insanlar özlərini də idarə edə bilirlər. Necə ki məsələn, idmançılar yarışa bir müddət hazırlaşdıqdan sonra qatılırlar. Həmişə deyirik ki, ən güclü müalicə vaxtında aparılmış profilaktikadır. Vaxtında psixoterapiya seanslarına gəlməli idilər. Bu gün təşvişə düşməmək üçün özlərinin emosional labilliklərini stabilləşdirməli idilər. Ən qorxulusu adamların ucdantutma nevroloji dərmanlar içməsidir. Bu da narkotik kimi asılılıq yaradır, narkomana çevirir. Addım-addım seanslar vasitəsilə özlərini sakitləşdirməlidirlər. Təcili surətdə məzuniyyət və ezamiyyətdə olan psixoloqlar, psixoterapevtlər işə çıxmalı, iş başında olmalıdırlar. Aidiyyəti qurumların nümayəndələrinin rəsmi açıqlama verməsini çox istəyirik".
Qeyd edək ki, iyulun 4-də Xəzər dənizinin Azərbaycan sahillərində 5,7 bal gücündə zəlzələ baş verib. Bəzi insanlar təlaş, təşviş içindədirlər. Qorxu, həyəcanlarını azaltmaq üçün psixoloq, psixoterapevtlərə müraciət edənlərin sayı artıb.