«Ağ çiçəyim» yandı: Paytaxtda hədsiz sıxlıqdı


Bu gün səhər saatlarında metronun “Xalqlar dostluğu” stansiyasının qarşısındakı «Ağ çiçəyim» gül mağazasında yanğın baş verib. Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, əraziyə yanğınsöndürmə və digər operativ nəqliyyat vasitələri əraziyə cəlb edilib.
Bu səbəbdən də prospektin bu hissəsində avtomobillərin hərəkətində sıxlıq yaranıb. Ərazidən keçən müntəzəm marşrut xətlərinin hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin əməkdaşları ərazidə müvafiq tədbirlər həyata keçirib. Fövqəladə Hallar Nazirliyi də yanğınla bağlı məlumat yayıb. Məlumatda deyilir ki, Nizami rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli mağazanın mansardasının yanar konstruksiyaları, şüşə pambıq üzlüyü və mansardaya yığılan əşyalar 70 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Bu gün səhər işə gələrkən yanğının şahidi oldum. Ərazidə sıxlıq vardı və «Ağ çiçəyim» servis avtomobilləri ard-arda hadisə yerinə gəlirdi. Mağazanın önü mühafizə kəməri ilə əhatələnmişdi. Uzaqdan baxanda mağazanın xeyli hissəsinin yandığı və maddi ziyanın böyük olduğu bilinirdi.        Son zamanlar bu paytaxtda, həm də qəribədir ki, demək olar, biri-birinə yaxın ərazilərdə 3-cü yanğın hadisəsidir. «Diqlas»dan sonra «X.Lady» mağazası, indi isə «Ağ çiçəyim» yandı. Bu yanğınlara səbəb nədir? Təhlükəsizlik qaydalarına əməl edilməməsi, yoxsa səhlənkarlıq?
Bələdiyyələrin Fəaliyyətinin Təbliği Birliyinin sədri Vüqar Tofiqli «Şərq»ə açıqlamasında paytaxtdakı istər yaşayış binaları, istərsə də iaşə obyektləri və satış mərkəzlərində yanğından mühafizə sisteminin düzgün qurulmadığını bildirdi:- Tikinti aparılarkən təhlükəsizlik qaydalarına mütləq riayət olunmalıdır, yanğından mühafizə sistem idə bunlardan biridir. Bu, iş icraçılarının, mühəndislərin və tikilini təhvil alan strukturların öhdəsinə düşür. Paytaxtda hədsiz sıxlıqdır. Bütün iaşə obyektləri, alış-veriş mərkəzləri, satış məntəqələri hamısı yol kənarında yerləşir. Özü də biri-birinə çox sıx məsafədə. Birinin damı o birisinin damına bitişikdi. Bir hadisə, kiçik bir qığılcım olan kimi yanaşı olanlara keçir və yanğının əhatəsi böyüyür. Hazıda yaydır, havaların istisi də bir tərəfdən fövqəladə hallara rəvac verir. İsti havalarda yanğından mühafizə sistemi xüsusi diqqət tələb edir. Başqa problem tikintilərdə yüngül konstruksiyalardan, keyfiyyətsiz və tezalışan materiallardan geniş istifadə edilməsidir. Bunun nəticəsidir ki, yanğının başlaması ilə alovun gurlaşması və yayılması bir olur. Ərazilərdə sıxlıq olduğu üçün yanğınsöndürən maşınların əraziyə gəlişi, yanğın başlamış məkana yaxınlaşması xeyli vaxt aparır və bu da yanğının miqyasının genişlənməsinə səbəb olur. Həmişə deyirik ki, şəhərdə bu dərəcəəd sıxlıq olmamalıdır, bunun qarşısı alınmalıdır. 
V.Tofiqli vətəndaşlara isti havalarda diqqətli olmağı tövsiyə etdi:- Binaların sakinləri də ehtiyatlı olmalı və elektrik cihazları, qaz sobaları ilə ehtiyatlı davranmalıdırlar. Bəzən yanğın hadisəsi sakinlərin səhlənkarlığı, məsuliyyətsizliyi üzündən baş verir. Və bəzən də, iş icraçılarının səhvi, quraşdırma işlərini düzgün aparmaması üzündən. Bir də görürsüz, deyirlər, yanğın qısa qapanmadan baş verib. Deməli, elektrik naqilləri düzgün quraşdırılmayıb. Bu işlər mütləq peşəkarlara həvalə edilməlidir ki, sonradan fəsadlar ortaya çıxmasın.  Binalar üzlənərkən, təmir-bərpa işləri aparılarkən hansımateriallardan istifadə olunduğuna diqqət edilməlidir. Elə materiallar var ki, tezalışan xüsusiyyətə malikdirlər. Belə materiallarla hədsiz ehtiyatla davranılmalıdır, yaxınlıqda ocaq qalanmamalı, quraşdırma işləri aparılarkən elektrik naqillərinin düzgün çəkilməsinə diqqət edilməlidir. Deyə bilmərəm, tikintilərdə niyə tezalışan materiallardan çox istifadə olunur. Bəlkə də, daha ucuzdur, ona görə. Amma gərək ilk növbədə keyfiyyətə və davamlılığa önəm verilsin.Yanğınları intensivləşdirən bir səbəb də binaların fasadına vurulan alkopan materiallar hesab edilir. Ekspertlər bu qənaətdədir ki, həmin materiallar tezalışan xüsusiyyətə malik olduğundan yanğın baş verməsini şərtləndirir. Amma paytaxtda hara baxırsan, bu alkopan materialları görürsən. Əksər binaların fasad hissəsi məhz bu materiallarla üzlənir.Qeyd edək ki, tikinti mütəxəssisləri alkapon və plastik materialların qısaömürlü olduğu qənaətindədirlər. Deyilənə görə, hazırda bir çox binaların fasadını «bəzəyən» alkapon materialların ömrü çox qısadır. Xüsusən də Bakının sərt küləkli iqlim şəraiti nəzərə alınarsa 5-6 ildən sonra bu materiallar ya qopub töküləcək, ya da qap-qapa qaralacaqlar. Onların bugünki görkəmindən əsər-əlamət qalmayacaq. İndiliksə, şəhərə və onun əhalisinə ziyan vuran plastik və alkapon materiallar, nəfəs çatışmazlığına səbəb olan zəhər, həmçinin yanğınlar üçün real təhlükədir.
Məlahət Rzayeva