“TRIPP layihəsi (və ya Zəngəzur dəhlizi) üçün Ermənistan-ABŞ birgə müəssisəsi yaradılacaq və strateji əhəmiyyətli məsələlərdə Ermənistanın qərarvermə hüququ olacaq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Baş nazir bildirib ki, TRIPP iqtisadi bir proqramdır: “İnsanlar adətən investisiya qoyurlar ki, həm qoyulan məbləği, həm də müəyyən faiz gəliri əldə etsinlər”.
Paşinyana görə, bu layihənin xüsusiyyəti odur ki, tikinti hüququnun müddəti bitdikdən sonra ərazidəki əmlak Ermənistanın mülkiyyətinə keçir, torpaq isə həmişə Ermənistanın mülkiyyətində qalacaq.
O vurğulayıb ki, hazırda yolun keçəcəyi ərazinin (ABŞ-yə) icarəsi ilə bağlı iki ssenari müzakirə olunur: 99 illik və 49 illik.
Paşinyanın fikrincə, regionumuzda heç bir güc maraqlı olmayacaq ki, bölgədə sabitliyi pozsun, çünki bu layihə hər kəs üçün əlverişlidir və hər kəsə fayda gətirir:
“Əvvəllər böyük pessimizm vardı ki, layihəyə Gürcüstan, İran və Rusiya tərəfinin münasibəti necə olacaq, bilinmirdi. Amma avqustun 8-dən sonra mən bildirdim ki, Rusiya bu layihənin həyata keçirilməsində ən çox maraqlı tərəflərdən biridir və bu qiymətləndirmə də pessimizmlə qarşılandı. Amma gördük ki, Vaşinqton razılaşmaları nəticəsində Azərbaycanın Ermənistan üçün blokdan çıxardığı dəmir yolunun ilk istifadəçisi Rusiya oldu, bu, artıq Rusiyaya fayda gətirib. Layihə İran, Gürcüstan, Türkiyə, ABŞ, Mərkəzi Asiya ölkələri və Çin üçün də əlverişlidir”.