“Ölən 6 yaşlı uşaq 6 saylı uşaq poliklinikasının qeydiyyatında deyil”.
Bu sözləri Lent.az -a Nərimanov rayon 6 saylı uşaq poliklinikasının baş həkimi Gülşən Kərimova deyib. O, Ayan Şahbazlı ad və soyadında vətəndaşın poliklinikanın qeydiyyatında olmadığını bildirib:
"Bu barədə KİV-də yayımlanan məlumatlar yanlışdır. Xəbəri yazanlar hadisəni dəqiqləşdirmədən yazıblar. Bizə də dəqiq məlum deyil ki, uşaq təcili tibbi yardım maşınında dünyasını dəyişib, ya yox. Deyilənə görə, uşaq ağır durumda rayondan gətirilib. Ayan Şahbazlı nə 6 saylı poliklinikanın, nə də ümumiyyətlə, Nərimanov rayonunun qeydiyyatında deyil”.
Qeyd edək ki, dünən mediada 6 yaşlı Ayan Şahbazlının Nərimanov rayonundakı 6 saylı uşaq poliklinikasında dünyasını dəyişməsi barədə məlumatlar yayılıb. İlkin məlumata görə, Ayan Şahbazlı şəkərli diabet xəstəsi idi. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.