- Azərbaycan Prezidenti beynəlxalq sistemin əsas problemini açıq göstərdi
Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına gedən yolun heç də asan olmadığını, rəsmi Bakının uzun müddət bu məsələni sülh yolu ilə həll etməyə çalışdığını bildirib. Lakin Ermənistanın atəşkəsdən hərbi gücünü bərpa etmək və yeni hücuma hazırlaşmaq üçün istifadə etməsi sülh səylərini nəticəsiz qoyub.
Nəticədə, 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri ilə ölkəmizin suverenliyi tam bərpa olunub, separatizmə son qoyulub. Dövlət başçısının AQEM-in VII Zirvə Toplantısındakı çıxışı Azərbaycanın sülhə üstünlük verməklə yanaşı, suverenliyini və ərazi bütövlüyünü qorumaq əzmindən geri çəkilmədiyini bir daha nümayiş etdirib.
Milli Məclisin deputatı Azər Badamov Sherg.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin AQEM-in Zirvə toplantısındakı çıxışında səsləndirdiyi fikirlər təkcə Azərbaycanın keçdiyi tarixi yolun qiymətləndirilməsi deyil, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış mühüm siyasi mesajdır:
“Dövlət başçısı bir daha diqqətə çatdırdı ki, beynəlxalq hüquq normalarının qəbul edilməsi kifayət deyil, onların icrasını təmin edən real mexanizmlər də mövcud olmalıdır. Xatırladaq ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı 4 qətnamə qəbul etmişdi. Həmin sənədlərdə ərazilərin işğaldan azad edilməsi və hərbi əməliyyatların dayandırılması ilə bağlı tələblər irəli sürülmüşdü. Lakin bu qətnamələrin uzun illər ərzində icra olunmaması münaqişənin həllini uzatdı, yüz minlərlə insanın doğma yurdlarından didərgin düşməsi ilə nəticələnən humanitar problemləri dərinləşdirdi. Bununla yanaşı, münaqişənin sülh yolu ilə həlli üçün yaradılmış vasitəçilik mexanizmləri də gözlənilən nəticəni vermədi. Azərbaycan uzun illər danışıqlar prosesində iştirak etsə də, işğal faktı aradan qaldırılmadı. Bu təcrübə göstərdi ki, beynəlxalq təşkilatların qərarları siyasi bəyanat səviyyəsində qaldıqda onların münaqişələrin qarşısını almaq imkanları məhdudlaşır”.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında atəşkəs dövründən hərbi potensialın bərpası üçün istifadə edilməsi ilə bağlı səsləndirdiyi fikirlər də məhz bu kontekstdə qiymətləndirilməlidir:
“Dövlət başçımız 2020-ci il müharibəsindən sonra Azərbaycanın suverenliyinin tam bərpası istiqamətində üç il ərzində sülh yolu ilə nəticə əldə etmək cəhdləri istənilən nəticəni vermədini və 2023-cü ilin sentyabrında Azərbaycan öz suverenliyini bütün ərazilərində bərpa etdiyini bildirdi. Burada əsas məsələ ondan ibarətdir ki, Azərbaycan beynəlxalq hüququn işləməsini və dövlətlərin ərazi bütövlüyünə hörmət edilməsini müdafiə edir. Beynəlxalq hüquq normaları vaxtında və ardıcıl şəkildə tətbiq olunsaydı, münaqişənin bu qədər uzun müddət davam etməsinin və ağır nəticələr doğurmasının qarşısını almaq mümkün ola bilərdi. Bu gün dünyada davam edən münaqişələr də beynəlxalq təşkilatların fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsinin vacibliyini göstərir. BMT Təhlükəsizlik Şurasının qərarlarının icrasına nəzarətin gücləndirilməsi, vasitəçilik institutlarının daha səmərəli fəaliyyəti və ikili standartlardan uzaq yanaşma beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi üçün mühüm şərtlərdir. Hesab edirəm ki, Prezident İlham Əliyevin AQEM Zirvə toplantısındakı çıxışının əsas mesajı bundan ibarətdir: beynəlxalq hüquq yalnız sənədlərdə təsbit olunmuş prinsiplər toplusu olaraq qalmamalı, onun icrası real nəticələrlə təmin edilməlidir. Əks halda, həll olunmamış münaqişələr yeni gərginliklərə yol aça bilər”.