Bakıda qatar 32 yaşlı qadını vurdu 

"Hadisə bu gün saat 08:23-də baş verib". Bu barədə Lent.az -a “Azərbaycan Dəmir Yolları” QSC Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova bildirib. O qeyd edib ki, Bakı-Sumqayıt elektrik qatarı Keşlə stansiyasında (2653-cü km-də) hərəkətdə olarkən, Tacirə Vidadi qızı Rəhimova müəyyən olmayan yerdən dəmir yolu xəttini keçmək istəyib:

"Maşinist briqadası dərhal səs siqnalları verərək təcili tormozlama aparıb. Amma məsafə yaxın olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb. Nəticədə qadın qatarın yan hissəsinə toxunaraq müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Hadisə yerinə dərhal Təcili Tibbi Yardım briqadası çağırılıb və yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb".

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı şəhəri Keşlə qəsəbəsinin "Çerment körpüsü" kimi tanınan ərazisində qatar 32 yaşlı qadını vurub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qadın açıq kəllə-beyin travması ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Həmçinin xəstəxanadan yaralının vəziyyətinin kritik olduğu bildirilib.